Aprelin 3-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyədə yaşayan soydaşımız, gənc rəssam Emil Əzizin “Yuxularım” adlı fərdi sərgisi açıldı.
Açılışda Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov çıxış edərək nazir Əbülfəs Qarayevin rəssama və sənətsevərlərə təbriklərini çatdırdı, Emil Əzizə yaradıcılıq uğurları dilədi.
Xalq rəssamı Səlhab Məmmədov, Əməkdar rəssam Sakit Məmmədov, Əməkdar incəsənət xadimi Rafiq Əziz sərgi ilə bağlı fikirlərini bölüşdülər.
Gənc rəssam Emil Əziz tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Sonra sənətsevərlər sərgi ilə tanış oldular. Sərgidə rəssamın müxtəlif mövzularda çəkdiyi 42 əsəri yer alıb. Onun realist əsərlərində parlaq və tutqun boyaların kontrastı qabarıq hiss olunur. Rəssam gerçəkliyi elə çəkir ki, tamaşaçı əsərdən duyğulana, ondakı hissiyyatı yaşaya bilsin.
E.Əzizin əsərləri içərisində uzun illər yaşadığı Türkiyə həyatı geniş əksini tapıb. “Sarayburnu gəmisi”, “İstanbulda gecəyarısı”, “Taksimin işıqları”, “İstiqlalın ruhu”, “Səmazənin eşqi”, “Ortaköy camisi” əsərləri bu sıradandır.
Sərgidə rəssamın Bakı ilə bağlı “Bakı neft yataqları”, “Qara qızıl” əsərləri də nümayiş olunub. Müəllifin portretləri (“Misirin sirləri”, “Rəqqasə”, “Xalçaçı” və s.) və mənzərələri (“Payız”, “Səhərin gözəlliyi”, “Gizli gözəllik”, “Mavi tozağacı meşəsi”) də diqqəti çəkir.
Emil Əziz 1984-cü ildə Bakıda rəssam Rafiq Əzizin ailəsində anadan olub. 1995-ci ildən ailəsi ilə Türkiyənin İstanbul şəhərində yaşayır. Boğaziçi Universitetinin riyaziyyat fakültəsini bitirib. Hazırda Yedditəpə Universitetində riyaziyyatdan dərs deyir. 2012-ci ildə İstanbulda, 2014-cü ildə isə Bakıda "Səmanın rəngləri" adlı fərdi sərgiləri keçirilib.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar