Xəbər verdiyimiz kimi, mayın 25-dən 31-dək Gürcüstanın paytaxtı Tbilisidə keçirilən fotofestivalda azərbaycanlı fotoqraflar da iştirak edib. “Tbilisi Foto-Festival 2011” çərçivəsində Gürcüstan paytaxtının park və küçələrində quraşdırılmış monitorlarda iştirakçı ölkələrin, eləcə də AFP, Liberation, Reuters və s. məşhur informasiya vasitələrinin fotoqraflarının işləri nümayiş etdirilib.
   Festivalda ölkəmizi səkkiz müəllifin - Anna Süleymanova, Elmar Mustafazadə, İlkin Hüseynov, İlkin Yaqubov, Nanə Qafarova, Natalya Abilova, Nəzrin Məmmədova, Sevinc və Heydər Aslanovların foto işlərini birləşdirən “Paralellər” layihəsi ilə Azərbaycan Fotoqraflar Birliyi təmsil edib. Fotoqraflarımız Tbilisiyə 80 foto işi aparıblar.
   Fotoqraf Sevinc Aslanova festivaldan razı qaldığını bildirdi: “Festival kifayət qədər dinamik keçdi. Maraqlı fotolar var idi. Müxtəlif sahəni əhatə edən fotolar sərgilənmişdi. Gecə fotolarından ibarət silsilə xüsusən maraqlı idi. Heydərlə bizim layihə ekologiya mövzusundaydı. Bu layihədə biz insanın ətraf mühitlə necə davrandığını göstərmək istəyirdik. Ümumiyyətlə, bu layihədə iştirak edən fotoqraflarımızın hər biri öz işlərində dünyaya olan baxışını göstərməyə çalışmışdı”.
   Festivalda Azərbaycan fotoqrafiyası layihəsinin kuratoru Anna Süleymanova da fotoqrafımızın işlərinin maraqla qarşılandığını vurğuladı: “Fotofestival Gürcüstan Fotoqrafiya Evi və Gürcüstandakı Avropa Evi tərəfindən Tbilisidə Avropa Günləri çərçivəsində keçirilirdi. Festivalda foto işləri Qafqazı müxtəlif mədəniyyətlərin qarşılaşdığı yer kimi əks etdirən dörd sərgidə nümayiş olunurdu. Müxtəlif agentlik, jurnal və ya müəlliflərin işləri çox maraqlı idi. Azərbaycan Fotoqraflar Birliyinin işləri də kifayət qədər maraqlı və diqqətçəkən idi”.
   
   Reyhan






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar