Gənc rejissor Rüstəm Babazadə «Adəmin həvvaları haqqında” adlı tammetrajlı film çəkmək istəyir
   
   May ayında Fransanın Kann şəhərində keçirilən ənənəvi kinofestival Azərbaycan üçün daha çox qısametrajlı filmlər bölməsi ilə yadda qaldı. Xəbər verdiyimiz kimi, festivalın “Short Film Corner” bölməsinə azərbaycanlı rejissor Şamil Əliyevin “İz...Qala” sənədli filmi təqdim olunmuşdu. Bu bölməyə filmi təqdim olunan digər həmyerlimiz isə gənc rejissor Rüstəm Babazadədir.
   
   Kinoda debütü olan “Adəmin həvvaları haqqında” qısametrajlı filmi ilə festifala qatılan rejissor təəssüratını bizimlə bölüşdü: “Filmin süjet xətti bir qədər fərqlidir. 14 dəqiqəlik filmdə mən və Rus Dram Teatrının aktyoru Zaur Şəfizadə çəkilmişik. Filmdə iki personajın kafedə oturub həyatın qəliz mövzuları barədə söhbətindən bəhs edilir. Demək olar ki, film dialoqlardan ibarətdir”.
   Rejissor gələcəkdə “Adəmin həvvaları haqqında” filmini tammetrajlı şəkildə çəkmək istədiyini bildirdi. Onun sözlərinə görə, Kann festivalında bu barədə bir neçə ölkədən təklif də alıb: “Bu filmin Əbu-Dabidə (Səudiyyə Ərəbistanı) yenidən nümayişi üçün mənə təklif gəldi. Başqa bir neçə festivala da dəvət almışam. Ümumiyyətlə, Kann festivalında iştirak etmək mənə çox böyük stimul verdi. Orada dünyanın bir neçə məşhur ulduzları ilə tanış oldum. Hazırda növbəti qısametrajlı film üzərində işləyirəm. Yaxın aylarda hazır olacaq”.
   Xatırladaq ki, Kann kinofestivalında “Short Film Corner” bölməsi üzrə finlandiyalı rejissor Yuxo Kuosmanenin "Rəsm əsəri satıcıları" filmi birinci mükafata və 15 min avroya layiq görülüb. İkinci mükafatı və 11 min avronu fransız rejissor Vinsentu Kardonun "Dünyadan başqa istənilən yerdə" filmi alıb. Dəyəri 7,5 min avro olan üçüncü mükafatı isə Vatçe Bulquryanın "Beşinci kalon" (ABŞ) və Serbiyadan Dayn Komleynin "Mən artıq istədiyim hər şeyə sahibəm" filmləri bölüşüblər. Onu da qeyd edək ki, bu il “Short Film Corner” bölməsinə 15 minə qədər fim təqdim olunmuş və onlardan yalnız 200-ə qədəri festivalın şərtlərinə uyğun gəlmişdi.
   Kann festivalına təqdim olunmuş “İz...Qala” sənədli filminin rejissoru Şamil Əliyev həmin müddətdə Xarkovda beynəlxalq kinofestivala qatıldığından Fransaya gedə bilməyib. Bununla belə, o Kann festivalında filmin nümayişindən sonra tamaşaçı məktubları aldığını deyir: ““İz...Qala” sənədli filminin nümayişindən sonra bir neçə tamaşaçıdan, həmçinin Türkiyə kinematoqrafçılarından da məktublar aldım. Filmin nümayişi üçün bir neçə yeni təklif də almışam. Hazırda filmi yenidən başqa festivallara göndərməyi düşünürük”.
   
   Yeganə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar