Beynəlxalq turizm marşrutu yaradılacaq
Azərbaycanla Türkiyə arasında “Babaların tarixi zəfər və şəhadət yolu” beynəlxalq turizm marşrutu yaradılacaq. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Turizm müəssisələri ilə iş komissiyası”nın iclasında layihə barədə məlumat verilib.
Komissiyanın sədri, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, “Millennium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev bildirib ki, bu gün Azərbaycan üçün əsas hədəf neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun dinamik inkişafının təmin olunmasıdır. Bu xüsusda həyata keçirilən tədbirlərdə turizm şirkətlərinin də üzərinə böyük məsuliyyət düşür.
Qeyd olunub ki, komissiyanın əsas fəaliyyət istiqamətləri ölkəmizdə turizmin inkişafı üçün yeni imkanları, hədəfləri müəyyənləşdirmək, turizm sahəsində fəaliyyət göstərən qurumların, birliklərin fəaliyyətinin əlaqələndirilməsi, həmçinin bu sahədə sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün təkliflər hazırlamaqdan ibarət olacaq.
Toplantıda iştirak edən digər qurumların nümayəndələri də ölkəmizdə turizm sahəsində mövcud vəziyyətlə bağlı təkliflər səsləndiriblər.
“Babaların tarixi zəfər və şəhadət yolu” turizm marşrutu layihəsi ilə komissiya üzvlərini tanış edən layihənin koordinatoru Qurban Dostəlizadə 10 ildən çoxdur layihə üzərində işlədiyini qeyd edib. Bildirib ki, layihənin Azərbaycan-Türkiyə arasında və ümumilikdə Qafqaz regionu ölkələrini əhatə beynəlxalq turizm marşrutuna çevrilməsi qərara alınıb. Layihə müzakirə edilib, gələcəkdə komissiya üzvlərinin də bu işdə maraqlı ola biləcəkləri qənaətinə gəlinib.