Zaman-zaman ağac parçası mahir insan əlində sənət əsərinə çevrilib
   
   Qədim zamanlardan insan təbiətlə ünsiyyətdə olub. İbtidai icma quruluşu dövründə qida əldə etmək və təhlükələrdən qorunmaq üçün daşla yanaşı, ağacdan da istifadə edib. Zaman-zaman ağac parçası mahir insan əlində sənət əsərinə də çevrilib.
   
   Ağacişləmə sənəti tarixən təsərrüfat və məişətin müxtəlif sahələrində, eləcə də memarlıqda geniş tətbiq olunub. Yazılı qaynaqlarda XII-XIII əsrin əvvəllərində Azərbaycanın Naxçıvan, Ərdəbil kimi şəhərlərində ağacişləmə sənətinin geniş yayıldığı göstərilir. Ərdəbilin ağacişləmə emalatxanalarında daha çox kasa, tabaq, daraq, musiqi aləti (saz) və arabalar hazırlanıb. Şəhərdə bu işlə məşğul olan çoxlu sənətkar olub.
   Tarix elmlər namizədi, etnoqraf alim Gülzadə Axundova “Qarabağın ağacişləmə sənətinə dair“ məqaləsində göstərir ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Qarabağda digər sənət sahələri ilə yanaşı, ağacişləmə sənəti də geniş intişar tapıb. Müəllif qeyd edir ki, hər bir sənət sahəsinin inkişafı onun xammal ehtiyatının bolluğu ilə bağlıdır. Qarabağın dağlıq və dağətəyi ərazisindəki zəngin meşələrdə tut, qoz, palıd, armud, çinar, vələs, dağdağan, fıstıq və s. ağaclar çox yayılıb. Bu ağaclar həmişə ağacişləmə sənətində əsas xammal mənbəyidir.
   Ağacişləmə sənətinin inkişafını şərtləndirən digər bir amil də əhalinin təsərrüfat və sənət məşğuliyyətinin istiqaməti olub. Respublikamızın müxtəlif bölgələrində toxuculuğun geniş yayılması, toxuculuq alətlərinin (hana, cəhrə, daraq, şərbaf dəzgahı və s.) hazırlanması, əhalinin məişət ehtiyaclarının ödənilməsi məqsədilə (nehrə, toxmaq, həvəng-dəstə, tabaq, beşik, çömçə-qaşıq və s.) ağac məmulatlarından geniş istifadə olunub. Ağacişləmə ayrıca sənət sahəsi olmaqla yanaşı, toxuculuq sahələrinin inkişafına da əsaslı təsir göstərib.
   Qarabağın iri yaşayış mərkəzlərində (Şuşa, Cəbrayıl, Ağdam, Füzuli) fəaliyyət göstərən misgərxanalar ucqar dağ kəndlərini misgərlik məmulatları ilə tam təmin edə bilmədiyi üçün dağlıq və dağətəyi kəndlərində ağac məmulatlarına tələbat daha böyük olub. Bu tələbatı ağacişləmə ustaları - xarratlar ödəyiblər. Adıçəkilən bölgələrdə heyvandarlıq geniş inkişaf etdiyindən süd məhsullarının emalı üçün nehrələrə, eləcə də müxtəlif məhsulların saxlanılması üçün ağac çəlləklərə böyük ehtiyac olub. Çəllək əsasən palıd ağacından düzəldilib. Çünki bu ağac suya davamlı olur.
   Ağacişləmə sənətində şəbəkəçilik də geniş yer tutur. Şəbəkə ustaları əsasən qapı, pəncərə, arakəsmə və minbər hazırlayıblar. Şəbəkəçilikdə iki üsul - taxta şəbəkə və Cəfəri şəbəkə üsulları mövcuddur. Cəfəri şəbəkəyə şüşəli şəbəkə də deyilir. Görünür, bu onu ilk dəfə hazırlayan ustanın adı ilə bağlıdır. Şəbəkə sistemində əsasən qiymətli çinar, fıstıq, qoz ağaclarından istifadə olunur. Şəbəkələr 6 bucaqdan başlayaraq 32-yə qədər bucaqlar formasında yığılır. Şuşada Mehmandarovların, Zöhrabbəyovun və Hacı Qulunun evləri Qarabağın şəbəkəçilik sənətinin ən gözəl nümunələri sayılıb. Qeyd edək ki, Qarabağın “Qafqazın musiqi konservatoriyası” olması həm də bu bölgədə tarbəndlik sənətinin inkişafına güclü təkan verib. Qarabağda ipəkçiliyin geniş yayılması da tut bağlarının genişləndirilməsini zəruri edib. Bu da tarbəndlik sənətinin bol xammal ehtiyatı (tut ağacı) ilə təmin olunmasını şərtləndirib.
   G.Axundova “Qarabağın ağacişləmə sənətinə dair” məqaləsində tarbəndlik sənəti üçün əsas xammal kimi 60-70 illik tut ağaclarını göstərir. Bildirir ki, bu sənətdə nadir hallarda qoz ağacından istifadə edilir. Qarabağın Malıbəyli, Seyidlər, Pircahan, Səfiyan, Fərəcan, Qozlu və digər kəndlərinin tut ağacları tarbəndlik sənəti üçün daha qiymətli xammal hesab olunub.
   Ötən əsrin 20-ci illərinə qədər tarın çanağı həcm etibarı ilə indikindən bir qədər böyük olub. Lakin Mirzə Sadıqcan tarı tut ağacından səkkizvari formada yondurub. O, riyazi hesablamalar aparıb və tar gövdəsinin hər iki tərəfindən olduğu kimi çəp şəkildə yox, düz, şaquli olmasını daha münasib hesab edib. Qarabağın ağacişləmə sənətində xüsusi yeri olan tarbəndlik sənəti öz inkişafını sonrakı illərdə də davam etdirib.
   Beləliklə, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda, xüsusilə Qarabağda ağacişləmə sənətinin - dülgərlik, xarratlıq, şəbəkəçilik və tarbəndlik sahələrinin geniş yayıldığını qeyd etmək olar. Bölgədə bu sənətin mahir biliciləri yetişib və formalaşıb. Keçmişdə olduğu kimi, bu gün də ağacişləmə sənəti nümunələri Azərbaycan mədəniyyətinin, xalq tətbiqi sənətinin tərkib hissəsi olaraq öz əhəmiyyətini qoruyub saxlayır.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar