Paytaxtın müxtəlif sənət məkanlarında sərgilər keçiriləcək

Muzey Mərkəzində "Yuxularım”

3-5 aprel tarixində Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rəssam Emil Əzizin "Yuxularım" adlı ikinci fərdi sərgisi keçiriləcək. Sərgidə müəllifin üç istiqamətdə 40-dan çox yeni əsəri nümayiş olunacaq.
Bununla yanaşı, rəssamın şəxsi kolleksiyalarından bəzi işləri də sərgilənəcək. Bu dəfə rəssam qadın, zaman və dəb mövzusu ilə yanaşı, peyzaj, eləcə də Bakının əks olunduğu kompozisiyaları təqdim edəcək. Qalereyada "Çəhrayı piano", "Misirin sirləri", "Yağışdan sonra", "Neft yataqları", "Taksim" kimi tablolar da sərgilənəcək.
"Yuxularım" vasitəsilə tamaşaçılarla bir növ dialoqa girməyi hədəfləyən rəssam, yaradılışın rənglərini və real gözəlliyi əksetdirən işlərində hər kəsin özünəməxsus anını və ya xatirəsini görəcəyinə inanır. Rənglərdən cəsarətlə istifadə edən Emil bu tərzdə işləyən rəssamlardan biridir. Sərginin media dəstəyi "Büro 24/7 Azerbaijan" və "Nargis Magazine" jurnalına məxsusdur.
1995-ci ildə İstanbula köçən Emil Əziz Türkiyədə təşkil olunan bir çox sərgilərdə iştirak edib. 2011-ci ildə UNESCO İncəsənət Assosiasiyasının üzvü seçilib. 2012-ci ildə İstanbulda, 2014-cü ildə isə Bakıda "Səmanın rəngləri" adlı fərdi sərgiləri keçirilib.

Müasir İncəsənət Muzeyində “Anima”

Aprelin 8-də Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan rəssamı İnna Kostinanın “Anima” adlı fərdi sərgisi açılacaq.
Muzeydən bildirilib ki, rəssamın təqdim olunacaq əsərlərində əsasən güllər, qadın və musiqi mövzusu yer alır. Əsərlərdə süjet xətti əsas əhəmiyyət kəsb etmir. Bütün bunlar psixologiyadan gələn “Anima” anlayışı ilə əlaqələndirilir. Bu anlayış təbiətə sirayət edən və müxtəlif səviyyələrdə bütün canlılara xas olan qadınlığı və ümumilikdə qadın varlığı anlamını ifadə edir. Müəllif heç vaxt əsərlərini düşüncədən irəli gələrək yaratmır, yalnız qəlbinə və onu heç bir halda yanıltmayan özünün qadın intuisiyasının diktəsinə əsaslanaraq ərsəyə gətirir.
İnna Kostina 1962-ci ildə Bakıda dünyaya gəlib. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda quruluşçu rəssam ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq və kino kafedrasında dərs deyir. Bir sıra yerli və beynəlxalq müsabiqələrin laureatı və 250-dən artıq müxtəlif sərginin iştirakçısıdır. Fərqli üslubu, həmçinin “batik” texnikası ilə ipək üzərində əl işləri ilə tanınır. Əsərləri Azərbaycanda və 25-dən çox ölkədə şəxsi kolleksiyalarda saxlanılır.
Müasir İncəsənət Muzeyində rəssamın 55 əsəri nümayiş etdiriləcək. Sərgi mayın 5-dək davam edəcək.

“Yaz dirçəlişi”

Aprelin 13-dən 19-dək “Natavan Gallery”də gənc rəssam Aysel Abdullazadənin “Yaz dirçəlişi” adlı sərgisi təqdim ediləcək. Qalereyadan bildirilib ki, sərgidə rəssamın kvillinq texnikası ilə hazırladığı işlər nümayiş olunacaq.
Kvillinq rəngli kağız zolaqlarından müxtəlif rəsm əsərləri, heykəllərin yaradılması ilə məşğul olan bir incəsənət növüdür. Bu sərgidə qonaqlar A.Abdullazadənin yaza gülümsəyərək oyanan rəngarəng “kağız dünyası” ilə tanış ola bilərlər.
Bu incəsənət növü XIV əsrin sonu - XV əsrin əvvəllərində Aralıq dənizi ətrafında yerləşən Avropa ölkələrində meydana gəlib. Hesab olunur ki, kvillinq rahiblər tərəfindən icad olunub. Onlar zərli kitab kənarlarını kəsərək quş lələyi (“quill” ingiliscədən tərcümədə “quş lələyi” deməkdir) kimi qatlamaqla qızıl miniatür imitasiyalar yaradıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar