Xəbər verdiyimiz kimi, iyunun 1-də İtaliyanın Venesiya şəhərində keçirilən 54-cü Dünya Təsviri İncəsənət Sərgisində - Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub. 82 ölkənin təmsil olunduğu Dünya Təsviri İncəsənət Sərgisində Azərbaycan pavilyonu şəhərin ən görkəmli yerlərindən birində - Benzon sarayında (Palazzo Benzon) yerləşir.
   
   Ölkəmizin pavilyonunun açılışında Azərbaycanın birinci xanımı, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və sənət xadimləri iştirak edib.
   Qeyd edək ki, Venesiya Biennalesində Azərbaycan altı rəssamının əsərləri ilə təmsil olunur. Bu il Venesiya Biennalesinin mövzusu “İLLUMİNATİON”, yəni “millətlərin işığı” kimi səsləndiyindən Azərbaycan rəssamlarının əsərlərinin motivləri də Azərbaycanı ifadə edərək “Relational, of Baku”, yəni “Bakıya məxsus” reallıqları, emosiyaları, təəssüratları və xatirələri qabartmaq, sənətkarların doğma diyardan nə qədər ayrı olsalar da, vətənlə qırılmaz tellərlə bağlı olmalarını göstərməkdir. Bu rəssamlardan yalnız ikisinin - Altay Sadıqzadə və Mikayıl Əbdürrəhmanovun Azərbaycanda yaşadığını nəzərə alsaq, deyilənlərin nə qədər mühüm olduğu anlaşılar. Artıq bir neçə ildir ki, Xanlar Qasımov və Ağa Hüseynov Amerikada, Zeyqəm Əzizov Böyük Britaniyada, Aydan Salahova isə Moskvada yaşamalarına baxmayaraq Bakı mövzuları, Şərq həyatı, Şərqlə Qərbin əbədi təması və təzadı onlar üçün müqəddəs mövzular olaraq qalmaqdadır. Altay Sadıqzadə və Mikayıl Əbdürrəhmanov isə öz nəslinin ən müasir rəssamları kimi çıxış edir, klassik rəssamlığın dili ilə çağdaş sənət axarına qoşularaq ən “contemporary” - yəni ən çağdaş olaraq baxılırlar.
   Azərbaycan rəssamlarının əsərləri sərgiyə gələnlərin böyük marağına səbəb olub. Bir çox sənətsevərlər Azərbaycan müasir incəsənətinin çox yüksək səviyyədə olduğunu söyləyir, bütövlükdə müasir dünya sənət anlamı ilə yanaşı addımladığını, hətta bəzən irəlidə getdiyini deyirlər. Bir daha qeyd etmək lazımdır ki, Azərbaycan pavilyonuna saysız - hesabsız tamaşaçı axını var.
   Rəssam Aydan Salahova jurnalistlərə müsahibəsində sərginin çox gözəl keçdiyini, həmkarlarının çox yüksək səviyyəli əsərlərlə çıxış etdiklərini söyləyib. O, ölkəmizin birinci xanımının sərgiyə gəlişindən təsirləndiyini, bunun yaradıcı insanların istedadına və əməyinə göstərilən ən böyük diqqət və qayğı olduğunu deyib. Aydan Salahova həm də sərgidə müəllifi olduğu iki əsərin Venesiyaya gətirilən zaman zədələndiyindən təəssüflənir və bunun nəticəsində sərgi zamanı bu əsərlərin müvəqqəti olaraq ağ örtüklə bağlandığını deyib. Hazırda bu əsərlər bərpa olunur və zamanında tamaşaçıların diqqətinə təqdim olunacaq.
   Qeyd edək ki, sərginin yalnız ilk iki günü ərzində Azərbaycan pavilyonunu 5 mindən artıq tamaşaçı ziyarət edib. Sərgi sentyabrın 30-dək davam edəcək. Azərbaycan pavilyonu təkcə tamaşaçıların deyil, həm də əsl peşəkarların - başqa ölkələri təmsil edən rəssamların və kuratorların diqqətini cəlb edir. Öz növbəsində Azərbaycan rəssamları da digər pavilyonlara baxır, dünyada mövcud olan və yeni inkişaf edən müxtəlif sənət cərəyanları ilə bir daha təmasda olurlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar