İyunun 10-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində “Bakı-2015” I Avropa Oyunları münasibətilə görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Avropa haqqında düşüncələr” adlı sərginin açılış mərasimi keçirildi.

Sərginin keçirilməsində məqsəd Avropa Oyunları zamanı ölkəmizə gələcək qonaqları və yerli sakinləri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan dəyərli əsərlərlə tanış etməkdir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin əhəmiyyətini yüksək qiymətləndirdi, nümayiş etdirilən əsərlərin Azərbaycan rəssamlığı tarixində özünəməxsus yeri olduğunu bildirdi. Qeyd etdi ki, xalqımız həmişə yüksək mədəniyyəti, qonaqpərvərliyi və humanizmi ilə tanınıb: “I Avropa Oyunları ərəfəsində ölkəmizin zəngin mədəniyyətini, adət-ənənəsini nümayiş etdirən silsilə tədbirlər, sərgilər təşkil olunur. “Avropa haqqında düşüncələr” adlı sərgi də bu qəbildən növbəti tədbirdir. Burada nümayiş olunan əsərlər onu göstərir ki, Azərbaycan mədəniyyəti, incəsənəti, həmişə dünya və Avropa dəyərlərinə hörmətlə yanaşaraq, onu özündə təcəssüm etdirmişdir. Bunu sərgidəki əsərlərdə də aydın şəkildə görmək olar. Sərgiyə baxarkən insan sanki özünü Avropanın bir guşəsində hiss edir”.
Əbülfəs Qarayev Bakıda keçiriləcək I Avropa Oyunları zamanı mədəniyyətimizin təbliği üçün böyük imkanlar yarandığını da diqqətə çatdırdı: “Ölkəmiz böyük bir tədbirə, Avropanın tarixində ilk dəfə keçirilən I Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu, ölkəmizin müstəqilliyinin və son illərdə əldə etdiyi iqtisadi tərəqqinin, hərtərəfli inkişafın nəticəsidir”.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov sərgidə Avropanın müxtəlif ölkələrinin, fərqli məkanlarının təsvir edildiyi maraqlı əsərlərin nümayiş olunduğunu bildirdi. Qeyd etdi ki, bu əsərlər vasitəsilə hər bir ziyarətçi Azərbaycan rəssamlarının Avropa haqqında düşüncələrini əyani görə biləcək.
Çıxışlardan sonra iştirakçılar sərgi ilə tanış oldular.
XX əsrdə Azərbaycan rəssamları dünyanın müxtəlif ölkələrinə, o cümlədən Avropa ölkələrinə yaradıcılıq səfərləri ediblər. Bu səfərlərin nəticəsi olaraq Bakıda təşkil olunan hesabat sərgiləri əsl sənət bayramına çevrilirdi. Xaricə səfər edən rəssamlar oradan böyük əsərlərin yaradılması üçün ilkin material rolunu oynayan etüdlərlə geri dönürdülər. Həmin əsərlər özündə böyük təəssüratları əks etdirməklə yanaşı, eyni zamanda Azərbaycan rəssamının düşüncəsindəki, xəyalındakı Avropa ilə gerçəkliyin təsvir müstəvisində əksi demək idi. Məhz buna görə də təqdim olunan sərgi “Avropa haqqında düşüncələr” adlanır.
Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan 70-dən çox əsər nümayiş olunur. Ekspozisiyada Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Lətif Feyzullayev, Əyyub Hüseynov, Nəcəfqulu İsmayılov, Davud Kazımov, Nadir Qasımov, Ağa Mehdiyev və başqa rəssamların əsərləri yer alıb.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar