“Model hər şeydən öncə qeyri-adi gözəlliyi ilə fərqlənməlidir”
   
   Foto sənətində özünəməxsus üslubu ilə seçilən və qlamur janrda fotoları ilə tanınan gənc fotoqraf Xuraman Yüzbaşı daha çox modellərlə işləməyə üstünlük verir. Özünün dediyinə görə, bu sənətə olan marağı kiçik yaşlarından başlayıb və bütün ömrünü fotoya həsr etməyə hazırdır.
   
   - Niyə məhz qlamur janrında fotolar çəkməyə üstünlük verirsiniz?
   - Deyirlər, dünyanı gözəllik xilas edəcək. Bu fikri çəkdiyim fotoların əksəriyyətində qabartmağa çalışıram. Bunun üçün qlamur janrı mənə daha yaxındır. Bu janr ilə dünyanın gözəllik və həyat eşqi ilə dolu olduğunu vurğulamaq istəyirəm.
   - Neçə ildir foto sənəti ilə məşğul olursunuz?
   - 5 yaşımdan foto ilə maraqlanmışam. İxtisasca iqtisadçı olsam da, bu iş elə də ürəyimcə olmadı. Başa düşdüm ki, sevdiyim işlə məşğul olmalıyam. Fotoqraf olmaq məqsədini qarşıma qoydum və artıq məqsədimə çatmışam.
   - Fotolarda qurduğunuz maraqlı kompozisiyalar sizin öz üslubunuzun bir göstəricisidir. Bu peşədə öz dəst-xəttini, necə deyərlər, öz brendini yaratmaq nə dərəcədə asandır?
   - Fotoqrafların sayı-hesabı olmadığı bir dövrdə öz brendini yaratmaq, əlbəttə ki, çətindir, amma mümkündür. Yetər ki, həyatda nə istədiyini biləsən və məqsədlərin olsun.
   - Qurduğunuz kompozisiyalarda daha çox açıq rənglərin çalarları diqqət çəkir...
   - Açıq rənglər bütün insanlarda xoş təəssüratlar yaradır. Özüm də bu rənglərə daha çox üstünlük verirəm və bu rənglərlə yaradıcılığımı izləyən insanlarda xoş əhval-ruhiyyə yaratmağa çalışıram.
   - Yaradıcılığınızın vizit kartı hesab ediləcək hansı fotonun adını çəkə bilərsiniz?
   - Əslində belə bir şəkillər var, amma onlar “nyu” janrında olduğu üçün o qədər də geniş yayılmayıb. Çəkdiyim bütün şəkillərimi yaradıcılığımın vizit kartı hesab edirəm.
   - Bu vaxta qədər hansı sərgilərdə iştirak etmisiniz?
   - Bir neçə dəfə Türkiyədə gənclərin fotosərgilərində iştirak etmişəm. Eyni zamanda Bakıda keçirilmiş beynəlxalq fotosərgidə, ABŞ, Kanada və Avropa fotoqraflarının fotosərgisində, Avstriyanın Vyana şəhərində sərgilərdə işlərim nümayiş olunub.
   - Fotomodellərdə sizi cəlb edən nə olur?
   - Təbii ki, model, ilk növbədə, qeyri-adi gözəlliyi ilə fərqlənməlidir. Bir fotoqraf kimi mən daha çox gözlərə fikir verirəm. Əgər onlar məni cəlb edə bilirsə, həmin modeli fotolarıma seçirəm.
   - Fotomodelləri özünüz tapırsınız, yoxsa onlar sizə müraciət edir?
   - Qarşılıqlı olur. Bəzən özləri müraciət edir, bəzən də mən. Bayaq da qeyd etdim ki, əgər modelin gözləri mənim diqqətimi cəlb edə bilirsə, mən özüm ona fotosessiya təklifi edirəm.
   - Hansı fotoqrafların işlərini bəyənirsiniz?
   - Əsasən xarici fotoqrafların işlərinə diqqət yetirirəm, təbii ki, özümü də o səviyyəyə çatdırmağa çalışıram. Riçard Avedon və Arnold Nyumen daha çox bəyəndiyim fotoqraflardır.
   - Nə vaxtsa bu sənətdən uzaqlaşmağı düşünmüsüz?
   - Qeyd etdiyim kimi, ixtisasca iqtisadçıyam. Amma fotoqraf sənətindən uzaqlaşmaq haqqında heç vaxt düşünməmişəm. Özümü bu sənətdə tapa bildiyim üçün ömrümü ona həsr etməyə belə hazıram. Ümid edirəm ki, bu məsələdə həyatımda seçim qarşısında qalmayacağam.
   
   Söhbətləşdi: Yeganə Cansail






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar