I Avropa Oyunları ərəfəsində təşkil olunan festivalda 10-dan çox ölkədən 30-dək rəssam iştirak edir

İyunun 11-də İçərişəhərdə “Qız qalası” beynəlxalq incəsənət festivalı işə başlayıb. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, Müasir İncəsənət Muzeyi, “Qız qalası” incəsənət qalereyası və “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilən festival paytaxtımızdakı böyük idman bayramına daha bir sənət töhfəsidir.

2010-cu ildə əsası qoyulan, dörd il Bakı şəhərində, bir dəfə isə Fransanın Kann şəhərində keçirilən “Qız qalası” beynəlxalq incəsənət festivalı bu il altıncı dəfə gerçəkləşir. Festival ənənəvi olaraq bu il də İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunub. Azərbaycan memarlığının incisi, beynəlxalq tarixi irsin ən möhtəşəm nümunələrindən biri olan və UNESCO-nun dünya irsi siyahısına salınmış Qız qalası həm də mədəniyyətlərarası dialoqun zənginləşdirilməsinə xidmət edən əhəmiyyətli vasitədir. Layihənin əsas məqsədi dünyanın müxtəlif yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdən ibarətdir.
Festivalda rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradırlar. Hər biri özünəməxsus və fərqli üslubda olan bu unikal müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, Qız qalasının təbliğinə töhfə verir.
Festivalın təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə cəlb etməyə qərar veriblər. Nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nin simvolu kimi seçilmiş ceyran maketləri ötən il festivalda iştirak etmiş rəssamlar tərəfindən xüsusi rəsm üslubu və dekorasiya ilə bəzədiləcək. Bu il festivalda dünyanın 10-dan çox ölkəsindən 30-a yaxın tanınmış rəssam iştirak edir.
Festivalın konseptual xəyal sərhədləri layihəyə hər il maraqlı, paralel aksiyalar daxil edilməsi sayəsində genişləndirilir. Bu il rəssamlara Bakıda keçiriləcək birinci Avropa Oyunlarının simvolları - nar və ceyran heykəllərini rəngləmək təklif edilib. Festivalda iştirak edən türkiyəli rəssam Pinar Partanar layihə barədə fikirlərini bölüşüb: “İlk dəfədir Azərbaycandayam. Burada gördüklərim məni valeh etdi. Bakının möhtəşəm bir idman tədbirinə ev sahibliyi etməsindən qürur duydum. Uzun illər ərzində müxtəlif rəsmlər üzərində çalışsam da, qardaş ölkədə ilk dəfə ceyran heykəlini rəngləyəcəyəm. Bu, mənim üçün olduqca xoşdur”.
Hollandiyalı rəssam Şefqet Emini isə “Qız qalası” beynəlxalq incəsənət festivalının özünəməxsusluğundan söz açıb: “Mən müxtəlif ölkələrdə bir-birindən fərqli incəsənət festivallarında iştirak etmişəm. Bakıda təşkil olunan bu festival olduqca bənzərsizdir. Bu ideyanın bir fərqliliyi də ətraf mühitin mühafizəsi ilə bağlıdır. Sevinirəm ki, belə bir gözəl incəsənət bayramında iştirak edirəm”.
İyunun 14-dək davam edəcək festivalın sonunda bənzərsiz sənət əsərlərinə çevrilən Qız qalası, nar və ceyran maketləri əvvəlcə Bakı sakinləri və şəhərimizin qonaqları üçün İçərişəhərdə, daha sonra isə müxtəlif ölkələrdə sərgilənərək ölkəmizi, onun tarixini və mədəniyyətini təmsil edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar