Tur-aksiyanın 6-cı mərhələsində 76 şəhər və rayondan 3 mindən çox məktəbli iştirak edir

Böyüməkdə olan nəslin doğma vətənimizi yaxından tanıması, onun müasir inkişafını, tarixi-mədəni irsini, təbii gözəlliklərini gəzib-görməsi, öyrənməsi ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzindədir. Ölkə başçısının tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü ildən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb.

Ötən müddət ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 5 tur-aksiya təşkil olunub. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 7 mindən çox şagird iştirak edib.
Noyabrın 12-də “Ölkəmizi tanıyaq” aksiyasında növbəti mərhələyə start verilib. 12-15 və 17-20 noyabr tarixini əhatə edən 6-cı mərhələdə 4 istiqamət üzrə 76 şəhər və rayondan ümumilikdə 3100 nəfər iştirak edəcək.
Layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafını, abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.
Budəfəki aksiya çərçivəsində məktəbli gənclər Gəncə, Şəmkir, Göygöl, Lənkəran, Astara, Masallı, Qəbələ, Şəki, Zaqatala, Quba, Qusar, Xaçmazda qədim tarixi, mədəniyyət abidələri ilə tanış olur, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, Bayraq meydanları və muzeylərinə, gənclər mərkəzlərinə, rəsm qalereyalarına, Tarix-diyarşünaslıq muzeylərinə, istehsal və emal sənayelərinə baş çəkir, park və xiyabanları gəzir, qoruq və göllərə ekskursiya edirlər.
Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə tur proqramına Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Cömərd Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr, Nizami Gəncəvi adına Mərkəz və Gəncə avtomobil zavoduna, Şəmkir rayonunda Orta əsr Şəmkir şəhər yeri, “Abidələr” parkı, alman kirxası, “İstiqlal” parkı, Göygöl rayonunda alman kirxası, Hacıkənd qəsəbəsi və Göygöl milli parkına ekskursiya daxildir.
Lənkəran-Astara-Masallı istiqaməti üzrə səfər edəcək iştirakçılar Lənkəranda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Hirkan Milli parkı, Xanbulan gölü, çay plantasiyaları, sitrus meyvə bağları ilə, Astarada dənizkənarı bulvar, “Yanar bulaq”, “Astaraçay” fabriki, Masallıda isə Tarix-diyarşünaslıq muzeyi, Uşaq incəsənət məktəbi, “ASAN həyat” kompleksi, Viləşçay su anbarı ilə tanış olacaqlar.
Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə ekskursiya turu Qəbələ rayonunda Heydər Əliyev adına Konqres Mərkəzi, “Qəbələnd” istirahət mərkəzi, “Beltmann” piano zavodu, “Tufandağ” dağ-xizək kompleksi və Qəbələ konserv zavodu, Çuxur Qəbələ tarix-mədəniyyət qoruğu, Nohur gölü, udinlərin yaşadığı Nic kəndinə səfər daxildir. Tur iştirakçıları Şəkidə Xan sarayı, Yuxarı karvansaray, Aşağı karvansaray, Cümə məscidi və Kiş kəndində yerləşən qədim Alban məbədi ilə tanış olacaq, sənətkarlar məhəlləsinə ekskursiya edəcəklər. Zaqatalada, Dədə Qorqud meydanı, Zaqatala qalası, fındıq emalı müəssisəsinə baxış keçiriləcək.
Quba-Qusar-Xaçmaz turu üzrə səfər Quba rayonunda Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi, Quba xalçaçılıq emalatxanası, Qırmızı qəsəbə, Xınalıq yolunda şəlalə, Qusar rayonunun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi və “Şahdağ” qış-yay turizm kompleksi, Xaçmaz rayonunda isə Xalça muzeyi, Şəxsiyyətlər muzeyi və Çənlibel parkını əhatə edir.
Tur-aksiya çərçivəsində yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli və məzmunlu təşkil etmək üçün intellektual oyunlar keçirilir. Həmçinin, iştirakçılar tərəfindən xüsusi hazırlanmış yerlərdə 3 mindən çox ağac əkiləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar