İyulun 4-dən 8-dək Macarıstanın Balatonfüred şəhərində XV Balaton Beynəlxalq Gənclik İncəsənət Festivalı keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) musiqi sənəti fakültəsinin kafedra müdiri, beynəlxalq müsabiqələr laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səbinə Mehdiyevanın rəhbərliyi ilə dörd tələbə və konsertmeysterdən ibarət heyət festivalda iştirak edib.
Bu il 15-ci dəfə keçirilən festivalda 10-dan artıq ölkədən vokal, ifaçılıq, folklor, rəqs, kino sənəti, teatr və s. ixtisaslar üzrə altı yaş qrupunda iştirakçılar çıxış ediblər.
Müsabiqədə fortepiano ixtisası üzrə iştirak edən universitetin I kurs tələbələri Səidə Əliyeva (müəllim Cəmalə Nəsirova), İlahə Salmanzadə (müəllim Səbinə Mehdiyeva) bürünc medala, III kurs xanəndəlik üzrə təhsil alan Murad Kəngərli (müəllim Xalq artisti Səkinə İsmayılova) və III kurs magistrant Emil Mirzəyev (müəllim Fikrət Manafov) tar ifaçılığı ilə folklor nominasiyasında birincilik qazanaraq qızıl medala layiq görülüblər. Qeyd edək ki, bu il festivalın 15 illik yubileyi münasibətilə folklor nominasiyası da əlavə edilib ki, bu nominasiyada məhz Azərbaycan təmsilçisi birinci olub.
Səbinə Mehdiyeva münsiflər heyətinin üzvü kimi qızıl medalla təltif olunub. Konsertmeyster Firuzə Hüseynova isə “Ən yaxşı konsertmeyster” diplomu ilə təltif edilib.
İfaçılarımız festival-müsabiqədə Azərbaycan və dünya klassiklərinin seçilmiş, ifası xüsusi istedad, texnika tələb edən əsərləri ilə münsiflərin qarşısına çıxaraq yüksək nəticələr əldə ediblər.
Vətənə döndükdən sonra ADMİU-nun rektoru, professor Fərəh Əliyeva iştirakçılarla görüşüb. Rektor yüksək nəticələr əldə etdikləri üçün təşəkkürünü bildirərək hər bir ifaçıya uğurlar arzulayıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar