Milli Azlıqların İncəsənəti III Respublika Festivalına start verildi
   
   Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə respublikadakı azsaylı xalqların mədəniyyətinin inkişafına hər zaman diqqət və qayğı göstərilib. Bu siyasəti ölkə prezidenti İlham Əliyev uğurla davam etdirir. Son illərdə azsaylı xalqların yaşadığı bölgələrin sosial-iqtisadi inkişafı üçün dövlət tərəfindən əhəmiyyətli işlər həyata keçirilib.
   
   UNESCO-nun 20 oktyabr 2005-ci il tarixli “Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya»ya uyğun olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti, incəsənəti, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır. Prezident İlham Əliyevin 2009-cu il 26 noyabr tarixdə imzaladığı qanunla ölkəmiz UNESCO-nun “Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya»ya qoşulub. 2010-cu il mayın 20-də, BMT-nin 21 may - “Mədəni müxtəlifliklər günü” ərəfəsində Bakıda konvensiyanın təqdimat mərasimi keçirilib.
   Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 2006 və 2008-ci illərdə respublikada «Azərbaycan - doğma diyar» devizi altında keçirilmiş azsaylı xalqların incəsənəti festivalı respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin sözlərinə görə, bu tədbirlər çərçivəsində azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzusunda elmi konfranslar keçirilib, onların həyat və yaşayış tərzini əks etdirən fotosərgilər təşkil edilib, “Azərbaycanın ənənəvi musiqi atlası” və “Azərbaycan etnik musiqisinə həsr olunmuş albom” hazırlanıb.
   İyunun 14-dən 18-dək keçiriləcək Milli Azlıqların İncəsənəti III Respublika Festivalının tədbirlər proqramı da rəngarəngdir.  

   Növbəti festival və yeni təşəbbüslər
   
   Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə «Azərbaycan doğma diyar» devizi altında keçirilən festivalın rəsmi açılış mərasimi iyunun 16-da olacaq. İyunun 14 və 15-də isə festivala qatılan incəsənət kollektivlərinin Dövlət Akademik Opera və Balet Teatrında çıxışları nəzərdə tutulub. Qeyd edək ki, festivalda Lənkəran, Astara, Masallı, Lerik, Şəki, Balakən, Zaqatala, Qax, Qəbələ, Quba, Qusar, Saatlı, İsmayıllı, Şabran rayonlarından azsaylı xalqların bədii özfəaliyyət kollektivləri iştirak edir. Festivalın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
   İyunun 16-da festival çərçivəsində «Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət» mövzusunda dəyirmi masa keçiriləcək. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev «Azərbaycan dövlətinin milli siyasəti, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq» mövzusunda çıxış edəcək.
   Tədbirdə həmçinin «Musiqi dünyası» jurnalının baş redaktoru, professor Tariyel Məmmədovun rəhbərliyi ilə hazırlanmış “Azərbaycanda yaşayan xalqların mahnıları» CD diskinin təqdimat mərasimi keçiriləcək. 42 mahnıdan ibarət olan disk 5 dildə - Azərbaycan, ingilis, rus, fransız və alman dillərində hazırlanıb.
   Dəyirmi masada Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin, Milli azlıqlar və dini qurumlarla iş sektorunun müdiri Müzəffər Talıblı, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədr müavini Yevda Abramov AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Vaqif Arzumanlı, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Milli Məclisin üzvü Mixail Zabelin və başqalarının çıxışları nəzərdə tutulub.
   Dəyirmi masada milli azlıqların mətbəxi ilə bağlı məsələyə də diqqət yetiriləcək, Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov «Azərbaycanda yaşayan xalqların mətbəx mədəniyyətinin ümumi və fərqli cəhətləri» mövzusunda məruzə ilə çıxış edəcək.
   
   Ən yaxşı kollektivlər beynəlxalq folklor festivallarına göndəriləcək
   
   İyunun 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında festivalın qala-konserti olacaq. Festivalın qala-konsertində çıxış edəcək kollektivlərin Mədəniyyət və Turizm Nazirliyinin diplomları ilə təltif olunması, ən yaxşı kollektivlərin gələcəkdə beynəlxalq folklor festivallarına göndərilməsi nəzərdə tutulub. Festivalın elektron və yazılı informasiya vasitələrində işıqlandırılması ilə yanaşı, İctimai Televiziya tərəfindən də tədbirə rəsmi informasiya dəstəyi veriləcək. Eyni zamanda Azərbaycan Respublikası Ombudsman Aparatının iyunun 17-18-də keçirəcəyi beynəlxalq konfransın iştirakçıları da festivalın tədbirlərində iştirak edəcəklər.
   Son olaraq qeyd edək ki, ümumilikdə Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və Azərbaycanı dünya mədəniyyətlərini qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar