Sumqayıt Dövlət Dram Teatrının yenidən qurulmuş binasında yeni mövsümün açılışı

Noyabrın 22-də Sumqayıt Dövlət Dram Teatrının əsaslı təmir və yenidən qurulmasından sonra 48-ci teatr mövsümünün təntənəli açılışı oldu.
Sumqayıta şəhər statusu verilməsinin 67-ci ildönümünə təsadüf edən mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, şəhər rəhbərliyi, mədəniyyət və ictimaiyyət nümayəndələri, Bakıdan gəlmiş sənət adamları iştirak edirdi.


Nazir Əbülfəs Qarayev əvvəlcə şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ilə yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin abidəsini ziyarət etdi, abidə önünə gül dəstəsi qoydu. Mərkəzlə tanış olan nazir burada fəaliyyət göstərən dərnəklərin məşğələ otaqlarına baş çəkdi.
Sonra Əbülfəs Qarayev Sumqayıt Dövlət Dram Teatrının binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılmış şəraitlə, məşq və qrim otaqlarındakı vəziyyətlə tanış oldu.
Teatrın foyesində nazir jurnalistlərin suallarına cavab verdi.
Sumqayıt sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edən Əbülfəs Qarayev dedi: “Bu gün Sumqayıt şəhər günündə mədəniyyət bayramıdır. Sumqayıt Dövlət Dram Teatrı qısa müddətə tam bərpa və təmir edildikdən sonra yenidən işə başlayır. 48-ci mövsümünü açan Sumqayıt teatrının ölkəmizin teatr şəbəkəsində öz yeri var. Azərbaycan teatrının bir çox görkəmli simaları sənətdə ilk addımlarını bu teatrda atıblar. Bir neçə il əvvəl ölkə başçısının sərəncamı ilə bu bina Sumqayıt teatrına verildi. Lakin bina artıq fiziki cəhətdən teatrın tələblərinə cavab vermirdi. Şəhər İcra Hakimiyyəti tərəfindən qısa müddətdə bina nümunəvi teatr binası səviyyəsində təmir edilərək kollektivə təhvil verildi. Əminəm ki, biz tezliklə bu teatra yeni və maraqlı tamaşaları seyr etməyə gələcəyik”.


"Sumqayıt ölkənin bütün turizm marşrutlarına daxildir"

Nazir Sumqayıtın turizm potensialını artırmaq üçün işlərin görüldüyünü də bildirdi: “Sumqayıtın siması gündən-günə dəyişir, gözəlləşir. Bakının yaxınlığında belə gözəl, müasir və böyük şəhərin olması bizim üçün önəmlidir. Şəhərdə əhalinin asudə vaxtının təşkili, şəhərin mədəni həyatını yaxşılaşdırmaq baxımından böyük işlər görülür. Bilirsiniz ki, cənab Prezidentin tapşırığı əsasında ölkəmizdə bir neçə turizm zonası yaradılır ki, Sumqayıt ən iri turizm zonasına daxildir. Burada müasir hotellərin tikilməsi, istirahət məkanlarının yaradılması ilk növbədə görüləcək işlərdir. Sumqayıt ölkənin bütün turizm marşrutlarına daxildir. Bakıya gələn qonaqlar Sumqayıta da gəlirlər”.
Nazir Sumqayıt ərazisinə daxil olan tarixi abidələrin bərpasının da diqqət mərkəzində olduğunu dedi. O cümlədən Corat qəsəbəsində qədim hamamın konservasiyası nəzərdən keçirilir. Bildirildi ki, ölkə ərazisində 7 minədək tarixi abidə siyahıya alınıb. Müvafiq dövlət proqramına əsasən, həmin abidələrin bir qismi bərpa ediləcək, bir qismi isə konservasiya olunacaq. Coratda və Abşerondakı digər tarixi abidələrin, qədim ziyarətgahların bərpası və qorunması bu işlərə daxildir.

Təbriklər, təltiflər, bir də "Hacı Qara"

Sumqayıt Dövlət Dram Teatrının 48-ci mövsümünün açılış mərasimində əvvəlcə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov səhnəyə çıxdılar.
Zakir Fərəcov mərasim iştirakçılarını salamlayaraq Sumqayıt şəhərinin 67 yaşı münasibətilə şəhər sakinlərini, teatr mövsümünün açılışı münasibətilə teatr xadimlərini təbrik etdi.
Bildirdi ki, teatrın yerləşdiyi bu bina 1957-ci ildə Sintez kauçuk zavodunun Mədəniyyət evi kimi istifadəyə verilib. 1967-ci ildə Sumqayıtda teatr yaradılması barədə qərar veriləndə kollektiv bu binada fəaliyyətə başlayıb. Ötən illər ərzində Sumqayıt teatrı böyük sənət yolu keçib. Lakin bina yalnız bir neçə il əvvəl teatrın balansına verildi, üstəlik, tikildiyi vaxtdan heç vaxt əsaslı təmir edilməmişdi. Bina zirzəmisindən dam örtüyünədək yenidən quruldu, maddi-texniki bazası təzələndi.
İcra başçısı onu da dedi ki, bu ilin sentyabr ayında Prezident İlham Əliyev binanın açılışında iştirak edib və xeyir-dua verib. Bu gün isə biz teatr mövsümünün açılışını edirik.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təxminən dörd-beş ay görmədiyi Sumqayıtda şəhərin girişində, baş çəkdiyi mədəniyyət obyektlərində yeniliklərlə, abadlıqla qarşılaşdığını deyərək, bu gözəlliyin və abadlığın uğrunda zəhmət çəkən bütün insanları alqışladı: “Ölkə Prezidentinin bütün respublikada, hər bir sahədə apardığı quruculuq siyasətinin bəhrəsi Sumqayıtda da hiss olunur. Bütün bunlar Azərbaycan vətəndaşları üçündür. Bu gün 48-ci mövsümünü açan teatrın tamamilə yeniləşmiş binası da bu siyasətin nəticəsidir. Teatr cəmiyyəti irəli aparan qüvvədir, teatr cəmiyyətin aynasıdır”.
Vurğulandı ki, Sumqayıt teatrı illərlə ayrı-ayrı təşkilatlara məxsus binalarda çalışıb, onun öz binası olmayıb. Cənab Prezidentin sərəncamı ilə bu bina Sumqayıt teatrına verildikdən sonra dərhal burada təmir-bərpa işləri başlandı.

Nazir Sumqayıt Dövlət Dram Teatrının kollektivinə xitabən dedi: "Belə bir binada, bu cür şəraitdə maraqsız, zəif tamaşalar nümayiş etdirmək olmaz. Bu teatrda yüksək zövqə cavab verən tamaşalar oynanılmalıdır. Yaradıcı kollektivə uğurlar diləyirəm. Bu gözəl məkanda əsl yaradıcı mühitin formalaşması vacibdir. Əminəm ki, Sumqayıt sakinləri teatra böyük maraq göstərəcək, biz salonda boş yerlər görməyəcəyik. Bu gün Azərbaycan mədəniyyəti tamamilə yeni bir səviyyədə, yeni bir müstəvidə dünyada tanınmaqdadır. Bu proses davamlı olaraq irəliləyəcək. Biz müxtəlif beynəlxalq layihələr həyata keçiririk. Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında dəyərli layihələr Azərbaycan mədəniyyətini dünyaya tanıtdı. Bu yolda Sumqayıt teatrının kollektivinə böyük uğurlar diləyirəm".
Çıxışlardan sonra Mədəniyyət və Turizm Nazirliyi kollegiyasının qərarı ilə Sumqayıt şəhərindəki mədəniyyət-istirahət ocaqlarında, teatrda çalışan 7 nəfər “Fəxri mədəniyyət işçisi" döş nişanı ilə, 5 nəfər isə nazirliyin fəxri fərmanı ilə təltif edildi.
Sonra Sumqayıt şəhərinin ictimai həyatında fəal iştirakına görə müxtəlif sahələrdə çalışan 24 nəfər mədəniyyət, təhsil və səhiyyə işçisi, mühəndis və sahibkara şəhər İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edildi.
Respublikanın Əməkdar artisti Namis Şirməmmədov teatr kollektivi adından qonaqları salamladı.
Rəsmi açılış başa çatandan sonra salona toplaşanlar Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasının ilk tamaşasına baxdılar. Ölməz komediyaya teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı sənətşünaslıq namizədi Telman Qəniyev, baletmeysteri isə Vüsal Mehrəliyevdir. Maraqlı quruluşda təqdim edilən tamaşada əsas rolları əməkdar artistlər Cəlal Məmmədov, İlahə Səfərova, aktyorlar Akif Mirzəyev, İlham Səfərli və başqaları ifa edirdilər.

Gülcahan