Milli İncəsənət Muzeyində gənc rəssam Məryəm Ələkbərlinin sərgisi

Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin “Əsrlərin sədası” adlı rəsm sərgisi keçirilir.

Noyabrın 25-də baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) İcraiyyə Şurasının 36-cı iclasının və 12-ci Baş Konfransının iştirakçıları sərgi ilə tanış oldular.
Tədbiri giriş sözü ilə açan baş nazirin müavini Elçin Əfəndiyev İSESCO-nun yüksək səviyyəli toplantılarının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, tədbirlər çərçivəsində Bakıya gələn qonaqlara xalqımızın zəngin mədəniyyəti, tarixi və müasir inkişafı ilə yanaşı, ölkəmizdə gedən quruculuq və abadlıq işləri ilə yaxından tanış olmaq imkanı yaradılıb.
Sərgi barədə danışan Elçin Əfəndiyev vurğuladı ki, gənc rəssam Məryəm Ələkbərlinin ekspozisiyada nümayiş olunan 50-dək rəsm əsəri öz ruhunu milli dəyərlərdən alır: “Bu əsərlərdəki Qobustanın qayaüstü yazıları, Azərbaycanın muğam sənəti, İçərişəhərin tarixi abidələri mədəni irsimizin müasir simasını təcəssüm etdirir. “Əsrlərin sədası” sərgisi mövzu etibarilə insanı xoşbəxtliyə və tolerantlığa, birliyə və bərabərliyə çağırır”.
Dünyada islam ölkələrinə qarşı ikili standartların nümayiş olunduğunu diqqətə çatdıran Elçin Əfəndiyev qeyd etdi ki, buna baxmayaraq, bütün müsəlman ölkələri bəşəriyyəti dincliyə, xoşbəxtliyə, insanlığa və tolerantlığa dəvət edir. Vurğulandı ki, bir müsəlman ölkəsinin övladı olan gənc rəssamın bu sərgidə yer alan əsərləri də qeyd olunan xüsusiyyətləri özündə ehtiva edir. Elçin Əfəndiyev Məryəm Ələkbərlini sərgi münasibətilə təbrik edərək ona yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Tədbirdə çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik olduğunu diqqətə çatdırdı və beynəlxalq səviyyəli möhtəşəm tədbirlərin Bakıda keçirilməsini yüksək qiymətləndirdi.
Baş direktor ölkəmizin İSESCO İcraiyyə Şurasının toplantılarına ev sahibliyi etməsini əməkdaşlığın inkişafında irəliyə doğru addım kimi dəyərləndirdi, bunun təşkilatda təmsil olunan ölkələrin mədəniyyət, elm və təhsil sahəsində əlaqələrinə müsbət təsir edəcəyini vurğuladı.
Sonra qonaqlar sərgi ilə tanış oldular.
Ağ Şəki ipəyi üzərində qarışıq texnikada işlənmiş tablolar istər rəng və yozum baxımından, istərsə də özünəməxsus qeyri-adi dəst-xətti ilə diqqəti cəlb edir. Rəssamın qövsi-qüzehin yeddi rəngini ehtiva edən kətan üzərindəki işləri isə Qobustan qayaüstü təsvirlərinin əsas mövzularının davamı olaraq qədim inanc, ayin və rəqslərin əsrarəngiz mənzərəsini yaradır.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar