Onun əsərlərində rəng dekorativliyi, rənglərin plastik ritmləri və təbiət rəsmlərinin formasının ən mükəmməl variantı ilə rastlaşırıq

Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri də Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Əbdürrəhmanovdur. Yaradıcılıqda yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xətt, dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynamışdır.
Vətənin əsrarəngiz gözəllikləri və müasirlərinin qurub-yaratmaq əzmi sənətkarın yaradıcılığının başlıca ilham qaynağı olmuşdur. Rəssamın xalqımızın tarixi keçmişini rənglərin dili ilə dolğun əks etdirən tabloları Vətənə məhəbbət və milli qürur hissi aşılayır. Nadir Əbdürrəhmanovun kompozisiya yığcamlığı ilə seçilən və öz emosional təsir gücü ilə yaddaqalan əsərləri gənc nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da böyük əhəmiyyət kəsb edir.
Nadir Qəmbər oğlu Əbdürrəhmanov 1925-ci ildə Laçında anadan olmuşdur. O, erkən yaşlarından rəssamlıq sənətinə həvəs göstərir. Orta təhsilini başa vurduqdan sonra bu həvəsi onu Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə gətirib çıxarır. 1941-1944-cü illərdə burada sənətin sirlərinə yiyələnir, 1947-1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alır. Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, görkəmli sənətkarlarımızla birlikdə gənc rəssamlar nəslinin yetişməsində fəal iştirak edir.
Görkəmli fırça ustasının yaradıcılığı lirik və emosionaldır. Obrazları fırtınalı duyğulardan yan keçir, onu daha çox real vəziyyətlər cəlb edir. Rəssam yaradıcılığı boyu dayanmadan tematik diapazonu genişləndirməyə, novatorluğa can atmış və öz individual maneralarını fırçasının köməyi ilə təsdiqləməyə çalışmışdır.
Nadir Əbdürrəhmanov respublikanın rayonlarını gəzməyi çox xoşlayardı. Bu səyahətlərin məhsulu olan “Azərbaycan dağlarında yaz”, “Dağlarda bahar”, “Ucqar kənd”, “Yaylaqda səhər” və s. əsərlər meydana gəlib. Rənglərin harmoniyası, təmiz rəng çalarları bu rəsmlərin başlıca xüsusiyyətidir. Əsərlər dekorativ koloriti və əlvanlığı ilə də seçilir. O, həmçinin milli geyimləri və milli görünüşü sevən, kənd həyatına vurğun rəssam idi. Bu baxımdan rəssamın “Yaylaqda səhər” tablosu diqqətçəkən nümunədir. Əsərin baş qəhrəmanı al qırmızı rəngli koftada gənc qız canlı və dinamik pozada yaradılıb. Burada gənclik və qürur təsvir edilib. Bundan əlavə, rəssamın əsərlərində rəng dekorativliyi, rənglərin plastik ritmləri və təbiət rəsmlərinin formasının ən mükəmməl variantı ilə rastlaşırıq.
Onun müxtəlif janrlarda yaratdığı iriformatlı süjetli lövhələr qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olmuşdur. Palitra əlvanlığı ilə diqqəti çəkən və geniş diapazona malik olan bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyinin, eləcə də digər muzeylərin və qalereyaların daimi ekspozisiyaları sırasında nümayiş etdirilmişdir.
Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanıdılmasında böyük sənətkarın mühüm xidmətləri olmuşdur. Onun əsərləri xarici ölkələrin sərgi salonlarında müvəffəqiyyətlə nümayiş etdirilmiş, sənətsevərlərin rəğbətini qazanmışdır. Həmçinin xarici ölkələrə yaradıcılıq səfərlərinin məhsulu kimi meydana çıxan silsilə rəsmləri Azərbaycan incəsənətinə yeni çalarlar bəxş etmişdir. Bu sırada “Hindli sənətkar”, “Partizan qadının portreti” və s. əsərlərin adlarını çəkmək olar.
Nadir Əbdürrəhmanov özünün çoxillik zəngin təcrübəsini gənc rəssamların hazırlanmasına sərf edərək milli təsviri sənət məktəbinin inkişafına töhfələr vermişdir. Fırça ustası Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri və Azərbaycan Ali Sovetinin deputatı kimi də səmərəli ictimai fəaliyyət göstərmişdir. Rəssamın yaradıcılığı daim diqqət mərkəzində olmuş, dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1960-cı ildə Azərbaycanının Əməkdar incəsənət xadimi, 1964-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə təltif olunması sənətkarın fəaliyyətinə və şəxsiyyətinə ehtiramın təzahürüdür.
Rəssamlıq sənətinin janr və üslub baxımından zənginləşməsinə böyük töhfələr verən fırça ustası 2008-ci ildə vəfat etmişdir.

Səbinə Şıxəliyeva,
Dövlət Rəsm Qalereyası sərgilərin təşkili şöbəsinin müdiri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar