Plenar iclaslarda Azərbaycanın və dünya ölkələrinin teatr sənətinə nəzər salındı

Noyabrın 8-də IV Bakı Beynəlxalq Teatr Konfransının ikinci günü ilk plenar iclası moderatorlar Azərpaşa Nemət (Azərbaycan) və Violeta Podolskayte (Litva) idarə edirdi.

İlk çıxış edən Əli Xoşgöftari (İran) «Gənc nəslin tamaşaları ictimai hadisə kimi» adlı məruzəsinə videomaterialların nümayişi ilə başladı. Məruzə uşaq teatrı ənənəsinə həsr olunmuşdu. Ayrı-ayrı məktəb tamaşalarından epizodların nümayişindən sonra sözə başlayan məruzəçi bu məşğuliyyətin uşaq və yeniyetmələrin sosial-mədəni inkişafı, onların arasında istedadlıların seçilməsi, öz yaşıdları ilə ünsiyyətinin qurulması, xarakterlərindəki komplekslərin aradan qalxması baxımından əhəmiyyətini vurğuladı.
Rusiya Federasiyası Başqırdıstan Respublikasından gəlmiş Ayslu Sagitovanın çıxışı isə belə adlanırdı: «Rifkat İsrafilov - başqırd teatrının reformatoru». Sovetlər Birliyindəki xalqların teatr tarixinə bələd olanlar bilirlər ki, Rifkat İsrafilovun başdırd milli teatrının inkişafında, aktyor məktəbinin formalaşmasında rolu şəksizdir. Məruzəçi bu şəxsiyyətin fəaliyyətini elmi-tarixi rakursdan diqqətə çatdırdı.
Qazaxıstan təmsilçisi Qulnar Jumaseyitova 140-dan artıq xalqın və etnik qrupun yaşadığı, 800-dən artıq etnik-mədəni qurumun fəaliyyət göstərdiyi ölkəsində xoreoqrafiya sənətindən bəhs etdi. «Yüzlərlə mədəniyyətin yer aldığı dünyada qazax xoreoqrafiyasının milli özünəməxsusluğunun axtarışları» mövzulu məruzə maraqla qarşılandı.
İrandan daha bir iştirakçı Fatemeh Faridanın «Rəqəmsal teatrın mətn müəmması» məruzəsində yeni informasiya texnologiyalarının teatra gətirdiyi yeniliklərin klassik formalara qarşı çıxması, yeni metodların tamaşanın quruluşuna və aktyor ifasına gətirdiyi dəyişikliklər barədə söz açdı.
İrina Markezini (İtaliya) «Kantora qayıdış. İtaliya təcrübəsi» adlı məruzəsi isə bir zamanlar bütün dünyaya səs salmış Tadeuş Kantorun unikal tamaşa qoyuluşu ənənələrinə təkrar qayıdışa həsr olunmuşdu.
Özbəkistanı təmsil edən gənc alim Temur Rəşidovun «Mərkəzi Asiya mədəniyyəti və incəsənətində milli və regional identifikasiya problemləri» mövzulu məruzəsi də maraqlı araşdırma nümunəsidir. Çıxışçı milli mədəniyyətlərin regional və dünya mədəni ictimaiyyətinə inteqrasiyası mexanizmlərinin yaranmasında qloballaşma təmayüllərinin roluna aydınlıq gətirdi.
* * *
Fasilədən sonra Azərpaşa Nemət və Violeta Podolskaytenin moderatorluğu ilə iclas davam etdi.
Bu bölümdə Nərminə Ağayeva “Multikultural dəyərlər və mədəniyyətlərarası dialoq”, Vidadi Qafarov “Müasir Azərbaycan teatrının sosiologiyası multikultural dəyərlər aynasında” adlı məruzələrlə çıxış etdilər.
Çıxışlar zamanı qeyd edildi ki, ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşməsi mədəni müxtəlifliyinə şərait yaradıb. Multikultural dəyərlər Azərbaycanda hər zaman mövcud olub və Nizami Gəncəvidən üzü bu yana bir çox ədiblərin əsərlərində əksini tapıb. XX əsrin əvvəlində Bakı multikultural şəhər idi, bu, teatr sənətində də özünü göstərirdi. Bu gün Azərbaycan dünyada multikultural dəyərləri qoruyan stabil ölkələr sırasındadır. Mədəni innovasiyalar və dialoq həyatımızın zənginləşməsinə kömək edən teatr sənəti məkanında daha dolğun təsirə malikdir.
Vidadi Qafarov məruzəsində Azərbaycan teatrının multikultural mənzərəsini diqqətə çatdırdı. Bildirildi ki, 1921-ci ildə yaradılmış Azərbaycan Dövlət Rus Dram Teatrı, 1992-ci ildə əsası qoyulan Qusar Dövlət Ləzgi Dram Teatrı, eləcə də Qax Dövlət Gürcü Dram Teatrı fəaliyyətini davam etdirir.
Lela Oçiauri (Gürcüstan) “Tbilisidə Azərbaycan teatrı - keçmişi, bu günü, gələcəyi və inkişaf perspektivləri” mövzulu məruzəsində Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının 140 illik tarixinə nəzər saldı. Qeyd edildi ki, sovet dövləti tərəfindən 1947-ci ildə bağlanan teatr 2004-cü ildə yenidən fəaliyyətə başlayıb. Varlam Nikoladzenin rəhbərlik etdiyi teatrın repertuarında gürcü, Azərbaycan və dünya dramaturqlarının əsərləri yer alıb.
İnna Afanasyevanın (Rusiya) “Müasir teatrda immersivlik təcrübələri”, Anna Kurinnayanın (Ukrayna) “Müasir teatr sənətində festival formasının funksiyaları” və Aniko B.Naginin (Macarıstan) “Kalibanın epiloqu” məruzələri də maraqla qarşılandı.

Gülcahan
Lalə Azəri