“Tamaşaçı alqışı qızıldan da qiymətlidir”

   Milli rəqslərimizi dünyaya sevdirən Azərbaycan Dövlət Rəqs Ansamblının yaranmasının 40 illiyi qeyd olunur

   Filosoflar bu qənaətdədirlər ki, rəqs gözəl, harmonik, təbii, axıcı və sərbəst, avropalıların təbirincə desək, qratsiyalı bir hərəkətin təqdimatıdır. Rəqs haqqında danışarkən həm də “hərəkətin ən gözəli süzməkdir” - deyirlər. Bu mənada Azərbaycan rəqsi dünyanın ən gözəl, ən mükəmməl rəqslərindəndir desək, səhv etmərik. 
      
   Ansamblın tarixinə qısa bir nəzər
   
   Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. Ansambla müxtəlif illərdə görkəmli balet ustaları SSRİ Xalq artisti, “Şöhrət” ordenli Leyla Vəkilova və respublikanın Xalq artisti Əlibaba Abdullayev rəhbərlik edib. Bu illər ərzində ansambl Azərbaycan xoreoqrafiyasının parlaq təbliğatçısına çevrilib. Öz repertuarını rəngarəng rəqslərlə zənginləşdirən ansambl Azərbaycan folklorunun qədim xalq oyunlarının, milli rəqslərin, rəqs havalarının öyrənilməsi və təbliği sahəsində misilsiz xidmətlər göstərib. Ansamblın repertuarında Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Telman Hacıyev, Səid Rüstəmov, Hacı Xanməmmədov və başqa görkəmli bəstəkarların musiqisi əsasında yaradılan rəqslər yer alıb.
   Yüksək peşəkarlığı ilə seçilən ansambl 40 il ərzində həm də yüksək ifaçılar nəsli yetişdirib - Nəriman Kərimov, Yusif Qasımov, Təranə Muradova, Zahir Qasımov, Fərman Məmmədov və onlarca tanınmış rəqs ustaları ən yüksək fəxri adlara layiq görülüb. Bir çox beynəlxalq festivalların, Azərbaycan mədəniyyəti günlərinin, dövlət səviyyəli irimiqyaslı tədbirlərin iştirakçısı olan ansambl 1979-cu ildə Beynəlxalq Karfaqen Folklor Festivalının qızıl medalına layiq görülüb. Milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə Dövlət Rəqs Ansamblı 1991-ci ildə “Əməkdar kollektiv” fəxri adı ilə təltif olunub.   

  “40-a yaxın rəqsə quruluş vermişəm”
   
   Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti, “Şöhrət” ordenli Afaq Məlikova ilə yubiley ərəfəsində görüşüb ansamblın keçdiyi sənət yoluna nəzər saldıq.
   - Afaq xanım, söhbətimizə lap əvvəldən, sənətə gəlişinizdən başlayaq...
   - Mən sənətkar ailəsində dünyaya gəlmişəm. Atam Süleyman Tağızadə Akademik Milli Dram Teatrında çalışırdı, Əməkdar artist idi. Amma o istəmirdi ki, mən rəqsə gedim. Deyirdi ki, sənət çox çətindir, adamlar müxtəlifdir, paxıllıq eləyəcəklər, sən özünə başqa sənət seç, ali təhsil al. Bizim evimiz Azdramaya yaxın idi. Tez-tez tanınmış sənətkarlar evimizə gələrdilər. Hökumə Qurbanova, Barat Şəkinskaya, Leyla Bədirbəyli. Anam yemək hazırlayardı, hamısı oturub yeyib-içər, deyib-gülərdilər. Mən də onlar üçün bir az rəqs edərdim. Rəhmətlik Leyla Bədirbəyli deyirdi ki, ay Süleyman, Allah bu uşağa istedad verib, sən niyə bunu qoymursan rəqsə. Atam qəti şəkildə “olmaz”- deyərdi.
   Amma mən xoreoqrafiya məktəbinə qəbul olundum, uzun müddət atamın bundan xəbəri olmadı.
   İllər sonra həyat bizi sınağa çəkdi, əvvəlcə anamı, sonra atamı itirdim. Onlar rəhmətə gedəndən sonra qəti qərara gəldim ki, mən rəqs edəcəyəm.
   - Müəllim sarıdan bəxtiniz gətirdi, Leyla Vəkilova, Qəmər Almaszadə kimi böyük sənətkarlardan dərs aldınız...
   - Xoreoqrafiya Məktəbində SSRİ Xalq artisti Leyla Vəkilovanın sinfində oxuyurdum, Qəmər Almaszadə kimi böyük sənətkar bizə dərs deyirdi.
   Əminə xanım Dilbazi bir gün gəlib öz ansamblı üçün uşaqlar seçirdi. 20 qız arasından iki nəfəri seçdi, onlardan da biri mən idim. Əminə xanım dedi ki, sən milli rəqslər oynamalısan. 1963-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına gəldim. 15 yaşım vardı.
   Mənə “balerina” deyirdilər. “Bu qız balet öyrənib, xalq mahnılarını oynamaq ona çətin olacaq” sözlərini də eşidirdim. O sözləri eşidəndə atamın dediklərini xatırlayırdım. Paxıllıq, çəkişmə... Amma mən heç vaxt münaqişələri sevməmişəm, heç kimin paxıllığını çəkməmişəm, başımı aşağı salıb öz işimlə məşğul olmuşam.
   1970-ci ildə Azərbaycan Dövlət Rəqs Ansamblı yaradılanda Afaq Məlikovanı solist kimi ansambla dəvət edirlər. Ansamblda “Durnalar”, “Süzən qızlar” və s. rəqsləri böyük şövq və məharətlə ifa edən Afaq xanım tamaşaçı rəğbəti qazanır. 1980-ci ildə onu ansambla baletmeyster, 1983-cü ildə isə bədii rəhbər təyin edirlər.
   - Leninqrada səfərə hazırlaşırdıq, maestro Niyazi mənə dedi ki, baletmeystersən, get, rəqslərə quruluş ver. Hansı musiqi olacaq, rəqsi nəyin üstündə quracaqsan, bunları özün müəyyənləşdir. Dedim ki, maestro, mən rəqsi necə qurum, özüm hələ oynayıram. Dedi, get, nə istəyirsən elə.
   Çox fikirləşəndən sonra Üzeyir Hacıbəylinin “Cəngi”sinin üstündə rəqs qurmağı qərara aldım. Rəqsi iki obraz üzərində qurdum, məşqlər apardım, solo yerini də özüm oynadım. Rəqs hazır oldu, nömrəni proqrama saldılar. Konsert başlayanda çox həyəcanlı idim. Böyük sənətkarımız Qəmər Almaszadə də konsertdə idi. Ürəyim döyünürdü, rəqs qurtaran kimi Qəmər xanım məni yanına çağırıb təbrik etdi. Dedi, çox xoşuma gəldi.
   İlk imtahandan uğurla çıxan Afaq Məlikova o vaxtdan bu günədək 40-a yaxın rəqsə quruluş verib. “Cəngi”, “Odlar yurdu”, “Gənclik rəqsi”, “İncəlik”, “Lirik rəqs”, “Qavalla rəqs” və onlarca gözəl rəqslər Afaq xanımın səhnəmizə bəxş etdiyi incilərdəndir.
   - Quruluş verdiyiniz rəqslərdə milliklə müasirlik bir-birini tamamlayır, qəribə harmoniya yaradır...
   - XXI əsrdə yaşayırıq. İncəsənətdə milliliklə müasirliyin sintezi dünyanın hər yerində müsbət qarşılanır. Biz rəqs ansamblıyıq, milli rəqslərimizlə yanaşı dünya xalqlarının da rəqslərini ifa edirik.
   
   “Səhnə mənim üçün həyatdır”
   
   - Afaq xanım, uzun illərdir ki, böyük bir kollektivə rəhbərlik edirsiniz. Bu illər ərzində ansambl öz şöhrətini, nüfuzunu həmişə qoruyub saxlayıb. Buna necə nail olmusunuz?
   - Rəqs çox çətin sənətdir. Hər gün ən azı 5-6 saat məşq edirik. Konsertlərə, mədəniyyət günlərinə dəvət olunuruq, səfərlərə gedirik. Hər zaman deyirəm ki, bu sənəti seçən insan fiziki cəhətdən sağlam olmalıdır. Mən 22 il səhnədə oynamışam, bizim sənətimiz elədir ki, ildə bir dəfə xəstələnə bilərsən. Ailəmiz, uşağımız da olub, məşqlərdən, səfərlərdən heç vaxt qaçmamışıq. Əgər sən bu sənəti seçmisənsə, canını bu sənətə qurban eləməlisən.
   O ki qaldı sualınıza, 75 nəfərdən ibarət böyük bir kollektivimiz var. Bədii rəhbər kollektivi elə saxlamalıdır ki, aralarında dostluq olsun. Bir nəfər hamı üçün, hamı bir nəfər üçün. Ən birincisi kollektivdə birliyə nail olmaqdır. Sənətdə nizam-intizam olmasa, heç nə olmayacaq. Saat 10-a məşq təyin olunanda saat 9-da özüm məşq otağında olmuşam, hamıdan sonra işdən getmişəm. Məşqdən əvvəl mən onların bacısıyam, anasıyam, amma elə ki, zala girdim, hamının fikri rəqsdə olmalıdır.
   - Ömrünüzün bir hissəsi xarici ölkələrdə, səfərlərdə, qastrollarda keçib. Azərbaycan rəqsləri dünya səhnələrində necə qarşılanır?
   - Çox gözəl, xüsusi ilə də milli rəqslərimiz. Sovet vaxtı xarici ölkələrə getmək çətin idi. Hələ o zamanlar Zeynəb Xanlarova ilə mən az qala bütün dünyanı gəzmişik. Hər yerdə də bizi ayaq üstündə alqışlayıblar. Sərhədlər açılandan sonra ansamblımız dünyanı qarış-qarış gəzdi. ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiyə, Hindistan, Nepal, İsveçrə, Çin, İraq, Vyetnam - bir sözlə, dünyanın əksər səhnələrində dəfələrlə Azərbaycan rəqslərinin ən gözəl nümunələrini nümayiş etdirmişik. Bizim musiqimiz, rəqslərimiz o qədər gözəldir ki, dilindən, dinindən, irqindən asılı olmayaraq hər kəsi heyrətləndirir. Mən bunun şahidiyəm.
   - Rəqs nömrələriniz olduqca ölçülü, biçili, nizamlı, mükəmməldir.
   - Kollektivimizin üzvlərinin 90 faizi ali təhsillidir. Gənclər 16 yaşında ansamblımıza gəlirlər. Onlara birinci tövsiyəm bu olur ki, oxuyub ali təhsil alsınlar. Çünki rəqs sənəti elə bir sənətdir ki, 20-25 ildən sonra səhnədən getməlisən. Ona görə də gənclərə məsləhət görürəm ki, 35-36 yaşında təqaüdə çıxanda hansısa klubda, özfəaliyyət kollektivində işləyə bilsinlər. Ancaq mükəmməl rəqslər fasiləsiz məşqin, bir də bu sənətə sonsuz məhəbbətin nəticəsidir.
   
   “Səhnə mənim həyatımdır. Tamaşaçı alqışı isə səhnə adamı üçün qızıldan da qiymətlidir”. Azərbaycan səhnəsində təkrarsız ifaları ilə rəqs tariximizin qızıl səhifələrini yazan Afaq Məlikova belə deyir. 40 illik yubileyi münasibəti ilə doğma kollektivinin hər bir üzvünə cansağlığı arzulayan Afaq xanımın arzusuna biz də qoşuluruq. Qəzetimizin kollektivi və oxucularımız adından Azərbaycan Dövlət Rəqs Ansamblının kollektivini təbrik edirik. Alqışlar isə öz yerində...
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar