Mayın 6-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 24 saylı 11 illik musiqi məktəbinin 40 illik yubileyi və “Bakı 2015” I Avropa Oyunlarına dəstək kampaniyası çərçivəsində hesabat konserti keçirildi.

Konsertdən öncə fikirlərini bizimlə bölüşən məktəbin direktoru Samirə İsayeva bildirdi ki, ilk dəfə Azərbaycanda keçirilən Avropa Oyunları ölkəmizin tarixində möhtəşəm bir tədbir olmaqla yanaşı, mədəniyyətimizin, incəsənətimizin nümayişi üçün böyük fürsətdir: “Avropa Oyunları zamanı ölkəmizə gələn qonaqlara təqdim ediləcək yüksək səviyyəli mədəni proqramların təşkil edilməsi əsas vəzifələrdən biridir. Mədəni proqramlarda Bakıdakı uşaq incəsənət və musiqi məktəblərinin kollektivləri də yaxından iştirak edəcək. Təşkil etdiyimiz konsert proqramı ilə demək istəyirik ki, biz bu mədəni proqramda yüksək səviyyədə iştirak etməyə tam hazırıq. Məktəbimiz bu il 40 illiyini qeyd edir. Ötən müddətdə məktəbimizin yetirmələri musiqimizə öz töhfələrini veriblər. Neçə-neçə tanınmış musiqiçi ilk notları məhz bu məktəbin divarları arasında öyrənib, sənətdə ilk uğurları bizim məktəbin adı ilə bağlı olub. Bu münasibətlə bütün kollektivi təbrik edirəm”.
Konsert proqramında məktəbin şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndi. Proqramda Şəfiqə Axundova, Nəriman Məmmədov, Tofiq Quliyev, Pyotr Çaykovski, Antonio Vivaldi və digərlərinin yaradıcılığına müraciət edilmişdi.
Şagirdlərin ifasında bir-birindən maraqlı musiqi nömrələri tamaşaçılarda xoş əhval yaratdı. Vokal, solo instrumental ifalar, saz çalanlar, muğam ifaçılarının rəngarəng çıxışları məktəbin 40 illik yubileyinə hədiyyə olmaqla yanaşı, həm də musiqi məktəblərimizin I Avropa Oyunları ərəfəsində tapşırılan proqram üzrə tam hazırlığını nümayiş etdirirdi. Əhatəli proqram, geniş yaradıcı imkanların tamaşaçılara çatdırılması həm məktəbdə təhsil alan şagirdlərin istedadı, həm də müəllim kollektivinin gərgin əməyindən xəbər verirdi.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, musiqi məktəblərinin direktorları iştirak edirdi.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar