Moskvada tanınmış azərbaycanlı rəssamın fərdi sərgisi
   
   Moskva Şəhər Muzeyində tanınmış azərbaycanlı sənətkar, Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Sülh. Dostluq. Məhəbbət.” devizi altında fərdi yaradıcılıq sərgisi açılıb. 
    Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfirliyinin, Azərbaycan diasporunun nümayəndələri, Rusiyanın incəsənət xadimləri sərgi münasibətilə rəssamı təbrik edərək onun Azərbaycan mədəniyyətinin təbliğində, xalqlarımız arasında əlaqələrin möhkəmlənməsində xidmətini vurğulayıblar. Sərgidə rəssamın son vaxtlar yağlı boya ilə, akvarellə, qrafik üslubda yaratdığı mənzərələr, natürmortlar, portretlər nümayiş etdirilir.
   Moskva Şəhər Dumasının Mədəniyyət komitəsinin sədri Yevgeni Gerasimov Tahir Salahov, Əsgər Məmmədov kimi görkəmli azərbaycanlı rəssamlarla dostluğu ilə fəxr etdiyini söyləyib. Mərasimdə Rusiya Rəssamlar İttifaqının və Beynəlxalq Rəssamlıq Federasiyasının vitse-prezidenti Pyotr Çipsiyev rəssamlıq sənətinin inkişafındakı xidmətlərinə görə Əsgər Məmmədova gümüş medal təqdim edib.
   “Şəhriyar” ədəbi-ictimai məclisinin katibi, şair Sultan Mərzili Əsgər Məmmədovun dahi Üzeyir Hacıbəylini, görkəmli musiqiçilər Bülbülü, Rəşid Behbudovu və digər istedadlı şəxsiyyətləri yetirən Qarabağda doğulduğunu diqqətə çatdırıb.
   Qeyd olunub ki, rəssamın əsərlərinin böyük hissəsinin məhv olmasına baxmayaraq, o, Səməndər quşu kimi yenə özündə güc tapa bilib. Ə.Məmmədovun parlaq koloritlə işlənmiş natürmort və mənzərələrində təbiilik və gözəllik dərin məna kəsb edir. Rəssam Qarabağ dərdini “Xocalı harayı”, “Xarı bülbül”, “Cıdır düzündə” və başqa rəsmlərdə əks etdirib. Bu rəsmlərdə dərdlə yanaşı, işıqlı bir nikbinlik, qələbə ümidi də var.
   Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirən Ə.Məmmədov, rəssamlıqdan əlavə, cizgi filmi üzrə professional kinorejissordur. O, indiyədək 15-dən çox cizgi filmi çəkib. Rəssam tar, saz, tütək kimi musiqi alətlərində də bacarıqla ifa edir.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar