Rusiyalı teatrşünas azərbaycanlı həmkarları və teatr yazarları ilə bir araya gəldi
Noyabrın 6-da IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində keçirilən növbəti seminar "Teatr teatrşünaslardan nə gözləyir?" adlanırdı.


Tanınmış rusiyalı teatrşünas Pavel Rudnevin azərbaycanlı həmkarları və teatr yazarları üçün keçirdiyi bu seminarı əslində Rusiyada müasir teatr tənqidinin vəziyyəti və kütləvi informasiya vasitələrində ciddi teatr yazılarına münasibət barədə məruzə də adlandırmaq olardı.
Məruzənin məğzinə keçməzdən əvvəl çıxışçı barədə qısa məlumat vermək istərdik. Teatr tənqidçisi və meneceri Pavel Andreyeviç Rudnev A.P.Çexov adına Moskva Akademik Bədaye Teatrı (MABT) bədii rəhbərinin köməkçisi, teatrın xüsusi layihələr üzrə Məktəb-studiyasının rektorudur. Teatrşünas olaraq müasir dramaturgiya üzrə ixtisaslaşıb. Müxtəlif nəşrlərdə yüzlərlə məqaləsi dərc olunub. Bir neçə kitabın müəllifidir.
Pavel Rudnev sözünə o yerdən başladı ki, əslində "Teatr teatrşünaslardan nə gözləyir" sualı bir qədər yanlışdır. Çünki teatr teatrşünasdan yalnız tərif gözləyir. Sadəcə, teatrşünaslar, xüsusən də teatr tənqidçiləri davamlı olaraq teatr prosesində özünü təsdiq etməlidir. Son dövrlərdə rus teatr tənqidçiliyi ciddi şəkildə zəifləyib və indən belə heç bir teatrşünas 20-30 il əvvəl olduğu kimi oxucu auditoriyasını yığa bilməyəcək. İstəsək də, istəməsək də, bu, belədir. Üstəlik, teatrşünaslara qonorar ödənilməməsi problemi də var.
Digər tərəfdən, teatrşünaslıq elitar məşğuliyyət sahəsi olmaq imtiyazını itirib, praqmatik olub: “Məncə, bu, müsbət haldır. Əslində, bu gün teatrşünaslıq ədəbiyyat, dramaturgiya ilə teatr arasında əlaqələndiricidir. Çünki teatr direktorlarının, rejissorların teatrşünas qədər mütaliə etmək imkanı yoxdur”.
Güclü teatr ənənələrinə, o cümlədən sanballı teatrşünaslıq məktəbinə malik Rusiyadakı çağdaş teatr prosesinə Pavel Rudnevin söhbəti ilə ekskursdan sonra seminara toplaşanlar ilə polemika başladı.
Qonağa Rusiyada teatrşünaslıq ixtisasına qəbul qaydaları, dərs proqramındakı dəyişikliklər, teatrla bağlı nəşrlər barədə suallar verildi. Onun bu yaxınlarda Konstantin Raykinin qurultayda bütün rusdilli teatrallara düşünmək üçün mövzu verən çıxışına münasibətini də soruşdular. Rusiyalı mütəxəssisin teatra kimin - aktyorun, rejissorun, yoxsa teatrı sevən, bilən və idarə etməyi bacaran menecerin rəhbərlik etməsi barədə onun fikirləri də maraq doğururdu.
Təxminən iki saat davam edən seminar-polemika iştirakçılarda postsovet məkanındakı oxşar taleli ölkələrdə teatr prosesinin də oxşar olduğu qənaətini yaratdı. Amma buna başqa bir tərəfdən yanaşmaq da olar: əgər oxşar situasiya yaranıbsa, deməli, həmin situasiyalardan çıxış yolu təcrübəsindən bəhrələnmək mümkündür.

Gülcahan