Azərbaycan Dövlət İncəsənət Muzeyində tanınmış rəssam, Əməkdar incəsənət xadimi Hafiz Məmmədovun anadan olmasının 90 illiyinə həsr edilmiş sərgi keçirildi.
   
   Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkil etdiyi tədbiri giriş sözü ilə açan Dövlət İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev rəssamın zəngin yaradıcılığından danışdı. Qeyd olundu ki, sərgilənən əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyindən, rəssamın qızı Lətafət Məmmədovanın şəxsi kolleksiyasından və digər mənbələrdən toplanılıb.
   Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov bildirdi ki, 1921-ci ildə Bakının Sabunçu qəsəbəsində anadan olmuş Hafiz Məmməd oğlu Məmmədov 1941-ci ildə Bakı Rəssamlıq Məktəbini bitirib. Onun 1959-1973-cü illər ərzində Misir, Sudan, Livan, İraq, Suriya, Mərakeş, Əlcəzair, Tunis, Macarıstan, Rumıniya və s. ölkələrdə keçirilən sərgilərində ölkəmizin incəsənəti təbliğ olunub. Rəssam uzun illər pedaqoji fəaliyyətlə məşğul olaraq, çoxsaylı istedadlı gənclərin bir rəssam kimi yetişməsində də xidmətlər göstərib. Onun yaradıcılıq, ictimai və pedaqoji fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. H.Məmmədov 1980-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
   Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov və başqaları çıxış edərək sənətkarın mənalı ömür yolundan, yaradıcılıq xüsusiyyətlərindən, bənzərsiz sənət əsərlərindən danışdılar.
   Vurğulandı ki, sərgidə rəssamın məişət janrında işlədiyi “Yay günləri”, “Gözləmirdim”, “Ali məktəbi bitirəndən sonra”, füsunkar mənzərələri - “Mixaylonun vətəni Novxanı kəndi”, “Luksorda məbəd”, “Doğma yerlər”, həmçinin Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin - qəzəlxan Əliağa Vahidin, tarzən Hacı Məmmədovun portretləri nümayiş olunur. Bundan əlavə, rəssamın İkinci Dünya müharibəsi mövzusunda işlədiyi əsərləri də sərgilənir. Bu müharibənin canlı şahidi olmuş Hafiz Məmmədov çəkdiyi əsərlərdə də müharibənin dəhşətlərini əks etdirib.
   Sonda rəssamın qızı Lətafət Məmmədova atasının xatirəsinə göstərilən böyük diqqət və qayğıya görə tədbirin təşkilatçılarına minnətdarlığını ifadə etdi.
   Dörd gün davam edən sərgidə fırça ustasının 20-dən çox rəngkarlıq əsəri nümayiş olundu.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar