Xalq rəssamı Hüseynqulu Əliyev təsviri sənətin müxtəlif sahələrində özünü ustad sənətkar kimi təsdiqləyib
   
   Hüseynqulu Əliyev yüksək insani keyfiyyətləri ilə yaradıcılığındakı peşəkarlığı vəhdət təşkil edən rəssamlarımızdandır. 1975-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1982-ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirən Hüseynqulu Əliyev görkəmli sənətşünas, rəssam və heykəltəraşlardan - Kərim Kərimov, Lətif Kərimov, Toğrul Nərimanbəyov, Tokay Məmmədovdan dərs alıb. Onun çoxşaxəli yaradıcılığında bu böyük sənətkarların təsiri hər zaman hiss olunur. Özünü təsviri sənətin müxtəlif sahələrində - rəssam, heykəltəraş, dekorativ tətbiqi sənət ustası, geyim eskizləri tərtibatçısı kimi təsdiqləyib. Əsərləri ölkəmizdə və xaricdə - İran, Türkiyə, Gürcüstan, Türkmənistan, Rusiya, Ukrayna və Koreyada sərgilərdə nümayiş olunub.
   Heykəltəraş olaraq monumental, dəzgah (büst-portretlər, barelyef, barelyef-pannolar), monumental-dekorativ və dekorativ heykəltəraşlıq (kiçik ölçülü plastika) növlərinə müraciət edərək dəyərli sənət nümunələri ərsəyə gətirib. H.Əliyevin heykəltəraşlıq nümunələri Naxçıvan şəhərinin və muxtar respublikanın bir neçə rayonlarının mənzərəli yerlərini bəzəyir, yerləşdiyi məkanın mahiyyətini açıqlayır.
   Naxçıvanın Koroğlu meydanındakı “Koroğlu” heykəli dinamik kompozisiyası ilə maraq doğurur. Tuncdan tökülmüş monumental abidə xalq qəhrəmanının əzəmətini nümayiş etdirir. Sənətkar Koroğlunu şahə qalxan Qıratın üstündə, döyüş zamanı, qələbə anında təsvir edib.
   Şəhidlər xiyabanındakı «Ana abidəsi» professional işləmə tərzi ilə diqqəti cəlb edir. Əsərdə şəhid övladının məzarını ziyarətə gəlmiş ana təsvir olunub. Onun üzündəki dərin hüznü, kədəri İntibah dövrünün məşhur heykəltəraş və rəssamı Mikelancelo Buonarottinin «Pyeta» əsərindəki Məryəm ana obrazının psixoloji durumu ilə müqayisə etmək olar. Heykələ baxarkən tamaşaçının gözü qarşısında şəhid analarının ümumiləşdirilmiş obrazı canlanır.
   Sənətkar həmçinin monumental-dekorativ heykəllərlə («Fərhad süd arxı çəkərkən», «Bulaq başında qızlar») yanaşı, bir çox büst-portretlər, barelyef, dekorativ barelyef-pannolar, qorelyeflərin, Molla Nəsrəddinlə bağlı hekayələrdən götürülmüş süjetli dekorativ heykəllərin müəllifidir.
   Rəssamlıqda üstünlük verdiyi janrlar portret, mənzərə, natürmort, tematik tablolar, süjetli kompozisiyalardır. Bir çox rəssamların yaradıcılığında müəyyən rəngə aludəlik hiss olunur və onun palitrası həmin rənglə müəyyən olunur. Hüseynqulu müəllimin əlvan palitralı əsərlərində belə bir xüsusi aludəlik sezilməsə də, özü ağ rəngi daha çox sevdiyini etiraf edir. Rəssamın fikrincə, ağ rəng işıq, əbədilik, xoş ovqat, təmizlik, sülh rəmzi və bütün rənglərin açarıdır.
   Çox vaxt rəssamların yaradıcılığında sevimli motiv olur ki, bu da əsərlərin ideyasını açmağa kömək edir. H.Əliyevin əsərlərində sevimli element at və almadır. Rəssam atı murad, insanın ən sadiq dostu, məğrurluq rəmzi kimi, almanı isə sərvət və məhsuldarlıq simvolu kimi əsərlərində istifadə edib.
   Rəssamın mənzərə janrında çəkdiyi əsərlərindən «Mənim Naxçıvanım» triptixi, «İlanlı dağ», «Meşə» və başqaları realistliyi ilə tamaşaçını heyran edir. «İlanlı dağ» ideya baxımından rəssamın dərin məna aşılayan əsərlərindən biridir. Yağlı boya texnikasında realizm üslubunda işlənmiş əsərin koloriti parlaq rənglərdən ibarətdir. İnsan və onun məişətinin ön planda verilməsinə baxmayaraq, kompozisiyanın mərkəzində dağ durur. Burada rəssam əbədi olan ilə müvəqqəti olanı qarşı-qarşıya qoyaraq maraqlı kontrast yaradıb. Əsərin ideyasına görə əbədi və dəyişilməz qalan təbiət və onun komponentləridir. Rəssamın portret janrında maraqlı əsərləri var. Böyük ədib Hüseyn Cavidin portretinin koloriti obrazın əhval-ruhiyyəsinə uyğun seçilib. Əsərdə Cavidin çatılmış qaşları, üzünün ifadəsi, stolun söykənəcəyinə qoyulmuş əlin gərgin vəziyyəti dövrün ictimai-siyasi ədalətsizliyindən yaranan daxili narahatlığını ifadə edir.
   Sənətkar həmçinin «Həyat», «Bağda» və s. tematik tabloların, «Yasəmənlər», «Heykəllə natürmort», «Dolça və almalar» və s. natürmortların müəllifidir. H.Əliyev teatr-dekor rəssamı, geyim eskizləri tərtibatçısı kimi də fəaliyyət göstərir. 1989-cu ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rəssamıdır. Teatrda «Xeyir və Şər», «Arşın mal alan», «Afət», «Hacı Qara», «Özümüz bilərik» və bir çox başqa tamaşalara səhnə tərtibatı verib.
   2002-ci ildə Azərbaycanın Xalq rəssamı fəxri adına layiq görülən H.Əliyev Naxçıvan Dövlət Universitetinin təsviri incəsənət kafedrasının müdiridir. Əminik ki, onun yetirmələri də sənətdə öz sözlərini deyəcək, müəllimlərindən öyrəndikləri bilik və bacarığı uğurları ilə təsdiqləyəcəklər.
   
   Səyyarə Sadıxova,
   sənətşünas, «Naxçıvan mətbəxi» Kulinariya Mərkəzinin direktoru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar