UNESCO mənzil-iqamətgahında sərgi açılıb

Mayın 13-də Heydər Əliyev Fondunun və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun Parisdəki mənzil-iqamətgahında “Azərbaycan: ənənədən müasirliyə” adlı sərgi açılıb. Sərgi 18 may - Muzeylər Günü münasibətilə keçirilən ənənəvi “Avropa muzeylər gecəsi” çərçivəsində təşkil olunub.
Açılış mərasimində çıxış edən UNESCO-nun xarici əlaqələr üzrə sektorunun idarə rəisi Genc Seiti sərginin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib. O, sərgidə nümayiş etdirilən qədim misgərlik və xalçaçılıq sənəti nümunələrini, müasir incəsənət əsərlərini Azərbaycanın mədəni irsinin davamlılığının göstəricisi kimi qiymətləndirib.
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi səfir Anar Kərimov sərgidə nümayiş etdirilən əsərlər əsasında qonaqlara ölkəmizin zəngin tarixi barədə məlumat verib, onları Azərbaycanla daha yaxından tanış olmağa dəvət edib.
Sərgidə arxeoloji nümunələr, qədim və orta əsrlərdə Azərbaycanda istifadə olunan pul sikkələri, zərgərlik məmulatları, mis qablar və dulusçuluq nümunələri, qədim qadın və kişi geyimləri, milli musiqi alətləri, tikmələr və xalça məmulatları nümayiş etdirilir. “Bakı-2015” Avropa Oyunlarına həsr olunan guşədə ölkəmizin tanınmış heykəltəraşları ilə yanaşı, istedadlı gənclərin yarışların keçiriləcəyi 20 idman növü üzrə bürüncdən hazırladıqları işlər ziyarətçilərdə xüsusi maraq doğurub.
“Azərbaycanın müasir incəsənəti” bölməsində isə Toğrul Nərimanbəyovun, Altay Sadıqzadənin, Əşrəf Muradın, Leyla Əliyevanın, Müseyib Əmirovun, Məmmədkərim Quliyevin, Əhəd Məmmədovun və digərlərinin əsərləri mövzu çalarlarına görə iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.
İştirakçılar bir həftə əvvəl Azərbaycanın ən qədim atüstü oyunu - çövkənin təqdimatı ilə əlaqədar təşkil edilən sərgi ilə də tanış olublar.
Tədbir zamanı “Azərbaycan cazının yeni nəsli” adlı konsert proqramı təqdim olunub.
Sərgi mayın 20-dək davam edəcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar