Lüksemburqda Azərbaycanın qadın rəssamlarının sərgisi

İyunun 15-də Lüksemburqdakı “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının sərgi zalında “Odlar yurdunun min bir rəngi” adı altında gənc azərbaycanlı qadın rəssamların əsərlərindən ibarət ekspozisiya açılıb. Sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılıb.

Mərasimi assosiasiyanın birinci katibi Eva Rodik açaraq tədbirin əhəmiyyətindən danışıb, qonaqları Odlar yurdunun min bir rəngi ilə yaxından tanış olmağa çağırıb.
Tədbirin təşkilatçısı, “Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva çıxış edərək layihənin məqsəd və məramı barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihənin məqsədi avropalıları Azərbaycanda gedən inkişafla bir daha tanış etmək, ölkəmizin gözəllikləri, tarixi abidələri, mədəniyyəti və incəsənəti barədə onlarda aydın təsəvvür yaratmaqdır. Təsadüfi deyil ki, nümayiş olunan əsərlər içərisində Qarabağ mövzusu xüsusi yer tutur.
Şəhla Nağıyeva bu günlər Azərbaycan paytaxtının ilk Avropa Oyunlarına ev sahibliyi etdiyini diqqətə çatdırıb və yarışlarda Azərbaycan təmsilçilərinin uğurlu iştirakı barədə qonaqlara məlumat verib. Qeyd edək ki, sərgidə “Baku-2015” Avropa Oyunları mövzusunda da rəsmlər nümayiş olunur.
Əsərləri nümayiş edilən gənc rəssamlar Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənova tədbirə gələn qonaqları salamlayıb, bu layihənin reallaşmasına verdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür ediblər.
Tədbirdə Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin əməkdaşları, Azərbaycan-Lüksemburq Ticarət Palatasının nümayəndələri, Lüksemburqun mədəniyyət və maliyyə dairələrinin təmsilçiləri, rəssamlar və şəhər sakinləri iştirak ediblər. Gənc rəssamlar Azərbaycan haqqında qonaqların suallarını cavablandırıblar.
Sərgi iyun ayının 20-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar