“Almaniyada sənətə yüksək qiymət var. Ola bilməz ki, yaxşı sənətkar olasan və çörəksiz qalasan”

Almaniyanın Hamburq şəhərində yaşayan soydaşımız, tanınmış rəssam Rəhman Hadıyev 1949-cu ildə Bakının Balaxanı kəndində dünyaya gəlib. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. Onun mozaika əsərləri Bakıda “Aynur” məişət evinin, Üzeyir Hacıbəylinin, Cəfər Cabbarlının ev-muzeylərinin, Salyandakı şahmat məktəbinin divarlarını bəzəyir.

- Rəhman müəllim, necə oldu ki, Almaniyaya köçdünüz?
- Mənim analığım almandır, 1999-cu ildə bura gəldim. İlk çağlar çətin idi, qəriblikdə sıxılırdım. Məni alman dili kurslarına göndərdilər. Üç ilə alman dilini öyrənib, 90 faiz mənimsədim. Bununla bağlı sertifikat alandan sonra işə düzəldim. Almanlar onların dilini bilənlərə hörmətlə yanaşırlar. İlk gündən anladım ki, alman dilini öyrənməsəm, burada yaşamağım mümkün olmayacaq. Dil bilənlərə burada karyera baxımından hansısa çətinlik yoxdur, bilməyənlər təsərrüfat işlərilə məşğul olurlar.
- Sənətkar kimi dolanışığınızdan razısınızmı?
- Burada əhalinin 70 faizi kirayədə yaşayır. Mən də kirayədə qalıram. Almaniyada sənətə yüksək qiymət var. Özünü sənətkar kimi tanıtdınsa, qədrin bilinir. Bu baxımdan özümə olan münasibətdən çox razıyam. 2001-ci ildən Avropa Rəssamlar İttifaqının üzvüyəm. Orada da mənə yüksək qiymət var. Bu üzvlüyə görə ölkədəki bütün muzeylərə sərbəst girə bilirəm. Hazırda pensiyadayam, eyni zamanda gimnaziyaların birində gündə 6 saat rəsmdən dərs deyirəm. Dolanışığımdan razıyam.
.Almaniyada 2500-dən çox rəsm qalereyası fəaliyyət göstərir. Təkcə yaşadığım Hamburq şəhərində belə qalereyaların sayı 100-dən yuxarıdır. Bunlar hamısı peşəkar fəaliyyətlə məşğul olurlar, rəssamlarla işləyirlər. Ola bilməz ki, yaxşı sənətkar olasan və çörəksiz qalasan. Öz menecerim, vəkilim var. Bütün əsərlərim sığortalanıb.
- Yaradıcılığınızda mənzərə geniş yer tutur. Səbəbi nədir?
- Bunun sirri odur ki, almanlar onların ölkələrinin gözəlliklərini çəkən bir rəssam kimi əsərlərimi alırlar. Bəlkə də Hamburqu mənim qədər çəkən az rəssam olar. Almanların hər biri istəyir ki, onların evində ölkəsinin, şəhərinin gözəlliyini əks etdirən rəsm əsərləri olsun. Ümumiyyətlə, bu xalq incəsənəti, özəlliklə rəssamlığı çox sevir. Onların yüksək mədəniyyətinin bir səbəbi də budur. Almanların modern sənətə də böyük sevgisi var. Ona görə modernizmə də çox müraciət edirəm.
- Orada neçə sərginiz olub?
- Demək olar, hər il bir sərgi keçirirəm. Hamısı da yeni işlərdir. Əsərlərin satılması üçün sərgi ən münasib yerdir. Üstəlik, sərgilərin kataloqlarını çıxarıram. İndiyə kimi əsərlərimdən ibarət 20-dən çox kataloq nəşr etdirmişəm, hamısı da satılır.
Burada dövlət rəssam üçün evdə də sərgi keçirir. 6 aydan sonra ikiotaqlı evimdə sərgi keçirəcəyəm. Bu dəfə tamaşaçılar evimə gələcəklər. Eləcə də ABŞ, Kanada, Fransa, İngiltərə, Macarıstan və Türkiyədə fərdi sərgilərim olub.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar