Hüseyn Seyidzadə - 100
   
      
   (Əvvəli ötən sayımızda)
   
   Rejissorun sonuncu filmi
   
   “Dəli Kür”dən 9 il sonra, yəni 1978-ci ildə H.Seyidzadə sonuncu filmini - ailə-məişət mövzusunda “Qayınana” kinokomediyasını çəkdi. Şirin yumor, canlı komik səhnələr və hadisələrin dinamikliyi “Qayınana” nı baxımlı etmişdi. Film Aşqabad şəhərində keçirilən XII Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş, baş rolun ifaçısı N.Zeynalova və bəstəkar T.Quliyev mükafata layiq görülmüşdülər.
   H.Seyidzadə tədricən onu haldan salan ürək ağrılarına baxmayaraq, yaşayıb-yaratmaq eşqi ilə hər gün kinostudiyaya gəlib gedərdi, işləməkdən yorulmazdı. Bununla belə, xoşagəlməz hadisələr, ünvanına deyilən haqsız iradlar H.Seyidzadəni hər addımda izləyir, işinə mane olurdu.
   Günlərin birində kinostudiyada iclas vaxtı hansısa qəliz bir məsələni həll edərkən baş verən kəskin münaqişə zamanı, ona deyilən haqsız iradlara ürəyi dözməyib səhhəti birdən-birə pisləşdi və 1979-cu il iyunun 2-də xəstəxanada gözlərini əbədi yumdu.
   Bundan əvvəl isə Hüseyn müəllim neçə-neçə xoşagəlməz sürprizlə qarşılaşmalı olmuşdu.
   
   “Çörəyi ver çörəkçiyə...”
   
   Kinorejissor Hüseyn Seyidzadə hər dəfə redaksiyanın kandarında görünəndə birinci sözü bu olurdu ki, “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”. O, bunu deyib salamlaşar, iş otağına keçərdi. Əməkdaşlardan biri tez Hüseyn müəllimə bir stəkan pürrəngi çay süzərdi, sonra da yer-yerdən suallar verib onu söhbətə tutardıq. O da olub keçənlərdən, Bakı İşçi Teatrının aktyoru olduğu vaxtlardan, “Azərbaycanfilm” kinostudiyasına necə gəlib çıxmasından, Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil almasından danışardı.
   Hüseyn müəllimin yaradıcılıq imkanları böyük idi. Amma rejissor kimi 43 il ərzində cəmi beş bədii film -“O olmasın, bu olsun” (Azərbaycanda ilk rəngli film”), “Koroğlu” (ilk genişekranlı film), “Yenilməz batalyon”, “Dəli Kür”, “Qayınana”, bir qısametrajlı bədii film -“Sovqat” (rejissor H.Bədəlovla birgə), iki sənədli film - “Əbədi Odlar diyarı” və “Doğma xalqımıza” (rejissor Y.Fridlə birgə) kino lentlərini çəkib. Belə bir sənətkar üçün səkkiz film nə idi ki?! Lakin onu tanıyanlar yaxşı bilirdilər ki, bunun günahı Hüseyn müəllimdə deyildi.
   Kino onun üçün hər şey idi. 1968-ci ildə M.Maklyarski və K.Rapoportun yazdıqları ssenari əsasında “Qatır Məmməd” filmi üzərində işə başlamışdı. Hətta filmin yarısından çoxunu lentə almışdı. Sonra kinodramaturqların tələbi ilə filmin çəkilişi dayandırıldı. Film ondan alınıb tamamilə yenidən çəkilmək üçün başqa rejissora verildi. Səbəb də o idi ki, rejissor çəkiliş vaxtı ssenaridən xeyli kənara çıxmışdı, filmi öz bildiyi kimi lentə alırdı.
   Bu xoşagəlməz əhvalat H.Seyidzadəyə çox pis təsir etdi. Artıq ürəyi də sözünə baxmırdı. Bir dəfə onunla görüşəndə dedi:
   - Kinoya gəldiyim gündən başım qalmaqaldadır. Budur, Maklyarski, Rapoport hara, Qatır Məmməd hara?! Ssenarini oxuyanda görürdüm ki, burada hər şey var, gəncəbasarlı qisasçıdan başqa. Mən belə ssenarini çəkə bilməzdim. Bunu onların özlərinə də demişdim. Əvvəlcə mənimlə razılaşmışdılar. Sonra birdən-birə hər şey alt-üst oldu. Eybi yoxdur, vaxt gələr, kimin haqlı, kimin haqsız olduğunu zaman özü ayırd edər.
   Düz on il keçdi. Hüseyn müəllim M.Şamxalovun məşhur “Qayınana” pyesi əsasında eyniadlı şən, ekssentrik, musiqili kinokomediya çəkdi. Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin beşinci mərtəbəsindəki kino zalında filmə baxış keçiriləndə oturmağa yer yox idi. O qədər adam gəlmişdi ki! H.Seyidzadəni tanımaq olmurdu. Çox şən idi, üzü gülürdü.
   Bəli, başı işə qarışanda, film çəkəndə Hüseyn müəllimin kefi kök olurdu, deyib - gülür, zarafat da edirdi. Bekar qalanda, ona təzyiq göstəriləndə tamam dəyişir, qaraqabaq olurdu, bikef gəzir, həmişə də qayğılı görünərdi. Onu belə görəndə heç inanmazdın ki, məşhur “O olmasın, bu olsun” kinokomediyasını məhz o, ekranlaşdırıb.
   Filmə baxdıqdan sonra salondakılar yaradıcı qrupun üzvlərinə yaxınlaşıb, onları təbrik edirdilər.
   Mən də Hüseyn müəllimi təbrik etdim və astaca qulağına pıçıldadım:
   - Hüseyn müəllim, atalar bu yerdə bilirsiz nə deyib?
   Astadan cavab verdi:
   - Nə deyib?
   - Atalar deyib ki, çörəyi ver çörəkçiyə, birini də üstəlik.
   O, heç bir söz deməyib gülümsədi.
   
   * * *
   Ümumiyyətlə, kinorejissor H.Seyidzadənin qəribə taleyi olub.
   “O olmasın, bu olsun” filmi ekranlara buraxılandan sonra başı bərk ağrısa da, çəkməyə hazırlaşdığı “Dərviş Parisi partladır” kinokomediyası, artıq xeyli hissəsini çəkdiyi “Qatır Məmməd” bədii filmi əlindən alındı, “Var olun, qızlar!” filminin ədəbi ssenarisi ilə bağlı yenə də başağrıları oldu. “Dəli Kür” filminin finalının məcburən dəyişdirilməsi ona mənəvi zərbə vurdu.
   Bir gün ona “Dəli Kür”lə bağlı bir sual verdim:
   - Niyə görə “Dəli Kür”ün finalını dəyişdiniz? Birinci variantda həmin səhnəni kitabda olduğu kimi çəkmişdiniz. Kazakların gəlib Cahandar ağanın torpaqlarına zorla soxulmaları, bu torpaqlara yiyə durmaq istəmələri, Cahandar ağanın onlarla mərdi-mərdanə vuruşması necə də təbii və inandırıcı alınmışdı. Ancaq ikinci variantda nə gördük? Allahyar Cahandar ağadan arvadına görə intiqam alır. Ailə-məişət mövzusu tamaşaçını filmdə qaldırılan əsas məqsəddən - tarixi həqiqətdən yayındırır.
   - Dərdimi təzələdin. Bilirsən ki, film çəkilib qurtarandan sonra Moskvada Kino Komitəsinə təhvil verilir, - deyə izah etdi: - Biz filmi təhvil verərkən mənə finalı dəyişdirməyi məsləhət gördülər. Üstüörtülü dedilər ki, əks təqdirdə film, ümumiyyətlə, ekranlara buraxılmayacaq...
   Mən Hüseyn müəllimi başa düşürdüm. Bu, 60 yaşlı kamil bir sənətkarın cəmi-cümlətanı 4-cü bədii filmi idi. Əgər onun ekranlara buraxılmasını qadağan etsəydilər, rejissorun yaradıcılığında uzun bir fasilə yaranacaqdı. “Dəli Kür”dən doqquz il sonra o, sonuncu filmini - “Qayınana”nı çəkəcəkdi.
   
   “Təbriknamə” sahibinə çatmadı
   
   Hüseyn Seyidzadənin anadan olmasının 60 illiyi yaxınlaşırdı. Kinematoqrafçılar İttifaqı yubiley münasibətilə dəvətnamə çap edib qabaqcadan müxtəlif təşkilatlara göndərmişdi. Bir gün səhər Respublika Kinoprokat İdarəsinin müdiri məni yanına çağırıb dedi:
   - Hüseyn Seyidzadənin yubiley gecəsi keçiriləcək. Təbriknamə hazırlamaq lazımdır. Biz də gecədə iştirak etməliyik.
   Təbrikin mətnini hazırladım. Kinoprokatın zirzəmisindəki mətbəədə onu təbaşirli qalın kağızda zərlə çap etdik. Ertəsi günü hazır mətni qırmızı qovluğun arasına qoyub müdirə verdim.
   Yubiley gecəsində Kinematoqrafçılar İttifaqının kino zalı adamla dolu idi. Həmkarları bir-bir kürsüyə qalxıb yubilyar barəsində öz ürək sözlərini dedilər. Başqa respublikalardan göndərilmiş təbrik teleqramları oxundu. Müxtəlif idarələrdən gəlmiş nümayəndələr də danışdılar. Kinoprokatın müdiri isə gəlib çıxmadı.
   Ertəsi gün işə gələn kimi katibə xəbər dedi ki, müdir səni çağırır. Getdim. Vacib işi olduğu üçün yubiley gecəsinə gələ bilmədiyini söylədi. Onun səmimiyyətinə inanmırdım. Çünki o, rəhbərliklə H.Seyidzadə arasında münasibətin sərin olduğunu bildiyi üçün gecəyə gəlməyi vacib saymamışdı.
   Sonra müdir stolun üstündəki “Təbriknamə”ni mənə uzadıb dedi:
   - Al bunu, verərsən Seyidzadəyə, bir söz tapıb deyərsən ona...
   “Təbriknamə”ni götürüb otaqdan çıxdım. Bu xoşagəlməz əhvalatdan sonra kinostudiyada bir neçə dəfə Hüseyn müəllimlə rastlaşdım. Kinostudiyaya gedəndə hər dəfə “Təbriknamə”ni özümlə aparsam da onu yubilyara verməyə ürək eləmədim, açığı, utandım. Çünki “Təbriknamə”yə baxanda hər dəfə yadıma bir atalar sözü düşürdü: “Toydan sonra nağara!”
   
   “Qürbətdə yaşaya bilmərəm”
   
   Onunla daha bir görüşümü xatırlayıram. «Qayınana”nı çəkəndən sonra filmin reklamını hazırlayan rəssam Adil Rüstəmovla danışmaq üçün redaksiyamıza gəlmişdi. Rəssam “Dərviş Parisi partlıadır”, “Sevinc buxtası”, “Günlərin bir günü”, “De ki, sevirsən məni”, “Bayquş gələndə” filmləri üçün orijinal kinoplakatları H.Seyidzadəyə göstərib, poliqrafiya bazamızın aşağı səviyyədə olmasından gileyləndi. Hüseyn müəllim gülümsəyib cavab verdi:
   - Bəli, bu da bir problemdir. Xaricdə filmin reklamına özü ağırlığında pul xərcləyir və bunun müqabilində onqat qazanc götürürlər. Biz isə solğun plakatlarla keçinirik. Halbuki ən yaxşı filmlərin də reklama ehtiyacı var. Hindistan kinematoqrafçıları Bakıda olarkən onlara bir neçə Azərbaycan filmini göstərdik. Məşhur rejissor və aktyor Raç Kapur mənim filmlərimə baxandan sonra həmkarlarımın yanında dedi ki, gəl, gedək mənimlə Hindistana. Orada filmlər çəkərsən, səni milyonçu edərəm. Ona təşəkkür edib bildirdim ki, qürbətdə yaşaya bilmərəm, bir sənətkar kimi xalqım üçün hələ az iş görmüşəm. Leyla xanım Bədirbəyli bu söhbətin şahididir.
   Böyük Əliağa Vahidin pərəstişkarı olan rəssam Adil Rüstəmov şairin məşhur qəzəlindən iki misra dedi:
   
   Mən əsiri-eşqiyəm öz xalqımın, öz yurdumun,
   Sevməyən öz xalqını, öz yurdunu, divanədir.
   
   Elədir əzizim, elədir, - deyə Hüseyn müəllim dərindən köks ötürüb, sözünə davam etdi. - Amma bir yazıçının - heyif ki, adı yadımdan çıxıb - dediyi kimi, gərək insan vətənə məhəbbətini səs-küylə deyil, öz əməyi ilə sübut etsin.
   Bizim bu söhbətimizdən xeyli vaxt ötüb. Hüseyn müəllim dünyasını çoxdan dəyişib. Ancaq naməlum yazıçının müdrik kəlamının doğruluğunu öz yaradıcılığı ilə sübut edib: “O olmasın, bu olsun”, “Qayınana” kinokomediyaları ilə, “Yenilməz batalyon”, “Dəli Kür” bədii filmləri ilə...
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar