Oktyabrın 26-da Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Musiqi fənləri kafedrası Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi alətləri fənlərinin tədrisi kafedrasının dəvəti ilə bu tədris ocağında “Bakı Xoreoqrafiya Akademiyasında musiqi təhsili” mövzusunda seminar və akademiyanın instrumental ifaçılıq ixtisası üzrə magistr tələbələrinin ilk konsertini keçirib.

Universitetin akt zalında təşkil olunan seminarı giriş sözü açan BXA təhsil kompleksinin Bakalavr və magistratura şöbəsinin müdir müavini, baş müəllim Lalə Hüseynli akademiyada tədris sistemi, yeni açılmış ixtisaslar və yaradıcı mühit barədə məlumat verib.
Qeyd edilib ki, akademiyada təhsilin bütün pillə və səviyyələrində musiqi üzrə fənlər tədris olunur, xoreoqrafiya təhsili və sənətinin inkişafı üçün vacib əhəmiyyət kəsb edən instrumental ifaçılıq ixtisasına böyük önəm verilir. Hazırda akademiyada fortepiano və nağara ifaçılığı tədris olunur. Növbəti tədris ilindən musiqi alətləri üzrə ixtisasların artırılması planlaşdırılır. Bu yaxınlarda açılan Musiqi fənləri kafedrasına rəhbərlik sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyliyə həvalə olunub.
Sonra BXA təhsil kompleksinin instrumental ifaçılıq ixtisası üzrə təhsil alan magistrantlarının konserti keçirilib.
Konsertdə Bax, Ziloti, Berkoviç, F.Əmirov, A.Məlikov, Q.Qarayev, S.İbrahimova, T.Quliyev və digər bəstəkarların əsərləri ifa olunub. Akademiyanın orta ixtisas təhsili pilləsinin tələbələrindən ibarət nağaraçılar ansamblı (müəllim C.Babayev) Azərbaycan ritmlərindən ibarət kompozisiya ilə çıxış edib. Proqrama professor, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın ifasında Niyazinin “Xoreoqrafik vals”ı ilə yekun vurulub.