Elxan Əzizov 70 illik ömrünün 50 ilini səhnədə keçirib
  
   Elxan Əzizov 1941-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1964-1967-ci illərdə Mədəni-Maarif Texnikumunda təhsil almış, təyinatla Şəki şəhərində işləməyə başlamışdır.
   1967-ci ilin sentyabrında Oğuz rayon Mədəniyyət evinə bədii rəhbər vəzifəsinə təyin olunmuşdur. O vaxtdan Mədəniyyət evində direktor, xalq teatrının rejissoru, metodist kimi çalışmışdır. İki oğlu, bir qızı, dörd nəvəsi var.
   1971-ci ilin noyabrında rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən dram kollektivinə “Xalq teatrı” adı verilib. Xalq teatrının ilk olaraq hazırladığı İ.Əfəndiyevin “Bahar suları” tamaşasında Qulu rolunu E.Əzizov ifa etmişdir. Həmin vaxtdan 24 tamaşada, 40-dan çox satirik səhnəcikdə və intermediyalarda rol alan E.Əzizov elə ilk vaxtlardan oğuzluların sevimlisinə çevrilmişdir. Şəhər mədəniyyət və istirahət parkında yaradılmış “Gülüş çələngi” miniatür teatrında respublikanın 28 rayonunda məktəblilər qarşısında tamaşalar oynamışdır.
   C.Məmmədquluzadənin “Ölülər”ində Şeyx Nəsrullah, S.S.Axundovun “Laçın yuvası”nda Əmiraslan ağa, “Tamahkar”da Hacı Murad, M.F.Axundovun “Molla İbrahimxəlil kimyagər” komediyasında Molla İbrahimxəlil, Ü.Hacıbəylinin “Ər və arvad” musiqili komediyasında müxtəlif vaxtlarda Kərbəlayı Qubad, Mərcan bəy, “Arşın mal alan”da Sultan bəy, “O olmasın, bu olsun”da Hambal, Əfqan Əsgərovun “Qız atası” komediyasında Cavad kişi, Salam Qədirzadənin “Şirinbala bal yığır” komediyasında Əşrəf kişi, İsi Məlikzadənin “Oyanmış xatirələr”ində İlyas və b. rolları oğuzluların yaddaşında silinməz iz qoymuşdur.
   İyulun 18-də Oğuzdakı Mədəniyyət mərkəzində Elxan Əzizovun anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyi münasibətilə yubiley tədbiri keçirildi. Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü ilə keçirilən tədbirdə iştirak edənlər - mədəniyyət və turizm şöbəsinin müdiri Ulduz Baxışova, RİH-nin müavini Yusif Naxçıvanski, YAP rayon təşkilatının sədri Saleh Məhərrəmov, təhsil şöbəsinin müdiri Elçin Kərimov, gənclər və idman idarəsinin rəisi Ramiz Mahmudov, əhalinin sosial müdafiə mərkəzinin nümayəndəsi İntiqam Alməmmədov və başqaları E.Əzizovun gözəl insani keyfiyyətlərindən, sənətinə sədaqətindən, səhnədə və həyatda onunla bağlı xoş anlardan danışdılar.
   Sənət yoldaşları Şərqiyə Fərzəliyeva və Vaqif Səmədovla səhnəni paylaşan Elxan Əzizov yenidən tamaşaçılarına gülüş dolu dəqiqələr yaşatdı. Müxtəlif vaxtlarda oynadığı tamaşaların video nümayişi və konsert proqramı ilə müşayiət olunan tədbirdə yubilyara Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanı, eləcə də dəvətlilərin hədiyyələri təqdim olundu. Hər kəs Elxan Əzizova cansağlığı və xoşbəxtlik arzuladı. Biz də bu təbriklərə qoşuluruq: 70 yaşınız mübarək!
   
   Qəsidə Hüseynova,
   Oğuz







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar