Vaxtilə teatrın kinonu, televiziyanın isə kino sənətini məhv edəcəyi haqda fikirlər səslənirdi. Hərçənd zaman keçdikcə bu aksioma təsdiqini tapdı ki, bir sənət növünün digərini əvəzləməsi mümkün deyil. XXI əsrdə isə incəsənət dünyasına daha bir yenilik iti addımlarla daxil olmaqdadır: bu, rəqəmsal texnologiyadır. Rəqəmsal texnologiya ən çox kinematoqrafiya sahəsinə sirayət edir və ona görə də bəzi sənətşünaslar onun ənənəvi kinonun mövcudluğunu təhlükə altında qoyduğunu iddia edirlər.
   
   Texnologiyanın bu üsulu təsvirin yüksək keyfiyyətini təmin etməklə yanaşı, kino lentinin əhəmiyyətini faktiki heçə endirir, film kompyuterdə montaj olunur. Rejissorlar bu tip filmlərin istehsalı zamanı videoqrafiklərdən, xüsusi effektlərdən yararlanırlar və kompyuterin imkanlarından gen-bol istifadə edərək ağlasığmaz, reallıqdan uzaq kinohekayələr təqdim edirlər. Rəqəmsal kinematoqrafiyaya nümunə olaraq Corc Lukasın «Ulduz müharibələri», Piter Ceksonun «Üzüklərin hökmdarı», Ceyms Kameronun «Avatar» filmlərinin adlarını çəkmək olar.
   Amma intellektual kinonun təmsilçiləri, bir sıra dünya şöhrətli rejissorlar rəqəmsal kinematoqrafiyaya qarşı çıxırlar. Mövzuyla bağlı bəzi tanınmış rejissorların fikirlərini təqdim edirik.
   Məşhur Amerika rejissoru Stiven Spilberq müsahibələrindən birində deyir: «Kinolentdə elə bir sirr var ki, onunla müqayisədə rəqəmsal texnologiya plastik əməliyyata məruz qalan süni gözəllik təsiri bağışlayır. Kinolentə çəkilən film təbii, canlı alınır, rəqəmsal üsul isə ekranda görməyə alışdığımız canlılığı, həyatiliyi yox edir. Mən kinoda rəqəmsal texnologiyanın elementlərindən istifadə edən ilk rejissorlardan biri olmuşam, amma bununla belə kinonu sırf bu texnologiya ilə çəkən sonuncu rejissor da mən olmaq istərdim».
   Digər tanınmış rejissor, danimarkalı Lars fon Trier məqaləsində bədbin əhval-ruhiyyədə qeyd edir: «Stenli Kubrik günəşin batması səhnəsini çəkmək üçün saatlarla, hətta günlərlə gözləyirdi. Amma indi hansısa yeniyetmə kompyuter arxasında oturaraq, bir anda texnikanın köməyi ilə süni, bayağı təbiət təsvirlərini yaradır».
   Bu günlərdə isə alman rejissoru, «Qaç Lola, qaç», «Ətriyyatçı», «Beynəlmiləl» kimi maraqlı filmlərin müəllifi Tom Tıkverin Almaniyanın «Süddeutsche Zeitung» qəzetində rəqəmsal kinematoqrafiya haqqında məqaləsi çap olunub. Rejissorun məqaləsindən maraqlı məqamları diqqətinizə çatdırırıq:
   «Bu yaxınlarda Gertrud Kox (tanınmış alman kino mütəxəssislərindən biri - S.Ə.) diqqətimi açıq-aydın görünən bir fakta çəkmişdi: bu gün dillərdən düşməyən «Avatar» filmi təkcə kinonun texniki imkanlarını, onun cazibə gücünü müəyyənləşdirmədi, eyni zamanda, insanı yadplanetlilərlə eyniləşdirən (identifikasiya) belə bir kinoməhsula məftunluğumuzu diqqət mərkəzinə gətirdi.
   Biz adətən elmi-fantastik janrın nəqlində eyni vəziyyətlə rastlaşırıq, yəni robotlar tərəfindən insan üçün yeni yaşam formaları uydurulur və bu yeniliklərdən çaş-baş qalan insanlar robotu hər hansı bir səbəbdən, daha doğrusu, onun qüsurlu olması səbəbindən anlaya bilmədiklərinə görə əzab çəkirlər, amma unudurlar ki, o insan yox, sadəcə robotdur. Ceyms Kameronun «Avatar» filmində baş qəhrəman sintetik bir bədəni şüalandıraraq yadplanetlilərə uzaqdan göstəriş verir, onlar araşdırma aparmaq məqsədilə dünyaya göndərilir və iddia edilir ki, yadplanetlilərin sintetik həyatı gerçək həyatdan üstündür.
   Yeri gəlmişkən, Kameron fantastik janrda çəkilmiş digər filmlərdən fərqli olaraq, «Avatar»da sintetik həyatın şit görünməməsi üçün dəqiq hazırlanmış video oyunun mexanizmindən istifadə edib və filmin sanballı alınması üçün həmin video oyunlar yüksək şəkildə mənimsənilib.
   Bizim gündəlik həyatımız (buraya informasiyanın qəbulu, digər kommunikativ proseslər də aiddir) əslində son dərəcə səthi, dayaz olan virtual dünya - kompyuterdəki obrazlar, təsvirlər tərəfindən idarə olunur, bütün bunlar təsəvvürümüzü və fantaziya məkanımızı formalaşdırır, ona təsir edir. Və bizim bunu istəyib- istəməməyimizdən asılı olmayaraq modern kino da məhz bu təsəvvürlərə uyğunlaşdırılır. «Avatar» buna çox bariz nümunədir.
   Bu tip kinematoqrafiya Game sənayesinin (kompüter oyunları nəzərdə tutulur - S.Ə) təsirinə məruz qalır. Hətta müasir elmi araşdırma proqramlarında belə oynaq, yüngül elementlər çoxalır və biz getdikcə cəzbedici virtual imkanların labirintinə yüngül səyahət etməklə elmi zəbt edirik, bunun üçün can-dildən çalışırıq. Bizim sistematik düşüncəmiz və bu dinamik oyunun gedişatı bir-birinə yaxınlaşır, tələbatımız da belə bir texniki yaxınlaşmaya əsasən dəyişilir.
   Amma mən həmçinin kompyuter vasitəsiylə dünya ilə əlaqəyə girirəm, bu virtual aləmə risk etmədən, kiməsə fiziki zərər vurmadan daxil oluram. Çox vacibdir ki, virtual dünyada insanlarla «görüşmək» üçün özüm haqda yeni bir şeylər müəyyənləşdirməliyəm: adlar uydurmaq, saxta foto, naməlum mahnı vasitəsi ilə. İnternetin cazibəsi insanı şirnikləndirir və orda əslində insanın gerçək «mən»i yox, təsəvvürü, xəyalı dayanır. Biz yad dünya adlandırılan virtual məkanda kimliyimizi gizlədirik, oraya yüngül şəkildə daxil olmağa adət etmişik və hansısa qüvvə bizi daima buna şirnikləndirir. İnsanların virtual aləmə aludəçiliyinə baxmayaraq, digər sənət formaları kimi, ənənəvi kino da hələ ki tamaşaçını cəzb edən bu formanın inandırıcı bazis strukturunu təklif etmir. Müasir dövrdə kinonun ənənəvi nəql forması və təsvir metodlarının potensialı nə dərəcədə tükənib və bunu əsaslı şəkildə dəyişmək labüddürmü? Bu sualın cavabı yaxın illərdə özünü göstərəcək.
   Mənim üçün Piter Ceksonun «Üzüklərin hökmdarı» film-trilogiyası ilə kinoestetikanın yeni erası başlandı. Bu kinematoqrafik nəql üsulu texniki imkanları yaxşı əxz etdiyi üçün ondan daha çox şey tələb edirlər, daha artığını gözləyirlər. Amma rəqəmsal texnologiya vasitəsi ilə «Avatar», «Üzüklərin hökmdarı» film layihələrinin mürəkkəb görünən bazisi hamarlanır, amma problem ondadır ki, heç bir texniki nöqsanı olmayan bu tip filmlər cansız hərəkət edir. Mən hipertexnik filmlər haqda şikayətlənməyi mənasız sayıram, çünki insanların çoxu belə filmlərə maraq göstərir, amma hər halda bu maraq önə çəkilməməlidir.
   Rəqəmsal film tamaşaçını düşündürmür, eyni zamanda, onu passivləşdirir. Rəqəmsal texnologiya ilə nəql olunan kinoəhvalatların elementləri, tərtibatı, dekorasiyası, fonu anlaşılmaz olur və natamamlıq əmələ gətirir.
   Biz yeni texnologiyalar tərəfindən ənənəvi kinonun nəql prinsiplərini sıradan çıxarmağa vadar edilirik. Bu da həqiqətə uyğun deyil ki, ənənəvi kinonun publikası azalır.
   Məsələn, 1927-ci ildə Luis Bunuelin «Əndəlus köpəyi» və 1987-ci ildə Devid Linçin «Mavi məxmər» filmlərinə baxan tamaşaçı auditoriyası həmişə azlıqda olub. Bu gün tamaşaçılar Apichatpongun, Matthev Barneyin və ya Pol Andersonun çəkdiyi bu tip filmlərə baxırlar və ən azından adlarını çəkdiyim rejissorlar rəqəmsal əsrdən çəkinmirlər, tamaşaçının onların filmlərinə baxmayacağından ehtiyat etmirlər. Çünki bu tamaşaçı kütləsi azlıqda qalsa da hər zaman mövcuddur.
   Bundan başqa, maraqlı bir məqamı da nəzərdən qaçırmayaq. Bunuelin və Linçin avanqard filmlərinin arasında hansı fərq var? Hər şeydən əvvəl bu filmləri bir-birindən 60 illik bir müddət ayırır. Bunuelin filmi ağ-qara, səssiz idi və yarım saat çəkirdi. 60 il sonra çəkilən Linçin filmi isə səsli, rəngli idi və iki saatlıq xronometrajı vardı. Bəs Linçin «Mavi məxmər» filminin çəkildiyi tarixdən, yəni 1987 ildən 60 il sonra - 2047-ci ildə ənənəvi kinematoqrafiyada nə baş verəcək? Biz ötən zaman kəsiyində ekranlaşdırılan və bundan sonra çəkiləcək filmlərin kəmiyyətini, onların necə olmasını təsvir edə bilərik. Əgər bu müddətdə ənənəvi kiniematoqrafiya bizi düşündürücəksə, o zaman əsl kino artıq 2047-ci ilin həlledici filminin necə olması ilə bağlı bəzi şeyləri təklif etməlidir və yüksəliş xəttini davam etdirməyi bacarmalıdır».
   
   Sevda Əliəşrəfqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar