Uşaqlar Xalça Muzeyinin ekspozisiyasında çəkdikləri fotoları təqdim ediblər
İyulun 25-də Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsi tərəfindən “Nəslin nəvəsi yaşayır” adlı fotosərgi layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirin məqsədi uşaqlarda xalça və xalq tətbiqi sənətinə olan sevgini, diqqəti və bilikləri aşılamaq və daha da təkmilləşdirməkdir.
Şöbənin müdiri Azər Abdullayev bildirib ki, iyun ayında başlanan layihədə Xalça Muzeyinin dərnəyinə üzv olan uşaqlar və muzeylə tanışlıqdan sonra milli adət-ənənələrimizi yaşadan xalça və tətbiqi sənətimizə maraq göstərən məktəblilər iştirak ediblər. 20-dək uşaq mərhələlərlə Xalça Muzeyinin ekspozisiyasında nümayiş olunan xalça və ya xalq tətbiqi sənətinə nümunələrin fotoşəklini çəkib. Daha sonra həmin fotolar haqqında muzey daxilində (kitabxana, mütəxəssislər) məlumatlar toplayıblar.
Tədbirdə uşaqlar şəklini çəkdikləri nümunələr barədə təqdimatla çıxış ediblər.
Onların çıxışlarını və hazırladıqları fotolayihələri Xalça Muzeyinin direktoru, professor Röya Tağıyeva, xalçaçı rəssam Eldar Mikayılzadə və Əməkdar rəssam Natiq Səfərov qiymətləndirib. Güllü Mehdizadə birinci, Nəzrin Sadıqova ikinci, Aynur Mehdi isə üçüncü yerlərə layiq görülüb. Qaliblərə və layihədə iştirak edən uşaqlara hədiyyələr təqdim olunub.
Tədbirin ikinci hissəsində uşaq muzeyi şöbəsi tərəfindən xalça toxunuşunun nümayişi, milli geyim növləri, xalça elementləri təsvir olunmuş vərəqlərin rəngləməsi və “Face-art” təşkil edilib.