İyunun 17-də ənənəvi Moskva Beynəlxalq Kinofestivalı işə başlayıb. 32-ci dəfə keçirilən festival iyunun 26-dək davam edəcək.
Dünya kinosunda nüfuzlu müsabiqələrdən sayılan Moskva Kinofestivalında müxtəlif vaxtlarda Akira Kurosava, Stenli Kreymer, Federiko Fellini, Françesko Rozi, Damiano Damiani, Qleb Panfilov, Sergey Gerasimov, Cek Nikolson, Janna Moro, Meril Strip, Harvi Keytel, Fanni Ardan, Jerar Depardye və bir çox dünya şöhrətli rejissor və aktyorlar mükafatlar alıb. Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən budəfəki festivalın prezidenti və təşkilatçısı tanınmış rejissor və aktyor Nikita Mixalkovdur. Festivalda filmlər “Əsas”, “Perspektivlər”, “Müsabiqədənkənar”, “Retrospektiv nümayiş” və «Rusiya filmləri» bölmələrində nümayiş olunur.
Festivala tanınmış rejissorlardan Kira Muratova, Qabriel Salvatores, Aleksandr Proşkin, Nikolay Dostal, Peter Qardoş və başqalarının ekran əsərləri təqdim olunub. Kinofestivalın münsiflər heyətinə Lyuk Besson, Fayt Xayduşka, Şarunas Bartas, Katalina Saavedra, Mariya Mironova, Con İrvin, Sergey Ovçarov, Karolina Qruşka kimi dünya şöhrətli kinematoqrafçılar daxildir.
Fransız rejissoru Klod Leluşun “Qadın və kişi” filmi ilə açılan festival iyunun 26-da Lyuk Bessonun “Adelin inanılmaz macəraları” filmi ilə bağlanacaq.
“Əsas” hissədə Yohannes Naberin “Alban”, İvaylo Xristovun “Qumdakı izlər”, Mixael Koenin “Bu sonda başlayır”, Mixay İonesku və Tiberiu İordanın “Müxtəlif analar”, Marta Messaroşun “Anna haqqında sonuncu donos” filmləri mükafata iddiaçılar arasındadır. “Perspektivlər” bölümündə də mükafata iddialı filmlər var. Xilda İdalqonun “Sevgi və şeytanlar”, Emil Yunsvikin “1, 2, 3, 4, 7”, Boris Lankoşun “Revers”, Ceffri Alan Rouds və Stiven İstvudun “Dəfn edilmiş ölkə” və başqa filmlərin nümayişi nəzərdə tutulub. Hər il olduğu kimi, festivalda retrospektiv filmlərin nümayişi də maraq doğurur. Bu hissədə Lyuk Bessonun (“Janna Dark”, “Leon”, “Sonuncu döyüş”, “5-ci element”), Klod Şabrolun filmləri (“Cəhənnəm”, “Qəssab”, “Mərasim”), Sercio Leonenin (“Bir dəfə vəhşi cənubda”, “Bir neçə dollar baha”, “Kolos Rodosski”), Akira Kurosavanın filmlərinin (“Madadayo”, “Dersu Uzala”, “Avqust rapsodiyası”) nümayişi nəzərdə tutulub.
Kinofestivalın açılışını edən fransız rejissoru Klod Leluşun “Qadın və kişi” filminin əsas ideyası sevgi üzərində qurulub. Məhəbbəti ön plana çəkən rejissor sevginin onun həyatında olan böyük rolunu vurğulayır: “Sevgi yaşamın stimuludur. Mən sevməyəndə heç nəyə həvəsim olmur. Sevgi insanı işləməyə həvəsləndirir ”. Filmin sonu isə bir qədər fəlsəfidir.
Festivalın ikinci günü “Əsas” hissədə serbiyalı rejissor Srdcan Karanoviçin “Besa”, venesuelalı rejissor Marsel Raskin və Fernando Morenonun “Qardaş”, Robert Pexonun “Kameralı qatil” filmləri nümayiş olunub. “Perspektivlər” bölümündə isə iki ekran əsəri - Yuri Fetinqin “Bibinur”, Boris Lankoşun “Revers” filmləri nümayiş olunub.
İyunun 19-da “Oktyabr” kinoteatrında fransız rejissoru Klod Leluş master klass dərsləri verib. Həmin gün həmçinin “Perspektivlər” hissəsində İvaylo Xristovun “Qumluqda izlər” filmi nümayiş olunub.
İyunun 21-də Roman Polanskinin “Ruh”, Marian Konun və Qaston Düprin “Qonşu” filmləri nümayiş olunub. Bədii filmlərlə yanaşı, məşhur fransız fotoqraf və rejissoru Kristian Povedin küçə həyatında yaşayan uşaqların həyat tərzindən bəhs edən “Dəlisov həyat” sənədli filmi, eləcə də Sebastyan Yungerin “Restrepo” sənədli filmi tamaşaçılara təqdim edilib.
İyunun 22-də isə festivalda II Dünya müharibəsindən bəhs edən iki film göstərilib. Yael Hersonkinin debüt işi olan “Bitməmiş həyat” və Vadim Endreykonun “5 fil və qadın” filmləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Gettoların həyatından bəhs edən “Bitməmiş həyat” bundan öncə «Sandens» festivalında ən yaxşı montaj işinə görə, “5 fil və qadın” filmi isə İsveçrə Kino Akademiyasında ilin ən yaxşı sənədli filmi mükafatına layiq görülüb.
Festivalın münsiflər heyətinin sədri Lyuk Besson bütün festivalların onun üçün müxtəlif mədəniyyətlərlə tanışlıq imkanı olduğunu qeyd edir: “Filmlər xoşumuza gəlir. Seçim etmək çətin və olduqca maraqlıdır. Burada vacib deyil siz hansı ölkəni təmsil edirsiniz. Əsas istedaddır. İstedad varsa, demək yaradıcılıq da mövcuddur”.
Yeganə Cansail