Moskvada ölkəmizin turizm potensialının təbliğinə həsr olunan görüş təşkil edilib

2015-ci ildə Rusiyadan Azərbaycana 600 minə yaxın turist səyahət edib. Bu ilin birinci yarısında isə Azərbaycana səyahət edən rusiyalı turistlərin sayı 320 minə çatıb.

Bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada turizm operatoru olan “Tour a Vent” şirkətinin rəhbəri İqor Şaulov bildirib. Bir ilə yaxın müddətdə fəaliyyət göstərən “Tour a Vent” şirkətinin artıq səyahətsevərlər arasında etimad qazandığını deyən İ.Şaulov rusiyalıların daha çox həftəsonu turlarına, Naftalan, “Şahdağ”, “Tufandağ”, Şəki, İstisu kimi turizm istiqamətlərinə üstünlük verdiklərini vurğulayıb.
“Tour a Vent” şirkəti və Azərbaycan Konqreslər Bürosu Moskvanın “Kalçuq Kempenski” hotelində ölkəmizin turizm potensialının təbliğinə həsr olunan görüş təşkil edib. Görüş çərçivəsində Azərbaycanın MİCE (Meetings-Incentive-Conferences-Events) işgüzar turizm sənayesinin nümayəndələri Rusiyanın bu sahədə çalışan nüfuzlu təşkilat və vasitəçiləri ilə bir araya gəliblər.
Tədbirdə Azərbaycan Konqreslər Bürosunun “Boulevard Baku”, “Fairmont Baku”, “Holiday Inn Baku”, “Hilton Baku”, “Hyatt Regency Baku”, “Jumeirah Bilgah Beach” hotellərinin və digər tərəfdaşlarının təmsilçiləri iştirak ediblər. Azərbaycanda səyyar konfranslar, simpoziumlar, intensiv proqramlar keçirməkdə maraqlı olan təşkilatların nümayəndələrinə ölkəmiz barədə ətraflı məlumat verilib.
Azərbaycan Konqreslər Bürosunun nümayəndəsi Anar Nərimanov çıxışında qeyd edib ki, belə tədbirlərin keçirilməsi Azərbaycanda işgüzar turizmin inkişafına dəstək olmaqla yanaşı, yerli turizm şirkətlərinin və mehmanxanaların işinin yaxşılaşdırılması, Rusiyadan olan turistlərin sayının artırılması və bunun sayəsində yerli iqtisadiyyatın şaxələndirilməsi üçün əhəmiyyətlidir.
Təqdimat zamanı Azərbaycanın işgüzar turizm sənayesi sahəsində böyük təcrübəyə malik olduğu, son illər respublikamızın “Eurovision”, birinci Avropa Oyunları, “Formula-1” yarışları, “Jara” musiqi festivalı kimi möhtəşəm tədbirlərə ev sahibliyi etdiyi diqqətə çatdırılıb.
Azərbaycanın Moskvadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev Rusiya ilə Azərbaycan arasında humanitar sahədə əməkdaşlığın sürətli inkişafından danışaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Fondun Rusiya nümayəndəliyinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətindən söz açıb. Diplomat Bakı Beynəlxalq Humanitar Forumu və VII Azərbaycan-Rusiya Regionlararası Forumu barədə məlumat verərək deyib: “Tədbirlərimizdə iştirak edən qonaqlar Azərbaycandan ən xoş təəssüratlarla qayıdıblar. Əminliklə deyə bilərik ki, qonaqpərvər Azərbaycana gələn hər kəs burada özünü rahat və təhlükəsiz hiss edir”.
Görüşün sonunda Azərbaycan xalq tətbiqi sənətinə dair ustad dərsləri keçirilib, pianoçu Riad Məmmədovun ifasında caz kompozisiyaları səsləndirilib, lotereya oyununun qaliblərinə Azərbaycana səyahət turları hədiyyə edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar