Sektorun fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi üzərində də iş davam edir
Noyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclasında “Turizm haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı layihə müzakirə olunub.
Komitə sədri Hadi Rəcəbli məlumat verib ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olan sənəddə əsas məqsəd “Turizm haqqında” qanunun Miqrasiya Məcəlləsinə uyğunlaşdırılmasıdır.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin əməkdaşı Adil Vəliyev təklif olunan dəyişiklikləri ətraflı şərh edib. Bildirib ki, elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, “Dövlət rüsumu haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər. Elektron vizanın verilməsinə üç gün müddətində baxılır. İmtina üçün əsas olduqda imtina məktubu, olmadıqda isə elektron viza məktubu müraciət edən şəxsin elektron poçtuna göndərilir.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Hadi Rəcəbli Azərbaycanda turizm sahəsində münasibətləri özündə ətraflı əks etdirən “Turizm haqqında” yeni qanun layihəsi üzərində işin davam etdiyini də diqqətə çatdırıb. Bildirilib ki, hazırda müzakirə olunan, dövlətimizin başçısının təşəbbüsü ilə daxil olan bu sənəddəki məqamlar hazırlanacaq yeni “Turizm haqqında” qanunda da ehtiva olunacaq.
Xatırladaq ki, ötən həftə Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan qanun layihəsi üzərində 2012-ci ildən iş gedir. Qanun layihəsi 8 fəsil və 93 maddədən ibarətdir. Qanun turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idaraetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, turizm sahəsində maliyyə mənbələrinin təsnifatı, maliyyələşdirmə üsul və vasitələri, maliyyələşdirmədə məhdudiyyətlə, sığorta, elm və məlumatlandırma məsələləri üzrə münasibətləri tənzimləyəcək.