Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri buta - badamabənzər naxış növüdür. Qədim zamanlardan şifahi və yazılı ədəbiyyata, sənətə türk etnosunun mifoloji düşüncəsinin bir simvolu kimi daxil olan buta elementlərindən bu gün də istər incəsənətdə, istərsə də məişətdə naxış kimi geniş istifadə edilir. Bəs əslində buta nədir və özündə nəyi ehtiva edir?
Butalar forma etibarilə 4 qrupa bölünür: xalça bəzəyində istifadə edilən butalar, ailə həyatı və məişəti ifadə edən butalar, rəmzi məna daşıyan butalar və müxtəlif formalı butalar.
Sonunculara zərxara, yanar, qıvrım, çiçəkli və s. butalar daxildir. Rəmzi məna daşıyan butalar zaman keçdikcə tədricən müxtəlif məzmunlu və formalı motivlərlə zənginləşmişdir. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Onu oda bənzədənlər də az deyil. Dizaynerlər və folklorşünas alimlər isə buta elementini müxtəlif cür izah edirlər. Çiçək ləçəyinin və sərv ağacının sintezi kimi də qəbul edilən buta atəşpərəstlikdə həyatın və əbədiliyin simvolu olub. Butaya naxış olaraq xalçalarda daha çox rast gəlinir.
Azərbaycanın öz butası var
Xalçaçı rəssam Eldar Mikayılzadə deyir ki, buta elementləri mənşəyinə görə fərqlənir: “Dünyada mənşəyi Hindistandan, Ərəbistandan və digər yerlərdən olan butalar var. Azərbaycanın isə öz butası var. Onların da öz mənaları var. Bizdə mənası su damcısı olan, insan xasiyyətini, əhvalını göstərən butalar da var. Küsülü buta, hamilə butaya da Azərbaycan incəsənətində rast gəlinir”.
Rəssam butanı sırf atəşpərəstliklə bağlamağı düzgün saymır: “Sovet hakimiyyəti illərində bizi öz tariximizdən, kökümüzdən ayırmağa çalışırdılar. Hətta məqsədli şəkildə bizim tariximizi Midiya tarixinə bağlamağa çalışırdılar. Azərbaycanlılar türkdilli xalq olaraq atəşpərəst olmayıblar. Amma burada atəşpərəstliyə pərəstiş edən insanlar yaşayıb. Odur ki, Azərbaycan butasını atəşpərəstliyə bağlamaq yanlışlıq olardı”.
Xalçaçı rəssam onu da vurğulayır ki, Şirvan, Gəncə, Bakı xalçalarında buta elementlərinə daha çox rast gəlinir. Azərbaycanda ən çox işlənən sərv ağacı, şabalıdı, insanın həyat və məişətinə aid olan butalar olub.
Buta milliliyin göstəricisidir
Buta Azərbaycanla yanaşı Orta Asiya və Yaxın Şərq ölkələrinin parça və metal məmulatlarında, dekorativ və tətbiqi sənətində geniş yayılıb. Hələ 1935-1936-cı illərdə Bakıda yaradılan zərgərlik fabrikində badamı, paxlava və buta kimi bir çox ənənəvi motivlərdə dekorativ üsulla zərgərlik məmulatları emal edilirdi. Bu gün də zərgərlik məhsullarında onun elementlərinə çox rast gəlmək olur.
Araşdırmalar zamanı məlum olur ki, buta elementindən sovet hakimiyyəti illərində memarlıqda demək olar ki, istifadə olunmayıb. Binaların tikilməsində bir çox hallarda əcnəbi mütəxəssislər tərəfindən verilən layihələr qəbul olunurdu ki, təbii ki, onlar da bu qədim türk naxış elementindən istifadə etməyiblər. Amma bu gün bəzi binaların fasadında buta elementlərinə də rast gəlmək olur. Yeri gəlmişkən, butadan milli geyimlərdə geniş istifadə olunması ənənə halını alıb. Maraqlıdır ki, bu gün hətta mülki aviasiyada - hava gəmisinin kapitanı və bələdçi geyimlərində də milli ştrixlər-buta ornamenti də təsvir olunub.
Azərbaycan türklərində buta simvollaşıb
Buta sadəcə təsviri incəsənətimizin deyil, eyni zamanda folklorumuzun, şifahi xalq ədəbiyyatımızın əhəmiyyətli ünsürlərindəndir. Tədqiqatçı alim Məhsəti İsmayılın fikrincə, folklorda butanın ulu əcdadlarımızın kosmoqonik düşüncəsinin daşıyıcısı missiyasını yerinə yetirir: “Qədim insanların düşüncəsində su, bitki, dağ və digər varlıqlar müqəddəs hesab edilərək, həyatın ilkin başlanğıcı sayılırdı. Bu baxımdan buta nəslin davamı, artımın simvoludur. Buta Azərbaycan dastanlarında aşiq və məşuq arasında xəyali təmas rolunu da oynayır”.
M.İsmayılın sözlərinə görə, butanın Azərbaycan incəsənətində müxtəlif konkret tarixi dövrlərdə təşəkkül tapmasından danışmaq mümkün olsa da, xalqın mifoloji fikri olaraq onu tarixə sığdırmaq mümkün deyil. “Butaya naxış olaraq, ornament olaraq müxtəlif xalqlarda rast gəlinir. Ancaq Azərbaycan türklərində artıq bu, simvollaşıb. Buta yaşamın simvolu, həyatımızın naxışıdır. Diqqət etsək görərik ki, buta həm də yaranışın ilk rüşeymini də xatırladır. Buta yaşamın özü deməkdir. Sanki butada hər bir şey ardıcıl olaraq düşünülərək bir nöqtədə birləşdirilib”.
Ceyhun Zərbəliyev