XX yüzilliyin ikinci yarısı və yeni əsrin əvvəllərində Azərbaycan təsviri sənətinin yeni-yeni çalarlarla zənginləşməsində mühüm rol oynayan fırça ustalarından biri də Xalq rəssamı Elbəy Rzaquliyev olub. Azərbaycanın və bir sıra xarici ölkələrin həyatının sənətkar tərəfindən yüksək peşəkarlıqla yaradılmış təsvirləri əsl sənət örnəkləridir.

Elbəy Mirzə Həsən oğlu Rzaquliyev 17 iyun 1926-cı ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1946-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsilini davam etdirmişdir. Burada F.S.Boqorodski, M.S.Boqdanov, A.S.Dextyar, Y.İ.Pimenov, Q.M.Şeqal kimi tanınmış rəssamlardan sənətin sirlərini öyrənmişdir. 1953-cü ildə təhsilini başa vurduqdan sonra "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-rəssam kimi işləməyə başlamışdır. Daha sonralar rəssamın yaradıcılığı iki əsas istiqamətdə inkişaf etmişdir. Həm rəngkar, həm də kino rəssamı kimi fəaliyyət göstərmişdir. 1953-1987-ci illərdə Rəssamlar İttifaqının katibi olmuşdur. 1964-cü ildə Əməkdar rəssam, 1977-ci ildə Xalq rəssamı fəxri adlarına, 1998-ci ildə isə “Şöhrət ” ordeninə layiq görülmüşdür. 1986-cı ildə «Azərbaycan-cəbhəyə» və «1945-ci il May. Qələbə bayramı» əsərlərinə görə Dövlət mükafatına layiq görülən sənətkar həmçinin Prezident təqaüdçüsü idi.
Elbəy Rzaquliyev geniş yaradıcılıq imkanlarına malik sənətkarlardandır. Rəssamın yaşadığı dövr üçün səciyyəvi olan aktual mövzularda əsərlər yaratması yaradıcılığının inkişafına daim müsbət təsir göstərmişdir. Onun tabloları kompozisiya həllinin müxtəlifliyi və özünəməxsus ahəngdar koloriti ilə fərqlənir. Ustad sənətkar öz fırçası ilə Azərbaycan təbiətinin gözəlliyini incə ştrixlərlə təsvir etmiş, boyakarlığın müxtəlif janrlarında mövzu və ideya həlli baxımından olduqca maraqlı lövhələr yaratmışdır. Fərdi yaradıcılıq üslubu ilə seçilən rəssam Azərbaycan incəsənətinin inkişafında müstəsna xidmətləri olan bacarıqlı fırça ustasına çevrilmiş, boyakarlıq və qrafika əsərləri rəssamlıq tariximizə həmişəlik daxil olmuşdur.
Təbiət gözəlliklərinin təsviri, doğma yurda məhəbbət və əməyin romantikası E.Rzaquliyevin ilham mənbəyi olmaqla yaradıcılığının əsas qayələrindəndir. Rəssamın rəng palitrasının zənginliyi və böyük ümumiləşdirmə gücü ilə səciyyələnən tabloları yüksək humanizm və bəşəri duyğular aşılayan gözəl sənət nümunələrindən hesab olunur. Bu əsərlərdə personajların xarakteri və mənəvi dünyası ustalıqla açılmışdır. Rəssamın xalqımızın tanınmış şəxsiyyətlərini və əmək adamlarını tərənnüm edən lövhələri sənətsevərlərin rəğbətini qazanmış və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. E.Rzaquliyevin əsərləri böyük emosional təsir qüvvəsinə malik olub müasirlərinin estetik zövqünün formalaşmasında mühüm rol oynamışdır. "Daşkəsənin gənc inşaatçıları", "Əli Bayramlı DRES-i", "İnsanların torpağı", "Çiçəklər arasında", "Qırmızı və ağ qızılgüllər", "Xəncər və məişət əşyalarından ibarət natürmort", "Tac-Mahal", "Yaponiya silsiləsi", "Əmək adamları", "Ana", "Montajçılar", "Kənddə" və digər əsərləri böyük maraqla qarşılanmışdır.
Rəssamın sevimli peyzaj motivlərini Abşeron mənzərəsi, tut və əncir ağaclarının müxtəlif təsvirləri təşkil edir. Tanınmış fırça ustasının yaradıcılığı Azərbaycan rəssamlıq məktəbinin inkişafında özünəməxsus yer tutur. Rəssamların bir neçə nəsli onun zəngin sənət təcrübəsindən faydalanmışdır. Xalq rəssamının tematik tabloları fəhlə, neftçi, inşaatçıların fiziki gücünü göstərməklə yanaşı, onların mənəvi, daxili aləmini əks etdirirdi. O, portret janrına o qədər də çox müraciət etməsə də, yaradıcılığında maraqlı nümunələrə rast gəlmək olur.
E.Rzaquliyev bir çox Şərq ölkələrində yaradıcılıq ezamiyyətlərində olmuşdur. Bunun nəticəsi olaraq öz təəssüratlarını kətanın üzərinə həkk edərək silsilə əsərlər yaratmışdır. Bu silsiləyə - Meksika, Hindistan, Yaponiya, Yəmən və İsrailin şəhər həyatı, mədəniyyəti, memarlıq abidələri, təbiətinin gözəlliklərini əks etdirən tablolar daxildir. Meksikalıların həyat tərzi, məişəti rəssamın “Rəqs edən cütlük”, “Xalça satıcısı”, “Günəşli gündə”, “Gülsatan” adlı kiçikölçülü əsərlərində əks olunmuşdur. Bu əsərlərdə rəssamın insanlara xoş münasibət bəslədiyini aydın hiss etmək olar.
Rəssam respublikamızın bir çox bölgələrində olmuşdur. Onu ilk dəfə görənlər əsərlərinə görə səmimi qarşılayırdılarsa, sonra insani keyfiyyətlərinə görə sevər, adını hörmətlə çəkərdilər. O, sözün həqiqi mənasında, şəxsiyyət, yaradıcı ziyalı idi. Onun yaradıcılığında əsas mövzu Bakı, Abşeron idi. "Şirvanşahlar sarayı", "İçərişəhər", "Bakı kəndində", "Mirzə Ələkbər Sabir" əsərlərinə indi də maraqla baxılır. "Üzeyir Hacıbəyov dünyası" portretində rəssam sanki dahi bəstəkara ikinci bir həyat vermişdi.
E.Rzaquliyev istedadlı kino rəssamı kimi də tanınmış, müxtəlif filmlərdə quruluşçu və geyim rəssamı kimi öz istedadını bir daha sübut etmişdir. "Görüş" filminin rejissoru Tofiq Tağızadə vaxtilə yazmışdır: "Elbəy gözəl sənətkar, həm də milli mənliyini, şəxsiyyətini qoruyub saxlayan insandır". Sənətkar “Arxadan vurulan zərbə”, “Bakıda küləklər əsir”, “Bəxtiyar”, “Bəyin oğurlanması”, “Bir məhəllədən iki nəfər”, “Görüş”, “Gün keçdi”, “İstintaq davam edir”, “Qara daşlar”, “Qəm pəncərəsi”, “Qəzəlxan”, “Onun böyük ürəyi” “Ögey ana”, “Baladadaşın ilk məhəbbəti”, “Telefonçu qız”, “Tütək səsi”, “Uşaqlığın son gecəsi” və s. filmlərin quruluşçu rəssamı, “Dərviş Parisi partladır”, “Əsl dost”, “Torpaq. Dəniz. Od. Səma.” filmlərinin isə geyim üzrə rəssamı olmuşdur.
Fırça ustasının yaratdığı tablolar müasir Azərbaycan boyakarlığı və qrafika sənətinin qiymətli nümunələri kimi dünyanın bir çox sərgi salonlarında, rəsm qalereyalarında və muzeylərdə uğurla nümayiş etdirilmişdir. Xarici ölkələrin həyatından bəhs edən silsilə rəsmlərindən ibarət sərgiləri Azərbaycan incəsənətinə şöhrət gətirmişdir. 1960-1970-ci illərdə Bakıda, Moskvada və Kaunasda fərdi sərgiləri böyük müvəffəqiyyətlə nümayiş etdirilmiş və sənətsevərlərin diqqətini cəlb etmişdir. Rəssamın Paris, Nyu-York, Nyu-Orlean, Budapeşt, Köln, Duysburq və Mexikoda sərgiləri olmuşdur. Hazırda Azərbaycan Dövlət Rəsm Qalereyasında rəssamın 50 boyakarlıq, 40 qrafika eskizləri mühafizə olunur.
Müasir Azərbaycan təsviri sənətinin inkişafına böyük töhfələr verən Elbəy Rzaquliyev 2007-ci il sentyabrın 15-də, 82 yaşında vəfat etmişdir.

Lamiyə Əliyeva,
Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar