Türkiyənin İstanbul şəhərində dünya rəssamlarının beynəlxalq simpoziumu keçirilmişdir. Respublikamızı bu mötəbər toplantıda rəngkar-qrafik Yusif Mirzə və bu sətirlərin müəllifi təmsil edib. 30-a yaxın ölkədən İstanbula gələn 60-dək fırça ustası on gün ərzində özlərinin sənətdə qazandıqları yaradıcı mövqeyi təsdiqləməyə və dünyanın ən əsrarəngiz şəhərlərindən olan İstanbul ilə təmaslarını bədii vasitələrlə ifadə etməyə çalışmışlar.

İstanbulun Özyegin Universitetinin təşəbbüsü ilə keçirilən bu sənət toplantısı özünün bənzərsiz təşkili ilə fərqlənmişdir. Belə ki, burada rəssamlar, bir çox hallarda olduğu kimi, bir-birindən təcrid olunmuş emalatxanalarda yox, elə təhsil ocağının interyerində - bir-birinin qonşuluğunda yaradıcılıqlarını nümayiş etdirmişlər. Universitet tələbələrinin təhsil ocağının iki mərtəbəsində gerçəkləşən bu yaradıcılıq prosesini yaxından izləməsi, rəssamlarla təmas qura bilməsi də budəfəki tədbirin bir ayrı özəlliyi idi.
Yeri gəlmişkən, deyək ki, simpoziumun yaradıcılıq proqramına start verməzdən əvvəl təşkilatçılar iştirakçıları İstanbulla yaxından tanış etmişlər. Bu da səbəbsiz deyildi. Belə ki, onların ərsəyə gətirəcəkləri iki əsərdən biri bilavasitə bu qədim şəhərlə bağlı olmalı idi. Rəssamlar ilk iki gün ərzində gəmi ilə Bosfor boğazını səyahətə çıxmış, qədim şəhərin məşhur memarlıq abidələrinə baxmış, bununla da özlərini bir neçə gün davam edəcək yaradıcılıq prosesinə hazırlamışlar. Rəssamların simpoziumun sonunda təşkil olunan sərgidə nümayiş etdirdikləri müxtəlif ovqatlı əsərlər də göstərdi ki, İstanbul onların yaddaşında çox dərin iz salmışdır. Bu mənada qırğız Janbek Berdikeyev, monteneqrolu Mustafa Arapin, belarus Oksana Yevdokimenko, holland Nail Celoviç və digərlərinin ərsəyə gətirdikləri əsərlərdə İstanbuldan alınan təəssüratın bədii görüntüsü kifayət qədər cəlbedici və özünəməxsus olmuşdur.
Rəssamların sərbəst mövzulu əsərləri də kifayət qədər duyğulandırıcı idi. Bu nümunələrdə dünyamızın bizi əhatə edən gözəllikləri ilə yanaşı, hələ ki, azalmaq bilməyən problemləri də öz əksini tapmışdı. Əkbər Behkəlamın (Almaniya) haqq uğrunda küçə mübarizəsinə, Zakarya Zakaryayevin (Dağıstan) çörəyi “daşdan” çıxanların yaşamaq ümidlərinə, Mişo Vemiçin (Monteneqro) xalqının azadlıq arzusuna, Violeta Cvetkovska Osokoliçin (Serbiya) kainatı kəşf etməyə çalışanların, Orxan Cəbrayıloğlunun (Türkiyə) həyatın qayğılar burulğanından xilas ola bilməyənlərə, Lətifə Yusifin (Fələstin) ölkəsinin əmin-amanlıq istəyinə, Şenol Tilkinin (Türkiyə) aclıq probleminə, İzzət Aleckoviçin (Bosniya) işğalçılığa etiraza, Çandrika Tyaginin (Hindistan) qədim Şərq əfsanələrinə tutduqları “bədii güzgü” duyulası dərəcədə cəlbedici və düşündürücü idi.
Ölkəmizi simpoziumda təmsil edən Yusif Mirzə iştirakçılar arasında həm də məhsuldarlığı ilə yadda qalmışdır. Bundan əvvəl də dünyanın bir çox ölkələrində təşkil olunan sənət toplantılarında iştirak edən, milli təsviri sənət ənənələrimizə müasir bədii tutum verməsi ilə həmkarlarının diqqətini cəlb edən Yusif Mirzə qardaş Türkiyə torpağında baş tutan simpoziumda da özünün yaradıcılıq potensialının nəhayətsizliyini nümayiş etdirə bilmişdir. Bunu onun yaratdığı üç tablonun (şərtə görə hər iştirakçı iki əsər təqdim etməli idi) fərqli mövzusu və çeşidli ovqat yükünə malik olması da təsdiqləyir. Rəssamın “Şərq motivi”, “Mili naxışlar mövzusunda improvizələr” və “İstanbulda görüş” tablolarındakı bədii şərhdə həm ənənəyə tapınma, həm də bu zəngin irsə müasir-yaradıcı münasibət duyulur. Odur ki, mavi-zümrüdü rəngə bələnmiş atlının, “dağıdılmış” xalça naxışlarının yaratdığı ecazkar “qurama”nın, İstanbul görüşünün təsirindən qurtara bilməyən cütlüyün yaşantıları tamaşaçı duyğularına emosional təsir etmək, onu düşündürmək gücündə idi. İnanırıq ki, simpoziumda yaradılan və şərtlərə görə Özyegin Universitetinin mülkiyyətinə verilən bu əsərlər təhsil ocağında təhsil alan gənclərdə Azərbaycan təsviri sənəti haqqında əyani təsəvvür yaratmağa kömək edəcəkdir.
Yeri gəlmişkən, qeyd edək ki, Özyegin Universitetində Azərbaycandan 30-dək tələbə təhsil alır. Onlarla görüşümüz yaddaqalan oldu. Tələbələrə Azərbaycan incəsənəti ilə bağlı kitablar hədiyyə etdik.
Sonda İstanbul-Özyegin simpoziumunun yüksək səviyyədə təşkil olunmasını vurğulamaq istərdik. Bu işdə toplantının təşkilatçısı Sinan Yasdımanın və simpoziumun kuratoru Orxan Cəbrayıloğlunun böyük zəhmətini qeyd etmək lazımdır. Məhz bu zəhmətin nəticəsidir ki, qardaş Türkiyədə baş tutan bu simpozium iştirakçıların yaddaşına beynəlxalq dostluq bayramı kimi həkk olundu.

Ziyadxan Əliyev,
Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar