Adil İsgəndərov - 100
II yazı
Mən onunla fəxr edirdim
1966-cı il idi. Azərbaycan Kinematoqrafçılar İttifaqında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının fəaliyyətilə bağlı iclas keçirilirdi. Moskvadan da qonaqlar dəvət olunmuşdu. İclasda çıxış edənlər kinostudiyanın ağır vəziyyətə düşməsindən, zəif filmlərin ekrana yol tapmasından danışır, kinostudiya rəhbərliyinin səriştəsizliyini qeyd edirdilər.
Sonralar hər dəfə kinostudiyanın direktoru təzələnəndə, iclaslarda sabiq direktor tənqid olunanda başa düşdüm ki, burada da gedənin dalınca danışmaq bir adətdir. Bununla belə sabiq direktorun ünvanına deyilən tənqidlərdən sonra öz-özümə çox götür-qoy edir və suallar verirdim ki, görəsən, kinomuzu bu çətin vəziyyətdən kim çıxara bilər, indiki şəraitdə kinostudiyaya kim rəhbərlik edə bilər?
Az sonra xəbər çıxdı ki, Adil İsgəndərov C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına direktor təyin olunub. Onu yaxından tanıyanlar da, uzaqdan-uzağa haqqında eşidənlər də belə yekdil fikir söyləyirdilər ki, kinostudiyada çox tezliklə yaxşılığa doğru irəliləyiş hiss ediləcək. Çünki hamı onun təşkilatçılıq qabiliyyətinə inanırdı.
Doğrudan da çox gözləmək lazım gəlmədi. Onun gəlişilə kinostudiyada həyat yenidən qaynamağa, milli, tarixi köklərdən bəhs edən filmlər çəkilməyə başladı. Bu isə milli kadrların - ssenaristlərin, aktyorların, rejissorların potensial sənət imkanlarının üzə çıxarılmasına imkan yaratdı. O illərdə bir-birindən maraqlı, peşəkarlıq baxımından mütəxəssislərin diqqətini cəlb edən filmlər çəkilib ümumittifaq ekranlarına buraxıldı. “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Yeddi oğul istərəm”, “Nəsimi”, “Şərikli çörək”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Səmt küləyi” və digər dəyərli sənət əsərləri məhz A.İsgəndərovun kinostudiyaya rəhbərlik etdiyi dövrdə yaradılıb.
Mən onunla fəxr edirdim. Fəxr edirdim ki, xalqımızın belə böyük sənətkarı var. Fəxr edirdim ki, bu böyük sənətkar məhz kinoda çalışır, kino istehsalını yeni relslər üzərinə qoyur, peşəkar kadrların, xüsusilə aktyorların hazırlanması üçün əlindən gələni əsirgəmir.
Onun təşəbbüsü ilə açılan və özünün rəhbərlik etdiyi kinoaktyor studiyası tez bir zamanda öz bəhrəsini verməyə başladı. Burada təhsil alan gənc istedadlar filmlərə çəkilir, yaxud kino istehsalının müxtəlif sahələrində çalışırdılar.
Onun üçün sənətkar adi adam, adi peşə sahibi deyildi. Adil müəllim sənətkar olan hər bir şəxsə yüksək qiymət verirdi. O, deyirdi ki, sənətkar müqəddəs bir varlıqdır. Sənətkar sənət aləmində fərqləndiyi kimi, bir insan, bir şəxsiyyət kimi də ətrafındakılardan fərqlənməli, hörmət sahibi olmalıdır. Tamaşaçı sənətkarla təsadüfən rastlaşarkən ayaq saxlamalı, onu görməyinə uşaq kimi sevinməlidir. Bu, sənətkar deyilən şəxs üçün vacib amillərdən biridir. Əks-təqdirdə sənətkar tamaşaçının gözündə adiləşə bilər.
“Qadam, intizam hamı üçündür”
Adil İsgəndərovla birgə işləyənlər onun özünə və ətrafındakılara qarşı necə tələbkar olduğunu, nizam-intizama necə riayət etdiyini yaxşı bilirlər. Onun məşhur bir sözü vardı: «Qadam, intizam hamı üçündür». Adil müəllim adi işıqçıdan tutmuş adlı-sanlı quruluşçu rejissoradək hamıya eyni gözlə baxır, hamıdan da nizam-intizama tabe olmağı tələb edirdi. Kinostudiyada yaradılmış ümumi qayda-qanuna tabe olmaq istəməyən bəzi yaradıcı işçilərlə kinostudiya direktoru arasında bu zəmində narazılıqlar baş versə də, Adil müəllim heç kəsə güzəştə getmirdi.
Bir dəfə qəribə bir söhbətin şahidi oldum. Müsahibə almaq üçün A.İsgəndərovun qəbuluna getmişdim. Təzəcə söhbətə başlamışdıq ki, katibə qapını açıb içəri girdi və dedi:
- Adil müəllim, kinorejissor filankəs gəlib sizi görmək istəyir.
Adil müəllim katibəyə tərəf çevrilib əsəbi halda soruşdu:
- Nə sözü var?
- Deyir ki, məni Moskvaya ezamiyyətə göndərirlər, amma ezamiyyət pulunu vermirlər. Deyirlər ki, xəzinədə pul yoxdur. İstəyir ki, sərəncam verəsiniz, pulunu ala bilsin. Yoxsa ezamiyyətə getməyəcək.
Adil müəllimin qanı lap qaraldı. Əsəbi halda dilləndi:
- Sonra da deyirlər ki, mən filankəsin əl-qolunu bağlamışam, onu işləməyə qoymuram. Gedin ona deyin ki, cibində gəzdirdiyi əmanət kitabçasını cavan qızlara göstərə bilir, işə çatanda ezamiyyətə getməyə iki yüz manat tapa bilmir? Qoy getsin, qayıdanda pulunu verərik.
Katibə kabinetindən çıxandan sonra üzünü mənə tutub dedi:
- Hə, buna nə deyirsən? Belə də xırdaçılıq olar? Əgər fəhlə gəlib bunu desəydi, sorğu-sualsız pulu çıxarıb ona verərdim. Amma bunu gör kim deyir, kinorejissor! Belə artıq hərəkətlər nəyə gərəkdir. Axı, çayxana söhbətləri belə-belə mənasız hərəkətlərdən əmələ gəlir, müxtəlif şayiələrin yaranmasına səbəb olur.
Doğrusu, bu əhvalat mənim üçün o qədər gözlənilməz idi ki, nə cavab verəcəyimi heç özüm də bilmədim. Ona görə də susmağı üstün tutdum.
“Azərbaycan çörəyi haramınız olsun...”
Hər il “Kino” qəzetinə və “Film” jurnalına abunə kampaniyası keçiriləndə mən respublika üzrə abunənin necə aparılması barədə Dövlət Kino Komitəsinin kollegiya iclasında məlumat verirdim. Adil müəllim həmin kollegiyanın üzvü idi.
Bir dəfə kollegiya iclasında hansı şəhər və rayonda qəzet və jurnala nə qədər abunə yazıldığı barədə məlumat verərkən, əlimdəki siyahını kollegiya üzvlərinə göstərib dedim:
- Şuşadan başqa, Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarında bizim qəzet və jurnala abunə getmir.
Kollegiyanın sədri Məmməd Qurbanov vilayət üzrə kinolaşdırma idarəsinin rəisini və kinoprokat idarəsinin müdirini (hər ikisi erməni idi) ayağa qaldırıb nə üçün belə zəif təşkilati iş apardıqlarını onlardan soruşdu. Onlar bir-bir danışıb dedilər ki, vilayətdə abunə məsələsində problem yoxdur. Bütün rayonlar üzrə kino nəşrlərinə yaxşı abunə gedib. Ancaq istər kino işçiləri, istərsə də oxucular Yerevanda erməni dilində buraxılan kino nəşrlərinə yazılıblar.
Qarabağdan gəlmiş erməni kino işçilərinin bu cavabları zalda oturanlara bərk toxundu. Amma heç kəs cürət edib bir söz demədi. Zalda milçək uçsaydı səsi eşidilərdi. Adil müəllimin isə elə bil üstünə qaynar su tökdülər. O, oturduğu stolun arxasından elə cəld ayağa qalxdı ki, elə bildim zalı tərk etmək istəyir. Amma yanılmışdım. Ayağa ona görə qalxmışdı ki, həyasızcasına cavab verən rəislə müdiri yaxşı görsün. Fikrindən keçənləri onların gözlərinin içinə desin. Sonra o, gözlərini qıydı və şəhadət barmağını onlara tərəf uzadıb dedi:
- Bir də təkrar edin dediklərinizi. Yaxşı eşitmədim.
Rəis utanıb qızarmadan dediyi sözləri bir də təkrar etdi. Adil müəllim bomba kimi açıldı, dişinin dibindən çıxanı onlara dedi:
- Sən bir həyasızlığa bax. Bunlar qəzet-jurnalı Ermənistandan alırlar. Sən bir işə bax. Kim sizi buna məcbur edir? Bir məni başa salın görüm, siz Azərbaycanda, yoxsa Ermənistanda yaşayırsınız?
Onların cavab vermədiklərini görüb daha da əsəbiləşdi:
- Hə, nədir, Qarabağın harada yerləşdiyini yoxsa unutmusunuz? Niyə cavab vermək istəmirsiniz? İstəyirsiniz harada yaşadığınızı mən sizin yadınıza salım?
Müdir acıqlı-acıqlı cavab verdi:
- Niyə bilmirik... Qarabağda yaşayırıq...Azərbaycanda...
Adil müəllim artıq ayaqüstə dura bilməyib yerində oturdu və dedi:
- Azərbaycan torpağında yaşayırsınız, amma Azərbaycan mətbuatını oxumağa qarnınız ağrıyır. Azərbaycan çörəyi haramınız olsun.
Məmməd müəllim vəziyyətin çox gərgin şəkil aldığını görüb A.İsgəndərovu güclə sakitləşdirdi. Dağlıq Qarabağ Muxtar Vilayətinin kino idarələrinin rəhbərlərini möhkəm məzəmmət etdi. Onları qəsdən abunə işini pozduqlarına və adi etik qaydalara riayət edə bilmədiklərinə görə danladı. A.İsgəndərov heç cür sakit ola bilmirdi. O, yenidən ayağa qalxıb şəhadət barmağını onlara tərəf yellədərək dedi:
- Gedin yaxşı-yaxşı fikirləşin, dediklərimi götür-qoy edin. Gələn il burada görüşəndə bu məsələnin üstünə bir də qayıtmayaq. Yoxsa söhbətimiz başqa cür olacaq...
Çox təəssüf ki, bir ildən sonra keçirilən kollegiya iclaslarında Adil müəllim daha iştirak etmirdi. Çünki o, 1974-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsindən azad edilmişdi. Ancaq onun kollegiya iclasındakı ehtiraslı və bir qədər də çılğın çıxışı nəticəsiz qalmadı. Dağlıq Qarabağdakı məlum hadisələr başlanana qədər keçmiş vilayət üzrə, az da olsa, bizim nəşrlərə abunə aparılırdı.
“Ürək ki yanmadı...”
Adil müəllim kollegiya iclaslarının, demək olar ki, hamısında iştirak edirdi. Amma onda bir cəhət var idi ki, kollegiya üzvləri də buna adət etmişdilər. Hərdən Adil müəllim iclas zamanı mürgüləyirdi. Eşitdiyimə görə, o, kinostudiyanın bədii şuralarında da hərdən mürgüləməyi xoşlayırdı. Gözünü açanda isə söhbətlərə elə müdaxilə edərdi ki, elə bil indicə gözünün acısını alan o deyil, başqa adam idi.
Bir dəfə Kino Komitəsinin sədri M.Qurbanov iclasda rayon kino birliyi direktorlarından birini pis işləməsinə görə möhkəm danladıqdan sonra A.İsgəndərova tərəf döndü və astaca dedi:
- Adil müəllim, bax sən mürgü vurursan, amma mən studiyanın istehsal etdiyi filmlərə ögey münasibət bəslədiyinə görə direktoru danlayıram. Bəlkə sən də ona bir söz demək istəyirsən. Buyur.
Adil müəllim gözlərini qıyıb ciddi şəkil aldı və hamının eşidəcəyi tonda dedi:
- Mürgü vursam da ayıq oluram, Məmməd müəllim. Burada danışılanların hamısını eşidirdim. Bax bu hörmətli direktor səhərdən axşamacan kinoteatrlarda hind filmlərini nümayiş etdirir, amma hesabatda Azərbaycan filmlərinin adlarını göstərir. Guya hind filminin əvəzinə Azərbaycan filminə filan qədər tamaşaçı baxıb. Özüm bilərəkdən söhbətə qarışmırdım. Məmməd müəllim, azərbaycanlı olasan, mədəniyyətinə, incəsənətinə maraq göstərməyəsən, ürək yandırmayasan. Ürək də ki, yanmadı...özün bilirsən də, külli-aləm yığıla, xeyri yoxdur.
A.İsgəndərov üzünü kinobirliyinin direktoruna tutub dedi:
- Oğul, hamımız gecə-gündüz çalışırıq, nəyəsə nail oluruq, nəyəsə yox. Hərəmiz də bir parça çörəyin sahibiyik. Ancaq halal çörəyin. Yadında yaxşı saxla: ləyaqətli adam dünya nemətlərinin əsiri ola bilməz...
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi