Azərbaycan rəqs sənətinin inkişafında əvəzsiz xidmətləri olan görkəmli rəqqaslarımızdan biri Əlibaba Abdullayev olub. Milli rəqs mədəniyyətinin estetik təzahürü onun yaradıcılığının əsasını təşkil edirdi.
   
   Əlibaba Abdulla oğlu Abdullayev 1915-ci il martın 23-də Bakıda doğulub. Uşaq yaşlarından musiqiyə həvəsi olub. Gözəl avazı ilə mahnılar oxuyar, musiqi təhsili olmamasına baxmayaraq xarakterik rəqsləri ilə diqqəti cəlb edərdi. Buna görə də 1936-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyli onu rəqs ansamblına gətirir. Əlibaba Abdullayevin peşəkar rəqs yaradıcılığı burada başlayıb. 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyası Rəqs ansamblının, 1941-ci ildə Mahnı və Rəqs ansamblının bədii rəhbəri, 1960-1973-cü illərdə isə baş baletmeysteri olub. 1943-cü ildə Əməkdar artist adına, 1957-ci ildə Tələbə və Gənclərin Moskvada keçirilən VI Dünya festivalında qızıl medala, 1959-cu ildə Azərbaycanın Xalq artisti adına layiq görülüb. Ustad sənətkar 1980-ci il oktyabrın 10-da vəfat edib.
   Sənətkar el-el, oba-oba gəzərək xalq mahnılarımızı qoca nənə və babalarımızın dilindən öyrənir, onların dəqiqləşdirilmiş ritmlərini notlara salır, lentlərə yazdırırdı. Yuxusuz gecələri bahasına həmin mahnılara səviyyəli mizanlar qurur, sonra isə rəqs ansamblının ifasında tamaşaçılara təqdim edirdi. Onun xalq musiqisinə sevgisini rəqslərindəki vətənpərvərlik, şücaət rəmzlərini əks etdirən forma və mizanlardan da görmək mümkündür. “Neftçilər”, “Şəki zorxanası”, “Naxçıvan yallısı”, “Vağzalı”, “Nəlbəki”, “Qaval”, “Nağaraçılar”, “Ay gözəl”, “Bəy”, “Bahar” və s. rəqsləri buna bariz misaldır.
   Əlibaba Abdullayev eyni zamanda “Azərbaycanfilm”in istehsalı olan bir çox filmlərdə rəqslərə quruluş verib. Belə ekran əsərlərindən “Arşın mal alan” (rej. R.Təhmasib; 1945), “Fətəli xan” (rej. Y.Dziqan; 1947), “Görüş” (rej. T.Tağızadə; 1955), “O olmasın, bu olsun” (rej. H.Seyidzadə; 1956), “Mən rəqs edəcəyəm” (rej. T.Tağızadə; 1962), “Əhməd haradadır?” (rej. A.İsgəndərov; 1963), “Ulduz” (rej. A.Quliyev; 1964), “Dəli Kür”(rej. H.Seyidzadə; 1969) və s. filmlərin adlarını çəkmək olar.
   Onun rəqslərə verdiyi quruluşların hər birində daxili yaradıcılıq ciddiliyi vardı. Məsələn, “Mən rəqs edəcəyəm” filmindəki Mahmud Esembayevin ifa etdiyi rəqslərin (“Naz eləmə və s.) çoxunun quruluşu Ə.Abdullayevin şəxsi repertuarının nümunələridir.
   Ümumiyyətlə, filmlərdəki rəngarəng rəqslər əyləncədən əlavə insanlara estetik zövq bəxş edir. Ekran əsərlərindəki qəhrəmanların milli mənsubiyyətlərini, xüsusiyyətlərini, mövqelərini dəqiqləşdirir. Eyni zamanda hadisələrin mahiyyətini açan, bədii tərtibatı əlvanlaşdıran obrazlı rəqslərin quruluşunda tamaşaçı ssenaridə göstərilməyən xırda ştrixləri belə görür, bununla da personajların, ümumilikdə filmin mahiyyəti açılır. Məsələn, “Görüş” filmində milli xörəklərimizi əllərində tutaraq rəqs edən şux qamətli gənclərin şəxsində zəhmətlərinin bəhrəsini böyük fərəh hissi ilə qonaqpərvərlik nümunəsi kimi təqdim edən səmimi insanların ümumi obrazlarını görürük. “Dəli Kür” filmində məclisdə insanların rəqs edirmiş kimi göstərdikləri cahil hərəkətləri müxtəlif rakurslu kinli baxışları ilə sintezdə tipajların xarakterlərini dəqiq səciyyələndirir. Bir sözlə, rəqs sənətində ifa maneralarının xırda elementləri filmlərin bədii kompozisiyasını tamamlayır.
   “Arşın mal alan” filmində Əsgərlə Gülçöhrənin, Süleymanla Asiyanın, Vəli ilə Tellinin geyiminə, şəxsiyyətinə uyğun rəqs maneraları obrazların reallığını təsdiqləyir. Bu filmdə Ə.Abdullayevin quruluş verdiyi “Süleymani” rəqsi sonradan el şənliklərində əzəmətli bəy havası kimi məşhurlaşdı.
   Ə.Abdullayev 200-dən artıq rəqsə quruluş verib, 10-dan artıq filmdəki rəqs səhnələrini maraqlı mizanları sayəsində rejissorla paralel iş əmsalı nəticəsində geniş tamaşaçı auditoriyasına sevdirə bilib. Ən başlıcası isə rəqslərindəki rəngarəng quruluşlarda göstərdiyi sevgi, nəvaziş, mərdlik və s. kimi xüsusiyyətləri ilə həyatı gözəlləşdirməyə nail olub.
   
   Şəhla Bürcəliyeva,
   kinoşünas






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar