Noyabrın 13-də Müasir İncəsənət Muzeyində istedadlı gənc rəssam Aida Mahmudovanın “Elysium” adlı fərdi sərgisi açılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, mədəniyyət, incəsənət xadimləri, diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri tədbirdə iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının Humanitar məsələlər şöbəsinin müdiri Fatma Abdullazadə gənc rəssamın yaradıcılıq fəaliyyətindən söz açıb. Bildirib ki, Aida Mahmudovanın rəhbərlik etdiyi “YARAT!” Müasir İncəsənət Məkanı istedadlı gəncləri öz ətrafında birləşdirə bilib. Bu gün Azərbaycan incəsənəti Venesiya bienallesində təmsil olunur, rəssamlarımızın əsərləri Avropanın sərgi salonlarında nümayiş etdirilir, dünya rəssamlarının iştirakı ilə layihələr həyata keçirilir. Bu layihələrdə A.Mahmudovanın mühüm xidmətləri var.
Rəssamın hər bir sərgisi kimi bu ekspozisiyasının da böyük maraqla qarşılandığını vurğulayan F.Abdullazadə ona yeni yaradıcılıq uğurları arzulayıb.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtəgin Salamzadə qeyd edib ki, Aida Mahmudovanın bu sərgisində tamamilə yeni, əvvəllər bizə məlum olmayan, vərdiş etmədiyimiz məkan hissi ilə qarşılaşırıq. Vurğulanıb ki, rəssamın əsərlərindəki məkan hissi kəskin müasirlik hissinin təzahürüdür.
Sərgiyə gələnləri salamlayan Aida Mahmudova ekspozisiyanın konsepsiyası haqqında məlumat verib. Bildirib ki, “Elysium” bu sərginin mövzusu və ya konsepsiyasıdır. Qədim yunanlarda “Elysium” tam xoşbəxtlərin yaşadığı məkandır. Daha doğrusu, əbədi xoşbəxtlik məkanıdır. Ancaq əbədi heç nə olmur və olmayacaq. Çünki məcazi sayılanın forması olmur. Odur ki, başlanğıca malik olmaq, dərk etmək gözəldir.
Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar.
Sərgidə müəllif Botanika bağının gözəlliklərini nümayiş etdirir. Burada istənilən insan özünü itirə və ya tapa bilər. Real olmayan bu yer ilham mənbəyi kimi də çıxış edir. Rəssamın əsərlərində insan duyğuları öz əksini tapıb.
Bu əsərlərin ünvanı xatirələr və nostaljidir. Azərbaycanın memarlığı və landşaftından ilham alaraq, Aida Mahmudova instalyasiya, heykəl və rəngkarlıq sahələrində işləyir, müasirləşən ölkəmizin uzaq guşələrini öz əsərlərində əks etdirir. Rəssamın əsərlərinin mahiyyətini instalyasiyada formalaşmış memarlıq xüsusiyyətləri, o cümlədən Bakının kənarında kimsəsiz yerlər təşkil edir. Bu vasitələrlə yaddaşda zamanın məqamını axtaran rəssamın əsərləri daimi dəyişkənlik təcrübəsinə qarşı çıxır, lakin bununla bərabər dəyişməyən detalları da əks etdirir.
Müasir İncəsənət Muzeyində “Elysium” sərgisi dekabrın 13-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar