Bugünlərdə gənc azərbaycanlı rəssam Günay Mehdizadənin yaradıcılıq bioqrafiyasında önəmli hadisə baş verib. Rəssamın “Atatürkün portreti” əsəri Ankarada fəaliyyət göstərən “Atatürk evi” muzeyinin daimi ekspozisiyasında nümayiş üçün qəbul olunmuşdur.

Qardaş ölkədə Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün adı ilə bağlı çoxlu muzeylər var. Bu muzeylərin ən tanınmışı paytaxtdakı “Atatürk evi”dir. İndiki halda bu ifadəni oxuyan və Atatürkün bioqrafiyasını yaxşı bilən, amma bu muzeyin yaranma tarixindən xəbərsiz olan hər kəs bizə görkəmli dövlət xadiminin Ankarada yox, Saloniki şəhərində doğulduğunu söyləyib etiraz edə də bilər. Amma “Atatürk evi”nin Ankarada yerləşməsinin öz səbəbləri var...
Mustafa Kamal Atatürk 1881-ci ildə Saloniki şəhərində anadan olub. Vaxtilə Osmanlı imperiyasının ərazisində olan bu şəhər I Dünya savaşından sonra Yunanıstanın tərkibində qalıb. Təbii ki, bunun qarşılığında Atatürkün doğulduğu ev də “itirilib”. Nəhayət, uzun müddətdən sonra - Atatürkün 100 illiyinin qeyd edilməsi ərəfəsində Türkiyə hökuməti onun Salonikidəki evinin Ankarada bərpa olunması - dəqiq surətinin tikilməsi barəsində qərar qəbul edib. 1981-ci il noyabrın 10-da ev-muzey qapılarını tamaşaçıların üzünə açıb.
Üç mərtəbədə yerləşən ekspozisiyada Mustafa Kamal Atatürkün həyat və fəaliyyəti ilə tanış olmaq mümkündür. Müxtəlif əşyalar, fotoşəkillər görkəmli dövlət xadiminin müxtəlif illərini və anlarını yaşadır. Bu yerdə deyək ki, muzeyin salonlarında fotoşəkillər nə qədər çox olsa da, Atatürkün bilavasitə özü ilə bağlı rəsm əsərləri yox dərəcəsindədir. Ekspozisiyada yer alan iki kiçikölçülü qrafik əsərdə onun valideynləri təsvir olunmuşlar. Bu mənada azərbaycanlı rəssam Günay Mehdizadənin “Atatürkün portreti” əsəri ekspozisiyada yeni və ilk bədii nümunədir.
Kətan üzərində yağlı boya ilə 2014-cü ildə çəkilmiş portret 80x60 sm ölçüsündədir. Kompozisiyanı Atatürkün obrazı və onun adı ilə bağlı müxtəlif tikililərin təsvirləri təşkil edir. Rəngli portret ağ-qara cizgilərlə çəkilmiş memarlıq abidələrinin fonunda cəlbedici və təsirli baxılır. Əsərdə realizm ənənələrinin geniş bədii ümumiləşdirmələrlə qovşağı çox təsirli və duyğulandırıcıdır...
Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Günay Mehdizadə yaradıcılığı maraqla izlənən gənclərdən biridir. Rəssamın müxtəlif sərgilərdə nümayiş olunan əsərlərinə tamaşaçı marağı da bunu təsdiqləyir. 2013-cü ildə gənc Azərbaycan rəssamlarının Milanda (İtaliya) keçirilən sərgisində iştirakı və 2014-cü ildə Konyada (Türkiyə) təşkil olunan beynəlxalq simpoziuma dəvət olunması onun yaradıcılığına olan marağın ifadəsidir.

Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar