Müsahibimiz Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raevdir. Onunla söhbətimizdə qurumun ənənəvi və yeni layihələrinə toxunduq.
– TÜRKSOY-un ənənəvi layihələrindən biri də “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsidir. Bildiyiniz kimi, 2024-cü il üçün “mədəniyyət paytaxtı" estafeti Azərbaycanın Şuşa şəhərindən Türkmənistanın Anev şəhərinə verildi. Bununla əlaqədar nə kimi yeni layihələr nəzərdə tutulub?
– 2024-cü il "Məhtimqulu Fəraqi İli" elan olunması ilə yanaşı, Türkmənistanın tarixi Anev şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” elan olundu. Ona görə bu il TÜRKSOY-un bir çox ənənəvi tədbirləri Türkmənistanda keçirilir. Novruz bayramı çərçivəsində "Anev-2024" ilinin rəsmi açılışı və silsilə tədbirləri də buna nümunə olaraq göstərə bilərəm. Bu günlərdə Türkmənistanın paytaxtı Aşqabadda tanınmış türkmən şairi Məhtumqulu Fəraqinin anadan olmasının 300 illiyinə həsr edilmiş TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 10-cu iclası və eyni zamanda üzv ölkələrin Mədəniyyət Nazirlərinin görüşləri olacaq.
– Azərbaycan-TÜRKSOY əlaqələrini necə dəyərləndirirsiniz? Ümumiyyətlə, Azərbaycan qurumun fəaliyyətlərində necə yer tutur?
– Azərbaycan TÜRKSOY-un lokomotivlərindən biridir və TÜRKSOY-un fəaliyyətlərində ən aktiv iştirak edən ölkədir. Onun quruma verdiyi dəstək bizim üçün çox önəmlidir. 2023-cü il həm də Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və bu münasibətlə il ərzində bu qədim şəhərdə silsilə tədbirlərin keçirilməsi ilə yadda qaldı. İlin əvvəlindən sonuna qədər TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının toplantısı, “Xarıbülbül” festivalı, fotoqraflar və rəssamlar simpoziumları, foto, rəsm və əl işləri sərgiləri, Türk Dünyası Media Forumu, 1-ci Türk Dünyası Mədəniyyət Forumu, TÜRKSOY-a üzv ölkələrin Teatr Rəhbərləri Şurasının toplantısı, TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının 40-cı toplantısı, Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis toplantısı, "Şuşa – 2023" ilinin rəsmi açılışı və bağlanışı, digər çoxsaylı tədbirləri qeyd edə bilərəm. Bu tədbirlərdə rəsmi şəxslərlə yanaşı, üzv ölkələrdən alimlərin, media nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə gerçəkləşən müxtəlif səpkili tədbirlər Şuşanın beynəlxalq aləmdə bir mədəniyyət şəhəri kimi tanıdılmasına öz töhfəsini verdi. Onu da məmnunluqla qeyd edim ki, Azərbaycan bu tədbirlərin öhdəsindən uğurla gəldi.
– Sultan bəy, TÜRKSOY-un fəaliyyətində ənənəvi layihələri bəllidir. Bəs qurum olaraq yeni prioritet hədəfləriniz varmı?
– Bu il mayın 20-dən 22-dək “Türk dünyası xalq tələbə tamaşaları festivalı”nı keçirəcəyik. Festivalda Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan teatrlarının hazırladıqları tamaşalar göstəriləcək. 6 teatrın iştirakı ilə üç gün davam edəcək festivalın məqsədi həm də gənclərə dəstək verməkdir. Çünki gənclər Türk dünyası teatrının gələcəyidir. Bu kontekstdə biz də onlara yardım etmək, impuls vermək istəyirik.
Biz xüsusilə yaradıcı incəsənətə və animasiya filmlərinə diqqət ayırırıq və bu istiqamətdə də yeni layihələrimiz var. Əhəmiyyət verdiyimiz digər sahə kinodur. Son iki ildə "Qorqud Ata" Türk Dünyası Film Festivalı genişmiqyaslı tədbirə çevrilib. Festivalı keçən il ilk dəfə Türkiyədən kənarda – Azərbaycanın ev sahibliyi ilə təşkil etdik. 4-cü "Qorqud Ata" Film Festivalımızı isə bu il Türkmənistanda keçirəcəyik. Daha bir sənət layihəmiz birgə film çəkilişidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2023-cü il oktyabrın 14-də Şuşa şəhərində keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunda TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasında TÜRKSOY ölkələrinin dəstəyi ilə "Molla Nəsrəddin. Çətin günlərimin dostu" adlı tammetrajlı bədii filmin birgə istehsalı qərara alınıb. Filmin quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Vaqif Mustafayevdir. Filmin çəkilişlərinin Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanda aparılması, hər bir ölkədə həyata keçiriləcək çəkilişlərin həmin ölkə tərəfindən maliyyələşdirilməsi ilə bağlı razılığa gəlinib. Artıq hazırlıq işlərinə başlanılıb. Sözügedən film kino sahəsində TÜRKSOY-un ilk ortaq layihəsidir. İnanırıq ki, "Molla Nəsrəddin.Çətin günlərimin dostu" filmi yüksək səviyyədə hazırlanaraq tamaşaçılara təqdim olunacaq.Türk dövlətləri arasında ortaq mədəni dəyərlərə söykənən bu bədii filmin istehsalı ilə əlaqədar hazırda layihədə iştirak edən ölkələrlə işlər əlaqələndirilmiş şəkildə davam etdirilir və tez-tez internet üzərindən toplantılar, müzakirələr aparılır.
Mehparə Sultanova
Ankara