Deyirlər, elə peşə var ki, onu adam özünə görə seçir. Mədəniyyət, maarif, elm, təhsil, incəsənət və s. sahələrdə təşkilatçılıq sanki Zakir Balamiyevin qabiliyyətinə, istedadına görə biçilib. O ilk dəfə Sumqayıt şəhər Mədəniyyət Şöbəsində işə götürüləndə hələ 16 yaşı yox idi. Klublara kino lentləri daşıyırdı. Gündüzlər istehsalatda çalışıb, axşamlar fəhlə-gənclər məktəbində təhsil almaq onun üçün heç bir çətinlik törətmirdi...
   
   Zakir Balamiyev 1941-ci il iyunun 28-də Abşeronun qədim tarixə malik Corat kəndində halal, təmiz və uzaqgörən adam kimi tanınan Məmmədsaleh kişinin ailəsində dünyaya gəlib. Ailədə bir neçə qardaş idilər. Zakir ailəyə yeni sevinc, növraq gətirdi. İllər ötdükcə o biri qardaşları kimi onun da məktəbdə çalışqanlığı, işgüzarlığı və qabiliyyəti hamının diqqətini cəlb etdi. Elə bu çalışqanlığın nəticəsidir ki, Zakir Balamiyev istehsalat sahələrində əsl həyat məktəbi keçdikdən və Sumqayıt Musiqi Texnikumunu bitirdikdən sonra 1971-ci ildə kənd mədəniyyət evinə bədii rəhbər və bir ildən sonra direktor təyin edildi. Sonralar o, 4 il Bakı Dövlət Konservatoriyasının professoru, mahir dirijor, faqot ifaçısı Abdul Məhəmmədovdan dərs aldı, nağara, fortepiano və digər alətlərin ifa sirlərini öyrəndi. Onu da deyim ki, Corat kəndində klub binası hələ 1927-ci ildə tikilib və indiyədək bu mədəniyyət ocağında neçə-neçə adlı-sanlı müğənni, qarmon, klarnet, zurna ifaçısı, sirk ustası, aktyor və meyxanaçı yetişib. 1971-ci ildən mədəniyyət evinə çevrilən mədəni-maarif ocağında hazırda bir neçə dərnək, musiqi kursları, bədii özfəaliyyət kollektivləri fəaliyyət göstərir. Sumqayıtda elə bir mədəni tədbir, yığıncaq, görüş olmur ki, Corat qəsəbə Mədəniyyət evinin yetirmələri orada iştirak etməsinlər. Respublika tədbirlərində, festivallarda, baxış-müsabiqələrdə də coratlılar həvəslə iştirak edir, nümunəvi yerlər qazanırlar.
   Bu barədə Mədəniyyət evinin direktoru, çoxillik fəaliyyəti fəxri fərmanlar, təşəkkür, tərifnamə, mükafat və hədiyyələrlə qiymətləndirilən Zakir müəllimin dedikləri daha maraqlıdır:
   - 1972-ci ildən başlayaraq mədəniyyət evimiz xeyli uğurlara nail olub, fəxri adlara layiq görülüb. Buna misal olaraq xalq çalğı alətləri üzrə respublika özfəaliyyət kollektivləri festivalında qazandığımız I dərəcəli diplomu, “Zəhmətkeşlərin I Ümumittifaq bədii özfəaliyyət yaradıcılığında “Qönçə” qızlar ansamblının laureat diplomu qazanmasını və s. göstərmək olar. Hazırda mədəniyyət evində “Karvan” xalq çalğı alətləri ansamblı, Ahıllar ansamblı, meyxanaçılar qrupu, 7 saylı məktəblə birgə təşkil olunan xor kollektivi, dram və bədii qiraət dərnəkləri fəaliyyət göstərir. Veteranlarla, ziyalılarla, adlı-sanlı adamlarla, şəhər zəhmətkeşlərilə, şair və yazıçılarla görüşlər, disputlar, bədii gecələr və kompozisiyalar keçirilir.
   Zakir müəllim onu da vurğuladı ki, bir zamanlar bu mədəniyyət ocağında bədii özfəaliyyətçi kimi çalışan həvəskarlar indi peşəkar incəsənət ustası kimi Sumqayıtda və ölkənin digər şəhərlərində çalışırlar. Ahıllar ansamblının üzvlərindən olan Sumqayıt Musiqi Texnikumunun şöbə müdiri Abdül Həşimov, 1 saylı musiqi məktəbinin kamança müəllimi Zabil Cavadov, Musiqi Texnikumunda çalışan Böyükağa Dadaşov, 1 saylı musiqi məktəbinin müəllimi Vaqif Əliyev, Musiqi Texnikumunun qarmon müəllimi Azər Həşimov, nağara ifaçısı Zakir Balakişiyev və başqaları sənətdə ilk addımlarını bu mədəniyyət evində atıblar.
   Bütün mənalı ömrünü mədəniyyət aləminə həsr edən Zakir Balamiyev Sumqayıt şəhərinin yaranmasının 60 illiyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Fəxri fərmanı, Sumqayıt Şəhər Mədəniyyət və Turizm Şöbəsi, Ağsaqqallar Şurası və s. təşkilatlar tərəfindən diplomlar və tərifnamələrlə təltif olunub.
   Vətənini, el-obasını sevən adamlar həmişə çox sadə olurlar. Bu vətənpərvərlik Zakir müəllimin ailəsinə də, övladlarına da sirayət edib. Həyat yoldaşı - kimyaçı mühəndis, “Azərikimya” Dövlət Şirkətinin aparıcı mütəxəssisi Nübar xanımla birlikdə onlar min bir həvəslə üç övlad böyüdüb, ali təhsil verib, ev-eşik sahibi ediblər. Baba-nənə də olublar. Övladlarından Mübariz sığorta şirkətində icraçı direktordur, Gülbəniz şəhər İcra Hakimiyyətində çalışır, Aybəniz isə 1 saylı şəhər xəstəxanasının tibb işçisidir.
   İndiyədək daşıdığı vəzifə ilə yanaşı, həm də aktiv ictimai fəaliyyəti ilə seçilən Zakir Balamiyev bu gün də belə işlərdən geridə qalmır. Şəhər Ağsaqqallar Şurasının üzvüdür. Kənd ziyalıları və ağsaqqallar arasında onun böyük hörməti var.
   Corat qəsəbəsinin mərkəzində abad, yazda-yayda yaşıllığa qərq olan, qapısı həmişə gələnlərin üzünə açıq olan, içərisindən həmişə zurna-balaban səsi gələn bir ev hər zaman yoldan ötənlərə sanki “gəl-gəl” deyir. Bu ev həmişə, xüsusilə bayram günlərində çox izdihamlı görünür. Bu, əsası 1927-ci ildə qoyulan, kənd camaatının əsl istirahət, ünsiyyət yerinə çevrilən Corat mədəniyyət evidir. Bu, ömrünü-gününü, bilik və bacarığını mədəniyyətə, incəsənətə həsr edən, bu günlər 70 yaşı tamam olan Zakir Balamiyevin 41 ildir ki, rəhbərlik etdiyi mədəniyyət evidir.
   
   İldırım Gülalıoğlu







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar