Bunun üçün qırx qapı açmaq gərək olsa da...
   
   Nəhayət, ölkələr gəzib, festivallar dolaşan «40-cı qapı»nı Azərbaycan tamaşaçısı da gördü. 20-dən artıq beynəlxalq səviyyəli kinobaxışlarda nümayiş etdirilmiş, mükafatlar qazanmış filmin premyerası keçirildi.
   
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Ritm production» şirkətində istehsal olunmuş filmin ssenari müəllifi və quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Abdolrahim Beşarat, rəssamı Elxan Nəbiyev, bəstəkarı Natəvan Faiq, prodüsserləri Xəqani Həşimov və Elçin Musaoğludur.
   Film nədən bəhs edir? Əgər fikrimizi bir cümlə ilə ifadə etməli olsaq, belə deyə bilərik: baş qəhrəmanın həyatda rast gəldiyi bütün çətinliklərə və psixoloji gərginliklərə rəğmən içindəki xeyirxahlığı qoruyub saxlamaq bacarığından. Necə? Bunu açıqlamalı olsaq, gərək filmin məzmununu danışaq ki, bunu da istəmirik. Çünki içimizdə bir ümid var ki, kino prokatı arzulanan səviyyədə olmayan ölkəmizdə bütün kinosevərlərin «40-cı qapı»nı seyr etmək şansı olacaq.
   Film paytaxt Bakıdan 40 kilometr aralı olan, yerli sakinlərin «40-cı qapı» adlandırdığı bərəkətsiz məkanda, miskin və yoxsul qəsəbədə yaşayan 14 yaşlı Rüstəmin başına gələn əhvalatlar üzərində qurulub. «40-cı qapı»dakı bu ziddiyyət tamaşaçını çeşidli düşüncələrə qərq edir. Yeri gəlmişkən, filmin müəllifini məhz qabarıq görünən bu ziddiyyətə görə qınayanlar da var. Guya ki, filmdə hadisələrin cərəyan etdiyi 1991-ci ildə Bakıda filmin çəkildiyi 2007-ci ildəki qədər «inomarka» yox imiş, «novostroyka»lar heç tikilməyibmiş. Düzdür, yəqin ki bir qədər daha artıq maliyyə vəsaiti hesabına filmdə 1991-ci il Bakısının gerçək simasını yaratmaq olardı. Amma buna lüzum vardımı?!
   «40-cı qapı»da müəllifin çığırmadan, hay-küy salmadan göstərmək istədiyi və müəyyən qədər göstərdiyi birdən-birə böyüməyə məcbur olan yeniyetmənin həyat sınaqlarına necə tablaşmasıdır. Dolanışıq naminə vətəndən uzaqda çalışan insanların taleyi, onların məmləkətdə qalan ailəsinin faciəsi barədə dünya ədəbiyyatı və kinosunda istənilən qədər nümunə tapmaq olar. Milli ədəbiyyatımızın klassiki Abdulla Şaiqin «Məktub yetişmədi» hekayəsindən tutmuş Amerikadakı «qızıl qızdırması» dövrunə aid onlarla filmi yada salmaq mümkündür. Olsun ki «40-cı qapı»da formalaşan insanın özü üçün həyat yolu seçimi milli zaman və məkan çərçivəsinə sıxışdırılsaydı, film iştirak etdiyi beynəlxalq festvallarda uğur qazanmazdı.
   Bəs «40-cı qapı»nın seyrindən doğulan əsas təəssürat nədir? Nağıllarda qəhrəmanların açmaq istədiyi qırxıncı qapı gerçək dünyanın insanları üçün də bir sınaqdır. Açarını tapdığın, açmaq istədiyin qapının arxasında səni yolundan sapdırmağa cəhd edəcək Şər də gözləyə bilər, Xeyir qüvvələrin təmsilçisi də. Əgər özündə Xeyirə qoşulub Şərə qalib gəlmək təpərini hiss edirsənsə, o zaman ürəkli ol, qırxıncı qapını aç!

 Gülcahan Mirməmməd