“Kukla” mövzusu dünya kinosunda dərin məzmunlu filmlərin ideya mənbəyi kimi həmişə tamaşaçı auditoriyasının diqqətini cəlb edib.
Qərb kinosunda məsum simalı klounlar, kuklalar və sair nağıl qəhrəmanları (“Casusların uşaqları”, “Betmen”, “12-ci krallıq” və s. filmlər) dəhşət və kriminal janrların xoşagəlməz süjet xəttini təşkil etdiyi halda, sovet kinosunda bu mövzu uşaqları ekran qarşısına toplayaraq onların tərbiyəsində rol oynayan ideoloji təbliğat vasitəsi idi. Bu baxımdan, Qərb kinosunda uşaq filmləri əsasən “qalib gəl, hökmranlıq et” devizi altında ekranlaşdırıldığı halda, sovet uşaq filmləri tamaşaçıya «qüsursuz» sosialist cəmiyyətini təqdim edirdi. Qərb filmlərindəki aqressiv “kukla” obrazlarından fərqli olaraq, sovet kinosundakı “Buratino”, “Şir evdən getdi”, “Ruslan və Lyudmila”, “Morozko” kimi filmlərdə xeyirin şər üzərində qələbəsi, müsbət qəhrəmanların tərənnüm edilməsi əksini tapır.
Müasir kinematoqrafiyada isə kuklalar mövzusu uşaq filmləri çevrəsindən xeyli kənara çıxaraq ictimai-siyasi mahiyyət kəsb edir. Bu məqam Azərbaycan kinematoqrafçılarının nəzərindən də yayınmayıb.
2009-cu ildə “Sınaqfilm” prodüser mərkəzində istehsal olunan «Kuklalar” filmi buna misaldır. Filmin ssenari müəllifi Ramiz Fətəliyev, quruluşçu rejissoru Natiq Rəsulov, operatoru Yuri Varnovski, rəssamı Rövşən Mehdiyevdir. Filmdəki canlı “kuklalar”da ötən əsrin 80-ci illərinin sonu -90-cı illərin əvvəllərini təsvir edən qəmli həyat tarixçələrini görürük.
Ekran əsəri yeniyetməlik dövrü 80-ci illərin sonuna təsadüf edən gənclərin həyatındakı mənəvi boşluqdan və bunun xoşagəlməz nəticələrindən bəhs edir. Filmin baş qəhrəmanları yaşadıqları məkanda, ailədə özlərini tapa bilməyən gənclərdir. Həyata müstəqil qədəm qoyan yeniyetmələr ailələrinə kömək və gələcəklərini qurmaq məqsədilə evə qazanc aparmalıdırlar. Ölkədə olan siyasi böhran, iqtisadi tənəzzül isə onların həyatlarını nizamlamağa imkan vermir. Çarəsizlikdən cüzi bir gəlirə razılaşan gənclər dənizkənarı parkda insanları əyləndirəcək canlı kuklalara çevrilməli olurlar. Müstəqil həyata nikbin arzularla atılan yeniyetmələrin kədərli həyatları elə ilk baxışda gözəl görünən, sonra isə lazımsız bir əşya kimi soyuqqanlılıqla bir küncə atılmış tozlu kukla libaslarına bənzəyir.
Gənclərin fərdi həyat tarixçəsi də ürəkaçan deyil. Bəzisinin ona qətiyyən məhəl qoymayan sərxoş atası, kimisinin hər addımında nöqsan axtaran ögey atası var.
Bu gənclər sanki cəmiyyətin və ailəsinin biganə yanaşdıqları talesiz “Kuklalar”dır. Rəhmsiz həyat səhnəsinin baxımsız kuklasına çevrilmiş, cansıxıcı həyatdan bezmiş, üzləri gülüşə həsrət olan bu yeniyetmələr həmin dövrün ictimai-siyasi reallıqları ilə yaşamağa məcbur olan azərbaycanlı gənclərin ümumiləşdirilmiş obrazlarıdır. Onlar həyatda öz yerlərini tapa bilməmiş gənclərdir. Filmin finalında arzuları puç olan gənclərin azadlıq uğrunda küçələrə axışan kütləyə qoşulması, bunun ardınca isə bəzilərinin cansıxıcı mühitdən uzaqlaşaraq başqa ölkəyə üz tutması, bəzilərinin döyüş bölgələrində, bəzisinin isə 20 Yanvar gecəsində həlak olması təsvir edilir.
Kinodramaturq Ramiz Fətəliyev Qarabağ döyüşlərində və 20 Yanvar hadisələrində gülləyə tuş gələn azərbaycanlı gənclərin yarımçıq qalmış həyatlarını, onların da digər həmyaşıdları kimi sevdikləri peşənin arxasınca gedərək cəmiyyətdə müəyyən mövqe tutmaq yerinə müharibənin qurbanına çevrilməsini ürək yanğısı ilə vurğulayır.
20 Yanvar gecəsində şəhərimizə soxulan rus qoşunlarının zirehli tanklarının altında əzilən Balunun (Emil Zöhrabov) talesizliyində dəmir kimi soyuq qəlbli olan, onun haqqını tapdalayan, şəxsiyyətinə hörmət etməyən insanların da payı var. Filmdə “Kuklalar” kimi hər gün “müştəri” tapmaq məqsədilə parkın daimi sakinlərinə çevrilən əxlaqsız qadın obrazları var. Bu obrazlar da həyatın acı həqiqətlərinin filmdə daha bir təsviridir.
Filmin ilk kadrları sadə görünsə də, hadisələrin axarında insanların sosial şəraitini, ictimai hadisələrin psixoloji təhlilini, sənədli kadrlarla sintezləşdirilmiş komponentlərini görürük. 1990-cı ilin Qanlı Yanvar gecəsində Bakıya soxulan rus hərbi qoşunları tərəfindən qətlə yetirilmiş, tanınmaz hala salınmış onlarla həmyerlilərimizin cəsədlərini əks etdirən sənədli kadrlar bu gün də sivil dünyanın dəhşətlə izləyəcəyi mənzərədir. Onu da qeyd edək ki, filmdə istifadə olunan bu sənədli kadrların müəllifi Ramiz Fətəliyevdir. Onun bədii janrda belə bir mövzuya müraciət etməsini şahidi olduğu hadisələrin dəhşətini tamaşaçılara məhz psixoloji nüanslarla, daha yaxından emosionallıqla çatdırmaq istəyi kimi qəbul etmək olar. Siyasi oyunların güdazına gedən insanların acınacaqlı talelərindən bəhs edən, psixoloji-mənəvi gərginliklərlə dolu olan kadrlar ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərin əvvəlinin mənzərəsini bir daha göz önündə canlandırır, həmin dövrdə respublikamızda yaşanan proseslərin kino təhlilini verir.
Mənəvi-etik problemlərə toxunulan bu filmdə erməni fotoqraf Jora (Vahid Əliyev) obrazı da var. Bu obraz Bakı ermənilərinin ümumiləşdirilmiş siması kimi göstərilib. Ermənilər tərəfindən dədə-baba yurdundan qovulmuş, ardı-arası kəsilmədən Bakıya gələn qaçqın və köçkünlərin vəziyyətinə Joranın peşman baxışları filmin maraqlı səhnələrindəndir. Joranın xaricdə yaşayan qızının yanına köçməsinə köməklik edən azərbaycanlı gənclər bir neçə kadrdan sonra doğma torpaqları erməni işğalçılarından qorumaq uğrunda savaşa atılmalı olurlar.
“Kuklalar” filmi 20 Yanvar gecəsində rusların zirehli tanklarının altında qətlə yetirilən, Qarabağ müharibəsində şəhid və əlil olan yeniyetmə və gənclərin nakam talelərinə həsr olunmuş abidədir. Kinodramaturq Ramiz Fətəliyev qələmə aldığı qəhrəmanlarının taleyinə şəxsi mövqeyindən yanaşaraq hadisələrə dəqiq münasibətini bildirir. Əminəm ki, zəngin həyat təcrübəsinə malik olan kinodramaturqun bundan sonrakı yaradıcılığında həyatımıza yaxından nəzər salan yeni ekran əsərlərini görəcəyik.
Şəhla Bürcəliyeva,
kinoşünas