Oktyabrın 23-də Parisdə, dünyaca məşhur Luvr muzeyinin Karusel qalereyasında keçirilən “Art Shopping” festivalı çərçivəsində istedadlı gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb.

Qalereyanın direktoru xanım Miryam Anone-Kastane fərdi sərgisinin açılışı münasibətilə Məryəm Ələkbərlini təbrik edib, onun əsərlərinin yenə də tamaşaçılarda böyük maraq yaradacağına əminliyini bildirib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxışında Luvr muzeyinin Karusel qalereyasında Məryəm Ələkbərlinin yenidən fərdi sərgisinin açılmasının gənc rəssamın uğurunun göstəricisi olduğunu diqqətə çatdırıb. Səfir rəssamın budəfəki sərgisinin xüsusi bir mövzuya - qədim qayaüstü yazılara həsr edildiyini və bunun da təsadüfi olmadığını bildirib. O qeyd edib ki, Azərbaycanda mövcud olan qayaüstü yazılar, qavaldaş və palçıq vulkanları ölkəmizin qədim və zəngin mədəni irsinin nadir nümunələrindəndir. Bu zəngin irsin qorunub saxlanması məqsədilə Bakı şəhərindən 60 kilometr aralıda açıq səma altında muzey - Qobustan Dövlət Tarix-Bədii Qoruğu yaradılıb. Diplomat gənc rəssamın Qobustandakı mədəni irsimizin nümunələrindən ilhamlandığını vurğulayıb.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov da sərginin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Qobustan Dövlət Tarix-Bədii Qoruğunun qayaüstü yazılarına həsr olunmasının önəmini vurğulayıb. O, 2011-ci ildə Məryəmin UNESCO-da sərgisinin təşkil olunduğunu xatırladıb, rəssamın İstanbul, Ankara, Berlin, Paris, Roma və digər şəhərlərdəki uğurlu sərgilərindən söhbət açıb.
İncəsənət tarixçisi və sərginin təşkilatçısı xanım Janet Zvinjenberjer Məryəmin sərgidə nümayiş etdirilən əsərlərinin əsas məziyyətlərindən danışıb. Bildirib ki, istedadlı rəssam yaşadığı hisləri əsərlərində tamaşaçılara çatdırmaqla mahir fırça ustası olduğunu bir daha sübut edib, bu il bütün yay mövsümündə tarixin çox qədim dövrünü əks etdirən yeni əsərlər silsiləsi yaradıb. Vurğulanıb ki, Məryəm Ələkbərlinin yaratdığı əsərlər məna və hislərin dərinliyi ilə seçilir. O, öz daxili dünyasını əlvan rənglərin dili ilə ifadə edir. Fransada təhsil alan Məryəmin əsərlərinə Matis, Qoqen, Sezan kimi böyük rəssamların yaradıcılığı təsir göstərib.
Çıxışlardan sonra tanınmış gənc caz ustası, pianoçu Etibar Əsədlinin ifa etdiyi Azərbaycan musiqisinin sədaları altında tamaşaçılar Məryəm Ələkbərlinin əsərlərinə baxıblar.
Sərgi çərçivəsində “Petroqliflər” adlı kataloq müəllifin imzası ilə qonaqlara təqdim olunub.
Luvr muzeyinin Karusel qalereyasında Məryəm Ələkbərlinin fərdi sərgisi oktyabrın 25-dək davam edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar