Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Kulinariya Mərkəzinin təşəbbüsü, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə gənc kulinarlar üçün ustad dərsləri təşkil edilib.
Noyabrın 18-də “Xanədan” restoranında 10 günlük ustad dərslərinin nəticələri müzakirə edilib.
Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Bakı peşə liseylərində Ümumdünya Kulinariya Təşkilatının təhsil komitəsinin işinin tələblərinə uyğun olaraq gənc kadrların hazırlanması məqsədilə keçirilən ustad dərslərinin nəticələrini açıqlayıb.
Məlumat verilib ki, gənc aşpazlara 8 usta texnoloq və 25 usta aşpaz məsləhət və tövsiyələr verib. Dərslərdə Bakı Turizm Peşə Məktəbinin və 5, 12, 18 nömrəli peşə liseylərinin bir neçə istedadlı gənci fərqlənib.
Bakı Turizm Peşə Məktəbinin direktoru Nilufər Kərimova belə tədbirlərin gənclərin püxtələşməsində əhəmiyyətini qeyd edib, AMKA-nın rəhbərliyinə, ustalarına və sponsorlara təşəkkürünü bildirib.
Mərasimdə 10 gün müddətinə keçirilən ustad dərsləri və hazırlanan yeməklərin videogörüntüsü nümayiş olunub.
Sonda qaliblərə, sponsorlara və media nümayəndələrinə diplomlar təqdim olunub.
Fariz Hüseynov