Ömrü uzun, gur, sənəti uzunömürlü, nur...
      
   Maral Rəhmanzadə. 1916-cı il iyulun 23-də Bakıda doğulan bu gözəl xanım 40-cı ildən başlayaraq bütün Azərbaycana və Sovetlər İttifaqına özəl bir sənətkar imzası doğurub. O zaman 24 yaşı olan bu qızın təzə-tər tərcümeyi-halında artıq iki ciddi, sanballı məktəb adı vardı: Azərbaycan Dövlət Rəssamlıq Texnikumu (1930-1933) və Moskva Dövlət Rəssamlıq İnstitutu (1934-1940).
  
   “Profilaktik” proloq
  
   1916-2008. Əsrə yaxın bir ömür. Maral xanım doxsan iki il yaşayıb və öz çəki-zəkisində olan bütün sənətkarlar kimi, çox işlər görüb, çox gözəlliklər yaradıb. Sovet əda-modabazlığının, stilizm-futurizminin ən qızğın çağlarında öz möhtəşəm dəzgah rəsmləri silsilələri, çox maraqlı tabloları, qravürləri, kitab qrafikaları və sair janrlı əsərlərilə Azərbaycan qadınını “fatma-tükəzbanlıq” kimi etnoqəliblərdən xilas edən öncüllərdən olub.
   Bu məlum məlumatlar içərisindəki “əsrə yaxın ömür” faktı məni bir yanı qaçaq bir mühakiməyə də iddiaçı edir. Belə ki, təbiət və cəmadətin bir parçası, bir üzvü olan insan - “hər zərrədə min zərrə” baxımından - mənsub olduğu həmin ümmanlarla müqayisədə mütləq geriliyə məhkumdur. Yəni ötən yüzildə təbiət-bəşəriyyət dünyasının yaradıcılıq qalereyası hara, ayrı-ayrı şəxsiyyətlərin, sənətkarların - “altı milyardda bir”lərin etdikləri hara?..
   “Bəşər dünyasının yaradıcılıq qalereyası” dedim, yadıma dünyanın Maral xanıma da dəxli olan çox ünlü bir sənət ünvanı düşdü:
  
   Tretyakov Qalereyası
  
   Böyük sənət şedevrlərinin nümayiş və saxlanc yeri olan bu qalereyaya keçməzdən əvvəl, bizim rəsm edilib oraya veriləsi bir “mentalitet tablomuz” haqda.
   Bəli, zavallı sovet illərində eşidir və səksəninci illərin əvvəllərində yolum düşərkən görürdüm ki, bizim Moskva və Leninqrada (Sankt-Peterburq) gedən həmvətənlərimizin əksəriyyəti milis (polis), metro işçilərindən, avtobus, trolleybus, tramvay sürücülərindən daim hansısa univermaq, yarmarka, bazar və digər ticarət mərkəzlərinə getməyin yolunu soruşurlar. Hələ həmin ünvanlarda növbələri necə pozmağımızı, haçansa Bakıda-Şəkidə olmuş “çoxmillətli sovet zəhmətkeşləri” nümayəndələrinin başa düşdüklərini nəzərə almadan ağzımıza gələni danışmağımızı demirəm. Dünyanın, demək olar, bütün dillərində mədəniyyətin, mədəniliyin bütün lad, dad və kodlarında danışılan “Ermitaj”da, Tretyakov Qalereyasında isə... bu gözəl dilimizin cınqırı çıxmırdı. Yox, demirəm, bizimkilərdən heç kəs oralara getmirdi. Gedirdilər, amma tək-tək hallarda...
   İş elə gətirdi ki, o vaxtlar mənim də yolum bir dəfə - bircə dəfə Moskvaya düşdü və həmin “bazar” etiketimizdən narahatlıq, xəcillik hissi keçirən millətimizin iyirmi-otuz faizlik qismindən olan bir fərd kimi, “ayaqaçdı”mı Tretyakov Qalereyasına etdim. Eşitmişdim ki, oraya ilk dəfə daxil olan hər kəsin başı böyük sənət ab-havasından gicəllənir. Mən isə əməlli-başlı səntirlədim. Əgər giriş qapısının üzbəüzündə asılmış “İsanın zühuru” tablosunun rəhmətlik müəllifi mənim o otuz-qırx metrlik məsafəni necə getdiyimi görmüş olsaydı, çox yəqin ki, “İnsanın təhəri” (tövrü, sənət qəhəri və s.) adlı daha bir şedevr yaradardı. Hətta mən - o vaxt alababat televiziya jurnalisti ola-ola, barmağımla İsa Məsihin sağ ayağına toxundum da ki, görüm, bu, doğrudanmı ət, canlı, real deyil?! Bələdçi qadın isə, yəqin ki, yalan olmasın, qırx ildən bir işlətdiyi bir söz dedi mənə: “Oğul, toxunmaq olmaz...”
   Mən orada öz “Novruzəli”liyimə içimdə bir Vəli xan gülüşü gülüb, adlarını çoxdan eşidib üzlərini görmədiyim Azərbaycan imzalı sənət əsərlərini axtarıb-aramağa başladım. Başqa söhbət-yazıların mövzusu olan başqa sənətkarlarımızla bərabər, burada Maral Rəhmanzadənin də iki əsərini - “Qadınlar müharibə illərində” və “Azərbaycan” tablolarını gördüm. Bələdçi qızdan öyrəndim ki, Maral xanımın fondda daha beş əsəri var. Onlardan ikisinin - “Mənim bacılarım” və “Bizim qızlar”ın adlarını çəkdi, üçünün adlarını isə - çox təəssüf hissi ilə - unutduğunu bildirdi. Dərhal da qeyd etdi ki, əgər vacibdirsə, kataloqa baxıb, deyə bilər. “Vacibdirsə”... Əlbəttə, milli sənətkarımızın həmin əsərlərilə də tanışlıq pis olmazdı. Amma... ortada bir “qan” məsələsi də vardı: mən də, Molla Nəsrəddin demişkən, “bizim kəndçi” idim və yüz ildə bir kərə üç günlüyə yolum düşmüş Moskvanın “nə istəsən tapılar” mağazalarına baş çəkməyi daha vacib saydım. Amma sonrakı saatlarda, günlərdə başqa bir fəndlə bu mental xəyanətimin əvəzini çıxdım. Belə ki, hər metro işçisi, milis və digər diqqətcil - ictimai rəy formalaşdıra biləcək insanlarla rastlaşdıqca, yorulmadan, təkrar-təkrar - özü də qəsdən periferik aksentlə soruşurdum: “Bağışlayın, Tretyakov Qalereyası”na necə getmək olar?”
  
   Bəs tamaşaçı qəlbinə?..
  
   Deyirlər, kişi qəlbinə yol mədəsindən, qadın qəlbinə qulağından keçir. Qadın keçmişinə, kişi gələcəyinə görə sevilir. Bəs sənət? Məncə, sənət özündəki, mahiyyətindəki qəlbə görə sevilir. Elə ki, sənət qəlibə salındı, onda qəlb olmaz. Amma o əsərdə ki qəlb var, onun qarşısında laqeydlik ola bilməz. Oxucu, dinləyici, tamaşaçı qəlbi ilə əsər qəlbi tutuşanda isə “Tutuşdu qəm oduna şad gördüyün könlüm!” kimi şedevrlər yaranasıdı. Özü də ilk oxudan, ilk dinləmdən, ilk baxışdan. Belə hallarda istisnalar da mümkündür, lakin nə qəm, sənətkarlar, müdriklər bunun da dərmanını deyiblər. Birini də Sokrat deyib: “İlk baxışda vurulmamaq və ya ikrah etməmək üçün nə etmək olar” sualına “İkinci dəfə daha diqqətlə baxmaq gərək” cavabını verib.
   Amma bizim əksər telekanallarımız əcnəbi meqapolislərdə daha çox bazarlara baxırlar və haçansa birinci baxışda vurulduqları bu qəribə “milli dominantlığımız”a ikinci, üçüncü dəfə də heyranlıqlarını bildirirlər. Mikayıl Abdullayevlərin, Tahir Salahovların, göstərmə vasitəsinə malik olmadığımızdan bütün şücaətilə təqdim edə bilmədiyim bu yazı qəhrəmanımın obrazlarına yubileydən-yubileyə baxıb-baxdırırlar. O qəhrəmanım ki, Koroğlunun qılıncla səfər edə bilmədiyi məmləkətlərə fırça ilə yürüyüb və oraların bir neçəsində daimi məskən salıb: Amerika, İngiltərə, Kuba, İran, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan...
   Özü ilə yalnız “Şöhrət”, “Şərəf nişanı” ordenləri, Prezident təqaüdü şərəfi aparan bu gözəlliklər xanımı bizə çox şeylər qoyub getdi.
   Bir çox qələmlər-kameralar belə-belə məsələlərə uymasa da, Mərdəkan qəbiristanlığında uyuyan bir məzardan dalğalanan bir ruh, yəqin ki, bunları duyur...
  
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar