Adil İsgəndərov - 100
III yazı
Adil müəllimli günlərimiz
Kinorejissor və aktyor Əbdül Mahmudovla hər dəfə görüşüb nə barədəsə söhbət edəndə qeyri-ixtiyari olaraq söhbətimiz görkəmli sənətkar Adil İsgəndərovun üstünə gəlib çıxır. Bu dəfə də belə oldu. O, İraq səfərindən söz saldı və dedi:
- Kərbəlada müqəddəs yerləri ziyarət edəndə valideynlərimlə bərabər Adil müəllimə də dönə-dönə rəhmət oxumuşam.
Mən A.İsgəndərov barəsində xatirə yazdığımı ona söylədim. Çox sevindi, “bilirsən nə qədər savab iş görürsən?” - dedi.
Ə.Mahmudov kinostudiyada A.İsgəndərovla bir yerdə işləyəndə onların arasında ata-oğul münasibətləri mövcud idi. Bunu onun yadına salanda dedi:
- Bunun bir neçə səbəbi var. Birincisi, mən onun xətrini çox istəyirdim, lap çox. O, özü də bunu yaxşı bilirdi. Mənim səmimiyyətimə inanırdı. Ailəmizi də yaxşı tanıyırdı. Hətta bir dəfə söhbət əsnasında gözlənilmədən mənə demişdi: «Qadam, mən elə bilirdim ki, sən raykom oğlusan. Sən demə, atan çoxdan rəhmətə gedibmiş..». Atam II Dünya müharibəsində aldığı yaralardan cavan ikən vəfat etmişdi. İkincisi, məni ona bağlayan A.İsgəndərovun görkəmli rejissor və aktyor olması idi. İllər keçdikcə bizim bu sənət münasibətimiz, ustad-şagird münasibəti səmimi ata-oğul münasibətinə keçdi. Məhəmməd peyğəmbərin belə bir kəlamı var: “Allahın nəzərində ən yaxşı əməl odur ki, az da olsa, daimi və ardıcıl olsun”. Böyük sənətkar, böyük insan Adil İsgəndərov bütün ömrü boyu əməlində, işində, hərəkətində düz olub, əyriliklə işi olmayıb. Biz onu belə görmüşük, belə tanımışıq...
Mən Əbdülün Adil müəllimlə mənim yanımda olmuş bir söhbətini yada saldım. O, gülümsündü və dedi:
- O vaxt mən Moskvada ikiillik rejissorluq kursunu bitirib diplom müdafiəsinə hazırlaşırdım. Kurs rəhbərliyinin təsdiq etdiyi mövzuda film çəkməli idim. Bu məsələni həll etmək üçün Adil müəllimin yanına gəldim. Sonrakı söhbətimizi sən məndən də yaxşı xatırlayırsan. Çünki mən o söhbət vaxtı bərk həyəcan keçirirdim.
Müsahibim haqlı idi. O vaxt belə qayda vardı. Müxtəlif respublikalardan gəlmiş tələbələr Moskvada təhsil alırdılar. Amma diplom işlərini hərə öz respublikasında çəkməli idi. Düzdür, digər respublikalardan fərqli olaraq bizim kinostudiyamızda bu, müşkül məsələ deyildi. Cavanlar üçün yaşıl işıq yandırılmışdı. Çünki “Azərbaycanfilm” kinostudiyasına Adil İsgəndərov kimi bacarıqlı təşkilatçı rəhbərlik edirdi. Bununla belə, tələbə üçün diplom müdafiə etmək və ya diplom filmi çəkmək çox böyük məsuliyyət tələb edən bir iş idi. Kinostudiyaya Adil İsgəndərovun yanına getdik, hal-əhvaldan sonra Əbdül təhsili, diplom işi barədə Adil müəllimə məlumat verdi və sözünün axırında gətirdiyi mövzunu ona təqdim edib dedi: “Bizə tapşırdılar ki, hər kəs filmi öz studiyasında çəkməlidir”. Ortalığa dərin sükut çökdü. Əbdül də, mən də gözümüzü Adil müəllimə dikib onun nə cavab verəcəyini gözləyirdik. Birdən direktorun üzünə qeyri-adi təbəssüm qondu. O, gözlərini qıyıb, özünəməxsus yumorla dedi:
- Qada, gedirsən, gəzirsən, dolanırsan, yaxşı-yaxşı kostyumlar alırsan, geyinirsən, onda Adil müəllim heç yada düşmür. İşin düşəndə Adil müəllimin yanına gəlirsən. Bu necə olan işdir?
Adil müəllimin bu zarafatına hamımız gülüşdük. Əslində o, Əbdülü bir qədər narahat görüb zarafatı ortaya atmaqla onu nigarançılıqdan qurtardı. Sonra Əbdülə dəyərli məsləhətlər verdi, ona uğurlar dilədi.
O, bizə mərdlikdən də dərs deyirdi
O tələbə xoşbəxtdir ki, sənət əxlaqının, sənət mənbəyinin başlanğıcını və ilhamını Adil müəllimdən alıb. Bu kişi tələbələri üçün hər şey idi: ailə həyatlarından tutmuş sənət talelərinə kimi.
Sənədli filmlər rejissoru, “Azərbaycanfilm” kinostudiyasının direktoru Xamis Muradov Adil müəllimin tələbəsi olub. Bir gün kinostudiyada Xamis müəllimin iş otağında oturub onunla Adil İsgəndərov barədə söhbət edirdik. O, böyük sənətkarın divara vurulmuş portretinə diqqətlə baxdığımı görüb dedi:
- Adil müəllimin portretinə baxanda özümdə bir inam hiss edirəm. Çünki o, mənim üçün adi bir müəllim deyil, doğma və əziz adam olub, mənə sənət öyrədib, əlimi çörəyə çatdırıb. Mən bunu heç vaxt unutmaram. Qətran Təbrizinin belə bir sözü var: “ Müəllim öyrədə bilməyənləri həyat özü öyrədəcək”. İş burasındadır ki, Adil İsgəndərov bir pedaqoq kimi, bir insan kimi öz tələbələrinə həyatı öyrədib, tələbələrinin sonrakı taleyi ilə həmişə maraqlanıb, yeri gələndə kömək edib.
O, bizə həm sənətdən, həm də həyatdan, kişilikdən, qeyrətdən, mərdlikdən dərs deyirdi. Həyatı dərk eləmək, elə sənəti dərk eləməkdir. Mən İncəsənət Universitetinin kino və dram aktyoru fakültəsini bitirmişəm. Universitetdən sonra da Adil müəllimlə tez-tez görüşür, ondan məsləhətlər alırdım...
Mənim yadıma Xamis Muradovun həyatında dönüş nöqtəsi olan bir hadisə düşür. 1968-ci il idi. Bakıda onun işləri alınmadığından burada qalmaq istəmirdi. Qəti qərara gəlmişdi ki, həmişəlik rayona qayıtsın. Məsləhət üçün yox, vidalaşmaq üçün Adil müəllimin yanına gəlir. Fikrini ona bildirir. Direktor onu axıra qədər dinləyib soruşur:
- Qadam, sözünü qurtardın?
Sonra yerindən qalxıb aram-aram keçmiş tələbəsinə yaxınlaşır, əlini çiyninə qoyub deyir:
- Elə deyək ki, getdin rayona, uzaqbaşı oldun mədəniyyət evinin direktoru. Bəs sonra? Yox, yox. Sən kinoda işləməlisən. Mən səni göndərəcəyəm Moskvaya, ikiillik ali rejissorluq kursuna. Gedib oxuyarsan, sənədli filmlər rejissoru olarsan...
Adil müəllim sözübütöv adam idi. Sözünün üstündə durdu, Xamisi Moskvaya oxumağa göndərdi. Hətta qəbul zamanı ortaya əngəl çıxanda yenə də Adil müəllim tələbəsinin köməyinə çatdı. Həmin hadisəni Hacı Xamis belə xatırlayır: “Sənədlərin qəbulu vaxtı mənə dedilər ki, əgər kinostudiya təhsil haqqını ödəməyi öhdəsinə götürməyə razılıq verərsə, onda sənədlərimi qəbul edəcəklər. Adil müəllimə zəng vurub kursun rəhbərliyinin şərtini ona bildirdim. Cavabı qısa oldu: “Qadam, səni oxumağa göndərmişəm. Deməli, sən oxumalısan, vəssalam. Oradakıları yaxşı-yaxşı başa sal ki, biz təcili məktub göndərərik. Sən işində ol”.
Adil İsgəndərovun məsləhəti, köməkliyi və səyi ilə mən təhsil alıb, sənədli filmlər rejissoru kimi doğma kinostudiyaya qayıtdım. O vaxtdan da burada işləyir, filmlər çəkirəm. Bir gün də olsun Adil müəllimi unutmuram. Bu gün Adil müəllimin aramızda olmaması sənət aləmində bir boşluq yaradıb; teatrda, kinoda, təhsildə. Adil müəllim barəsində sənədli film çəkəndə kinolentin adı öz-özünə yarandı: “Boşluq”. Hətta Bakıda görkəmli sənətkarın Bülbül və Xəqani küçələrinin kəsişdiyi yerdə yaşadığı evin divarında uzun illər xatirə lövhəsinin olmaması burada da Adil müəllimlə bağlı bir boşluğun olduğunu hiss elətdirirdi. Nəhayət, filmimiz ekranlara çıxdıqdan sonra bu boşluq aradan götürüldü.
İndi hər dəfə yolum həmin binanın qarşısından düşəndə Adil müəllimin xatirə lövhəsi qarşısında durub gözəl sənətkarımıza, əziz müəllimimə “Allah sənə rəhmət eləsin” deyirəm. Hər dəfə də onun barelyefinə baxanda ölməz Şəhriyarımızın qələmə aldığı misralar yadıma düşür:
Kaş geri dolana zamanın çərxi,
Sən yenə müəllim, ustad olasan.
Biz də o məktəbli, dəcəl balalar,
Onda biz qoymazdıq sən qocalasan.
Qərar ədalətli idi
Adil İsgəndərov İncəsənət İnstitutunda dərs deyirdi. Görkəmli pedaqoq kimi tanınmışdı. Tələbələri məhz onun sinfində oxumaları ilə fəxr edirdilər. O, bacarıqlı istehsalat təşkilatçısı idi. Kinostudiyada elə bir qayda-qanun yaratmışdı ki, hər bir işçi öz işilə məşğul olurdu. Bütün kollektiv kino istehsalını lazımi səviyyəyə qaldırmaq üçün var qüvvə ilə çalışırdı.
A.İsgəndərov professional kinoaktyor idi. Onun çəkildiyi film ekranlara buraxılanda tamaşaçılar Adil İsgəndərova baxmağa gedirdilər. Bir dəfə yazıçı, kinodramaturq, kinorejissor Həsən Seyidbəyli “Axırıncı aşırım” bədii filmi ilə bağlı mənə maraqlı bir əhvalat danışdı. 1972-ci ildə Ümumittifaq kinofestivalı Tbilisi şəhərində keçirilirdi. Həmin kinofestivalda Azərbaycan kinosunu “Axırıncı aşırım” bədii filmi təmsil edirdi. Film festivalda böyük müvəffəqiyyət qazandı. İstər tamaşaçılar, istərsə də festivalın münsiflər heyəti tərəfindən maraqla qarşılandı. Filmdə baş rolların ifaçıları Adil İsgəndərov və Həsən Məmmədov Kərbəlayının və Abasqulu bəyin surətlərini o qədər təbii və inandırıcı yaratmışdılar ki, münsiflər heyətinin üzvləri ən yaxşı kişi roluna görə mükafatı bu iki aktyordan hansına verəcəklərini müəyyənləşdirə bilmirdilər. Ona görə də onlar üç təklif irəli sürmüşdülər: bəziləri deyirdilər ki, ən yaxşı kişi roluna görə mükafat Adil İsgəndərova verilməlidir. Digərləri isə mükafatın Həsən Məmmədova verilməsini təkid edirdilər. Üçüncü təklif isə belə idi ki, ən yaxşı kişi roluna görə mükafat hər iki aktyor arasında bərabər bölüşdürülsün.
H.Seyidbəyli münsiflər heyətinin üzvü kimi üçüncü təklifin tərəfdarı idi. Məhz onun təkidi ilə münsiflər heyəti çox ədalətli qərar qəbul etdi: festivalın mükafatı hər iki istedadlı sənətkar arasında bərabər bölüşdürüldü.
İstər kinoda, istərsə də teatrda az aktyor tapılar ki, ekranda və ya səhnədə görünəndə elə həmin anda tamaşaçını özünə cəlb edə bilsin. Adil İsgəndərov tamaşaçını daim öz cazibəsində saxlaya bilən sənətkar idi. Onun sənətkarlığı şöhrətin zirvəsindən görünürdü. Ötən illər bir daha təsdiq edir ki, İsgəndərov şəxsiyyəti, böyük sənəti Azərbaycan mədəniyyəti və incəsənətində əlçatmaz zirvədir.
Adil müəllim böyük sənətkar idi, böyük şəxsiyyət idi, mərd insan idi. Sağlığında hər dəfə onunla görüşəndə yadıma dahi şairimiz M.Ə.Sabirin şeirindən bir misra düşürdü:
Bənzərəm bir qocaman dağa ki, dəryada durar...
Günlərin bir günü dərya təlatümə gəldi, coşub daşdı. Qocaman dağ yerindən oynadı, bu böyük insan gözlərini əbədi yumdu. Gözlərini yumdu ki, əbədi yaşasın: qohum-əqrəbanın, dost-tanışın, həmkarlarının, tələbələrinin, saysız-hesabsız pərəstişkarlarının xatirəsində, sənətində, ekranda yaratdığı qəhrəmanlarının simasında, teatr və kino tarixində...
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi