“Qızıl Georgi” mükafatına venesuelalı rejissor Marsel Raskinin “Qardaş” filmi layiq görülüb
32-ci Moskva Beynəlxalq Kinofestivalı iyunun 26-da fransalı rejisssor Lyuk Bessonun “Adelin inanılmaz macəraları” filminin nümayişi ilə başa çatıb. İyunun 17-dən davam edən festivalın son iki günü tamaşaçılara həmçinin “Perspektivlər” bölməsində rejissor Li Ayzek Çunanın “Xoşbəxt həyat”, polşalı rejissor Yan Kidav Blonskinin “Qızılgül” filmləri təqdim olunub.
Festivalın mükafatlandırma mərasimi isə iyunun 26-da axşam Moskvanın «Puşkin» kinoteatrında keçirilib.
Festivalın qalibi adına və “Qızıl Georgi” mükafatına venesuelalı rejissor Marsel Raskinin “Qardaş” filmi layiq görülüb. “Gümüş Georgi” heykəlciyi Yohannes Naberin “Alban” filminə təqdim olunub. Ən yaxşı rejissor işinə görə “Gümüş Georgi” mükafatına Yan Kidav Blonskinin “Qızıl gül” filmi, ən yaxşı kişi rolunun ifaçısı kimi “Gümüş Georgi” mükafatına “Alban” filmindən Nik Helilay, ən yaxşı qadın rolunun ifaçısı olaraq “Gümüş Georgi” mükafatına isə “Cənnət kimi yer” filmindən Vilma Cibulkova layiq görülüblər. “Perspektivlər” bölümündən ən yaxşı film adını və “Gümüş Georgi” mükafatını Boris Lankozun “Revers” filmi, kinoklubun əsas mükafatını isə serbiyalı rejissor Srdcan Karanoviçin “Besa” filmi qazanıb.
Festivalın xüsusi mükafatı rumıniyalı rejissorlar Mixay İonesko və Tiberiu İordananın “Müxtəlif analar” filminə təqdim edilib. Kanadalı rejissor Karla Bessainin “Koul” filmi isə rus kino tənqidçiləri tərəfindən diplomla təltif olunub.
Yeganə